Ukraynada səfərdə olan Dini və Ənənəvi Sülhməramlılar Şəbəkəsinin icraçı direktoru, ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) komissarı Mohamed Elsanousi Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Elşad İbrahimov ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, görüşdə Ukraynada yaşayan dini və milli azlıqların vəziyyəti, onların cəmiyyətə inteqrasiyası və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi müzakirə olunub.
UABD-nin həm Azərbaycan, həm də Ukrayna xalqları arasında mədəni, humanitar və mənəvi körpü rolunu oynadığını qeyd edən E.İbrahimov azərbaycanlıların uzun illərdir yerli cəmiyyətin ayrılmaz hissəsinə çevrildiklərini və ölkənin multikultural dəyərlərinə sadiq qaldıqlarını bildirib. E.İbrahimov qeyd edib ki, azərbaycanlılar müsəlman olaraq dini inanclarını və ibadətlərini azad formada yerinə yetirirlər:
“Ukrayna dövləti dini azadlığa hörmətlə yanaşır və müxtəlif konfessiyalar arasında qarşılıqlı anlayış və dinc birgəyaşayış mühiti mövcuddur. Bu isə həm Ukrayna, həm də Azərbaycan üçün nümunəvi bir tolerantlıq modelidir”.
UABD sədr müavini qeyd edib ki, diaspora üzvləri təkcə dini bayramların deyil, həm də milli və mədəni tədbirlərin təşkilində fəal iştirak edirlər. O vurğulayıb ki, 2022-ci ildən başlayan müharibə şəraitində azərbaycanlı icma həmrəylik və yardımlaşma ruhunu qoruyub saxlayıb:
“Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamları və xeyriyyəçilər əsgərlərə tibbi, humanitar və sosial dəstək göstərməklə həm Ukrayna xalqına, həm də insanlıq dəyərlərinə sədaqətlərini nümayiş etdiriblər”.
E.İbrahimov, həmçinin Ukraynanın ərazi bütövlüyü uğrunda həlak olan azərbaycanlıların nəşlərinin vətənə yola salınmasında göstərilən dəstəyi və Ukraynanın müxtəlif vilayətlərində dəfn olunan soydaşlarımız üçün müsəlman dini qaydalarına uyğun mərasimlərin təşkili istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, bu addımlar yalnız dini borc deyil, həm də imanın, insaniyyətin və milli mənsubiyyətin təcəssümüdür.
Sədr müavini görüş zamanı diasporun Ukraynada həyata keçirdiyi sosial, mədəni və humanitar layihələri əks etdirən foto-albomu qonaqlara təqdim edib. Albomda diaspor üzvlərinin müxtəlif dövrlərdə təşkil etdikləri xeyriyyə aksiyaları, iftar süfrələri, dini və milli bayram tədbirləri, həmçinin müharibə dövründə göstərilən yardımlar öz əksini tapıb.
ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) komissarı Mohamed Elsanousi görüş təkcə Ukrayna azərbaycanlı diasporunun fəaliyyəti ilə tanışlıq deyil, həm də dini tolerantlıq, multikulturalizm və beynəlxalq sülh dəyərlərinin bir daha təsdiqi kimi qiymətləndirib. O, qeyd edib ki, dinlər və mədəniyyətlər arasındakı körpülər insanlığı birləşdirən, xalqları yaxınlaşdıran ən güclü vasitədir:
“Bu, həm də imanın sərhədləri aşan universal dəyər olduğunu bir daha sübut etdi - insan harada yaşamasından asılı olmayaraq, mərhəmət, ədalət və sülh prinsipləri onun ruhunu birləşdirir”.
Görüşdə həmçinin dünyanın 12 ölkəsində fəaliyyət göstərən Finlandiyanın ən böyük humanitar təşkilatı - Finlandiya Kilsə Yardımı (Finn Church Aid) qurumunun rəhbərləri və əməkdaşları iştirak ediblər. Onlar da müxtəlif dinlər və xalqlar arasında mərhəmət, dialoq və qarşılıqlı hörmətin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, UABD-nin mərkəzi qərargahında tez-tez Ukrayna dövlət qurumları, parlamentarilər və hətta xarici qonaqlarla rəsmi görüşlər keçirilir. Bir neçə gün əvvəl Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin rəhbəri Viktor Yelenski UABD sədri Hikmət Cavadla görüşüb.
Xəbər 1522 dəfə oxunub.