28.11.2025 12:52
İranın iştirak etdiyi heç bir layihəyə Azərbaycan qatılmamalıdır – TƏHLİL
Ərdəbildə Expo-2025 investisiya sərgisi keçirildi. Bu tədbir üçün “Səhər-Azəri” kanalında xüsusi reklam kampaniyası aparıldı. Ərdəbildəki studiyadan yerli rəhbərliyin canlı verilişləri yayımlandı. Bu verilişlərdə, xüsusən də son üç gündə Ərdəbildə investisiya konfransında iştirak edən xarici ölkə nümayəndələri haqqında demək olar ki, heç bir məlumat verilmədi. İran cəmiyyətində tanınan, müəyyən müddət “Səhər-Azəri” kanalının Tehrandakı rəhbəri olmuş Abdulla Bəhrul Ulumi mövzuya bir neçə dəfə toxunsa da, dəvət olunan rəsmi şəxslər bu barədə əlavə məlumat paylaşmadılar.
Axşam proqramına deputat Əhəd Byute qonaq kimi qatılmışdı. O yalnız Çindən gələn nümayəndələrlə görüşdüyünü bildirdi və bununla Çin heyətinin iştirak etdiyi bəlli oldu.
Danışığından da görünürdü ki, Çin nümayəndələrinin sualları müəyyən şübhələrə əsas yaradır. Çin İrandakı vəziyyəti yaxşı tanıyır, görünür Ərdəbildə ilk dəfə olduqları üçün bu cür suallar ortaya çıxıb və alınan cavablar daha çox pessimizm doğurur. Verilişdə Azərbaycan Respublikasının adı cəmi bir dəfə çəkildi – III günün ən sonunda Ərdəbilin logistika imkanlarından danışılarkən “Azərbaycana dəmir yolu çəkiləcək” tipli fikir səsləndirildi.
Ərdəbil Expo-2025 investisiya konfransının təşkilatçılarının səylərinə baxmayaraq, tədbir çağırılan qonaqlarla mübahisə və narazılıq mühitinə çevrildi. Bunun əsas səbəbi isə Azərbaycandır. Prezident Məhəmməd Pezeşkianın Ərdəbilə səfərinin məqsədi Azərbaycanla birgə Biləsuvar Azad İqtisadi Zonasının yaradılmasını müzakirə etmək idi və konfransın mahiyyəti də əsasən buna yönəlmişdi. Azərbaycana istiqamətlənmiş bu təşəbbüs gündəmə gələn kimi İran yenidən anti-Azərbaycan kampaniyasını aktivləşdirdi. Hətta Xəzərdəki Azərbaycan yataqlarını bombalamaq fikri ortaya atıldı, əvvəlki gərginliklər yada salındı. Ali rəhbərin təlimatı ilə Sepahın keçmiş komandanı, etnik azərbaycanlı Möhsün Rzayi Azərbaycan və BƏƏ ərazilərini İrana qatmaq təklifini irəli sürdü. “Bakuvi ostanı” ideyası gündəmə gətirildi, BƏƏ-nin təkcə üç adasının deyil, həmin adaların ətrafındakı daha iki adanın da İrana birləşdirilməsi fantasiyası dilə gətirildi. Bunlar Azərbaycanın hərbi gücündən duyulan qorxunun nəticəsidir. Son hərbi paradda Azərbaycanın Türkiyə, Pakistan və BƏƏ ilə birgə iştirakı İran rəhbərliyində ciddi narahatlıq yaradıb.
Bir tərəfdən Azərbaycanı Ərdəbilə investisiya qoymağa dəvət edən İran, digər tərəfdən anti-Azərbaycan təbliğatını gücləndirməklə məşğuldur. Sabah Azərbaycandan gələcək investisiyaların sadəcə olaraq azərbaycanlı iş adamlarının “çox pul qazanması” bəhanəsi ilə repressiyalara hədəf ola biləcəyi ehtimalı böyükdür. İran bu kimi vəziyyətlərdə Azərbaycanı separatçılıqda ittiham edə, “Ərdəbil camaatının Azərbaycan Respublikasına meylinin artması” kimi arqumentləri manipulyasiya edib geniş planlar həyata keçirməyə çalışa bilər.
