03.11.2025 14:20
Bizə zərər vermək istəyənlərə layiqli cavab verməliyik - Əliyev
“Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, “mainstream”in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib.
Prezident bildirib ki, bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır:
“Biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Yəni, bəlkə də geniş ictimaiyyət bunu yaxından izləmir. Ancaq biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Ona görə təsadüfi deyil ki, artıq bir müddət bundan əvvəl bizim hökumət strukturunda nazirliyə “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” adı verilmişdir və bu istiqamətdə də addımlar atılır. Azərbaycan alimlərini burada yenə də fəal olmağa dəvət edirəm”.
“Digər vacib məsələ kibertəhlükəsizliklə bağlıdır. İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, yəni, virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu gün həm müharibələrin deməli aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Ona görə kibertəhlükəsizliklə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Əlbəttə ki, eyni zamanda, bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik”, - dövlət başçısı qeyd edib.
Xəbər 662 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|