İsveç Azərbaycanlıları Koordinasiya Şurasının keçmiş rəhbəri, diaspor fəalı İradə Əliyeva Söderberq facebook profilində İsveç dilində Azərbaycan hakimiyyətini sərt şəkildə tənqid edib.
2019-cu ildən Diasporla İş üzrə Dövlət Komitəsinin İsveçdəki
“etibarlı və ən yaxın” tərəfdaşı kimi tanınan İ.Əliyeva hətta komitə sədri Fuad Muradov tərəfindən diaspor fəaliyyətinə görə medalla da təltif olunub. Maraqlısı budur ki, diaspor fəalı bəyanatında qeyd edib ki, koordinator olduğu dövrdə də
"Azərbaycandakı diktator rejiminə" qarşı mübarizə aparıb. Xanım Əliyeva hətta rejimə o qədər qəzəblidir ki, Komitədən aldığı medalı da geri qaytarmaq istəyir.
“Elə ürəkli adamsan medalı gətir, Bakıda qaytar”, - deyə Komitədən ona bildiriblər. İ.Əliyeva statusunda Bakıya getməkdən qorxduğunu qeyd edib.
Maraqlıdır, Diaspor Komitəsinin uzun illər işbirliyində olduğu, sifarişlərini yerinə yetirtdiyi xanım “rejimlə” hansı mübarizəni aparırmış? Onu narazı salan nə imiş? Bəs ölkəmizdəki idarəçiliyi “diktator rejimi” adlandıran xanımla Diaspor Komitəsi niyə uzun illər əməkdaşlıq edib, onları birləşdirən hansı maraqlar olub?
Olmaya İradə Əliyeva Avropadakı anti-Azərbaycançı qüvvələrin diasporumuzun arasına sızdırılmış "stingeri"dir. Belədirsə onda toyun(m)uz mübarək!
Vaxtilə Komitənin rəsmi youtube kanalında geniş müsahibəsi yayımlanan, tədbirlərdə əlahəzrət sədrlə yan-yana poz verən xanım Əliyevanın dönüklüyünün səbəbi nədir? Münasibətlər qəfildən niyə 180 dərəcə dəyişib, anlaşma niyə pozulub? Xanım Əliyevanın təminatmı kəsilib, yoxsa yeni-yeni “tərəfdaşlar” meydana çıxıb və yaxud da İsveçdəki Koordinasiya Şurasına yeni təyinatı həzm edə bilməyib?
İradə xanımın statusunun arxasında Avropada yerini möhkəmləndirmək üçün bir “tryuk” olub-olmadığını dəqiq deyə bilmirik. Baxmayaraq ki, onun bəyanatından sonra səbəb kimi bu arqumenti göstərənlər də var. Halbuki, xanım Əliyeva Söderberq Jönköpinq region parlamentinə seçkilərdə 4 dəfə qalib gələn siyasətçi olduğu üçün (20 ildən çoxdur İsveçdə yaşayır) belə bir problem yaşaya bilməz.
Yox əgər iddia olunduğu kimidirsə, medaldan imtinanın və ölkəmizi “diktator rejimi” adlandırmaq məqsədinin işinə yarayıb-yaramayacağını yəqin ki, yaşayıb görəcəyik.
Amma burada bir məsələ də diqqətimizi çəkir: Komitənin ölkəmizi təmsil və təbliğ edən “etibarlı tərəfdaş” seçimində siyasətinin yanlışlığı göz önündədir. Son dövrlər bir neçə ölkə və şəxsin təcrübəsində bunu açıq-aydın müşahidə edirik.
Əlbəttə, cavabsız suallar çoxdur. Məsələn, rejimi “diktator” adlandıran xanımla Komitə uzun illər hansı məntiq və məqsədlə əməkdaşlıq edib? Bu azmış kimi hələ üstəlik, yaxasına medal da taxıb. Hansı ki, İradə xanım “diktator rejimi” adlandırdığı ölkənin medalını dünənə qədər yaxasında fəxrlə gəzdirib və buna görə də Komitə tərəfindən müəyyən təminatı da olub.
Nəzərə alaq ki, Komitə fəxri adla, medalla hər diaspor fəalını da təltif etmir. Mütləqdir ki, Fuad Muradova biət edəsən. Biət etməyənlər Vətənin daşı yox, torpağı da olsa nəinki medal, tam tərsinə - təzyiqlərə belə məruz qalırlar. Vətəni uğrunda yaşadığı ölkədə sözümüzü deyən o qədər medalsız - adsız qəhrəmanlarımız var ki...
Təəssüf ki, xaricdə lobbiçiliyimizin zəif olmasının əsas səbəblərindən biri də bu cür yanlış seçimlərdir. Bu yanaşmanın acı nəticələrini isə məmur- mütləqlər deyil, Vətənimiz Azərbaycan çəkir.
Hazırda xanım Əliyevanın məlum statusunu İsveç mediası geninə-boluna tirajlayır. Azərbaycan isə özündən müştəbehlərin yanlış seçimləri və təyinatları səbəbindən daha bir ölkədə rəzili-rüsvay olmaqda davam edir. (
https://www.etc.se/inrikes/s-politiker-samordnar-haardfoera-diktaturens-moeten-i-sverige)
Nə etməli, dərdi kimə söyləməli, qazan daşır, üfləyənin kəpkiri yox...
XəzərNews.az
Xəbər 681 dəfə oxunub.