Ərdəbil konfransı ətrafında baş verənlərin Azərbaycan cəmiyyətinə daha geniş izah olunmasına ehtiyac var. Konfrans günlərində İranın ali rəhbəri öncədən elan edilmədən xalqa müraciət yaydı. Müraciətin əsas mövzusu nə M.Pezeşkiana dəstək, nə də dövlətçiliyin müdafiəsi idi. Görünür, ABŞ-da kimsə İranın yenidən Vaşinqtona müraciət etdiyi və ya ABŞ-ın Tehrana nəsə göndərdiyi barədə məlumat yaymışdı. Əli Laricaninin “İran ABŞ-la nəticəsi məlum olmayan danışıqlara gedə bilər” fikrinin Ali rəhbərə fərqli təqdim olunduğu güman edilir. Eyni vaxtda Abbas Əraqçının Fransada olması da şübhələri artırıb. Ali rəhbərin ətrafı düşünə bilər ki, Əraqçı ölkədən kənarda gizli danışıqlar aparır. İran daxilində onun bütün addımlarını nəzarətdə saxlamaq mümkün olsa da, xaricdə bu imkan məhdudlaşır. Bu səbəbdən ali rəhbər həm Ə.Laricaniyə, həm də Ə.Əraqçıya cavab olaraq “böyük cinayətlər törətmiş ABŞ-la danışıqların mümkünsüzlüyü”nü yenidən vurğuladı və qeyd edilən məsələlərin ilk sırasında Qəzza mövzusu dayanırdı.
Qəzza ilə bağlı İranın mövqeyində də ziddiyyət çoxdur. İran Qəzzadakı soyqırımı bayraq edir, lakin burada iki əsas istiqamət diqqət çəkir:
I. Qəzza müharibəsinin başlanmasında İranın rolu açıqlanmalıdır. Niyə ABŞ və İsrail Qəzza müharibəsinin başlanmasını BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmır? Ola bilsin, bu ölkələrin İranla hansısa razılaşması var.
II. İran sərhədinə yaxın müsəlman ölkəsi olan Azərbaycanda Xocalı soyqırımını tanımır, əksinə Xocalını törədənlərə yardım edir. Özündən min kilometrlərlə uzaqda iştirak etdiyi soyqırımı Azərbaycana qarşı istifadə etməyə çalışır. Bu məqamlar İran tərəfindən aydın şəkildə izah edilməlidir.
Paradoksal faktlardan biri də budur ki, Azərbaycanla iqtisadi əməkdaşlığı tələb edən İran Araz koridorunun Azərbaycana uzunmüddətli icarəyə verilməsini rədd edib. Bu, İran üçün qorxulu ssenari kimi görünür. Əgər İran “Tramp koridoru”nun əleyhinədirsə, həmin marşrutu əhəmiyyətsiz etmək üçün Araz koridorunu Azərbaycana vermək daha rasional addım olardı. Araz koridorunun 100 illik icarəyə verilməsi Azərbaycanın “Tramp koridoru”ndan istifadə etməsindən daha sərfəlidir.
Əlbəttə, Ərdəbilin özünəməxsus gözəlliyi, mədəni dəyəri var. İranın indiki elitasının “qonağı dəvət edib, sonra da onu aşağılaması” artıq adətə çevrilib. Əhəd Byute çıxışlarında Ərdəbili təriflədi və doğrudan da Ərdəbil tərifəlayiq şəhərdir. Amma Ərdəbilin sahibi yalnız özlərini hesab etmələri, başqalarına mentor tərzi ilə yanaşmaları qəbuledilməzdir.
Dünya miqyasında ticarət karvanlarının qorunması və sığortalaması ilə bağlı ilk qərarın Şah İsmayıl Xətai tərəfindən verilməsi çox mühüm faktordur. Ərdəbildə özlərini Şah İsmayılın nəvələri hesab edənlərin “Səfəvinin nəvələri” anlayışını saxtalaşdırmağa çalışanlara imkan verməməsi lazımdır. Şah İsmayılın dini irsi də İslam inqilabı nəticəsində ciddi şəkildə dəyişdirilib. Onun gətirdiyi şiəlik bugünkü İranda deformasiya olunmuş vəziyyətdədir və bu irsin bərpasına çalışmaq faydalıdır. Ərdəbildə buna güc çatmırsa, Azərbaycanda və dünyanın digər bölgələrində yaşayan Ərdəbil kökənlilərlə əməkdaşlıq edilə bilər.
Ərdəbil-Təbriz zarafatlarının indi də davam etməsi mümkündür; görünür ərdəbillilər Tehranda hakimiyyətin əsasən təbrizlilərin əlində olduğunu nəzərə almırlar. Bunun cavabı isə budur ki, ərdəbillilər yerli səviyyədə hakimiyyəti ələ almalı, sağ və solda yerləşən iki ostanı özlərinə birləşdirərək Azad İqtisadi Zona yaratmalıdırlar. Təbrizin müəyyən sahələrində isə ərdəbillilər təmsil olunmalıdır.
İndi münasib fürsətdir. Təbrizlilər hazırda Azərbaycanda “divə qalib gələn Cırtdan” obrazını qoyun-quzu çobanına çevirməklə məşğuldurlar. İranda xəstə düşüncəli farslar “Cırtdanın divə qalib gəlməsini Azərbaycanın İrana qalib gəlməsi” kimi yozurlar. Mövzu çox mürəkkəbdir və mənimsəməyə gücləri çatmır. Elə bir ssenari də qurublar ki, guya Cırtdanı İra ilə “evləndirmək” lazımdır və sonra Cırtdan İranı devirməlidir.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 924 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|