MDB ərazisində qarşılıqlı əlaqə, koordinasiya və bəlkə də müəyyən qədər də inteqrasiya proseslərinə ehtiyac var. Rusiya rəhbərliyində bu prosesi görmürlər. Bir qrup SSRİ-nin dağılmasını qeyri-qanuni olduğunu bildirsə də digər daha böyük rəsmilər MDB ölkələri vətəndaşlarının Rusiya ərazisinə gəlməsinə maneçilik törədir, faciəlisi isə RF rəhbərliyinin elan etdiyi siyasətə rəğmən bir qrup MDB məkanında olan miqrantları xüsusi amansızlıqla incitməklə məşğuldur. MDB məkanında miqrant Rusiya üçün təkcə hamıya bəlli olam anlamda pul, qazanc gətirən deyil, həm də konkret miqrantların rus dilini öyrənməsindən də RF dövləti vəsait qazanır.
Rusiyanın indiki rəhbərliyinin dövründə MDB məkanında aparılan siyasəti 3 qrupa bölmək olar:
1. İnteqrasiya.
2. Qazanc tərəfdarları.
3. Keçmiş SSRİ xalqlarını Rusiyadan aşkar incitməyin tərəfdarları. Sonuncu bu iki proses bəlkə də Qərbin apardığı siyasət ola bilər.
Qərbdə yaşamaq (daimi və ya köçəri) istəyən rus elitasının Moskvada təmsilçiləri hədsiz çoxdur. Qərbin sifarişlərini asanlıqla icra edirlər.
SSRİ-nin MDB-yə keçid mərhələsi
SSRİ-nin MDB-yə keçid mərhələsi Qərbin kurasiyası altında idi. B.Yeltsin MDB məkanı ilə birlikdə Rusiyanı Qərbə təhvil vermək istəyirdi. O dövrdə Çernomırdini Baş nazir vəzifəsindən uzaqlaşdırıb, əvəzinə Qaydar-Çubays dəst-xəttindən olan şəxsləri baş nazir təyin etməsi də buna xidmət edirdi. Nemçov, Kiriyenko və s. neçə belə adamlar Rusiyada Baş nazir işlədilər. Onlar Rusiyanı Qərbə təhvil vermək gücündə olmadıqları üçün Yeltsin axtarışda idi və V.Putinin üstündə dayandı. V.Putinin əvvəlki namizədlərdən fərqi onun ailəsi ilə birlikdə Qərbdə yaşaması idi. B.Yeltsinin gözünə ailəsi ilə birlikdə Qərb dəyərlərin qəbul edən adam kimi göründü.
SSRİ-nin MDB dövründə ümumi görüntüsündə unudulan çox vacib detal, müsəlman və yaxud türk mənşəli şəxslərin SSRİ-nin rəhbərliyində oynadığı roldur. Heç kəsə sirr deyil ki, ərəb coğrafiyası soyuq müharibə subyektinə çevrilən kimi o regionda SSRİ-nin siyasəti geriləmədi, əksinə Qərbin siyasətini üstələdiyi dövr də oldu. Bu o zaman Özbəkistanın birinci katibi, rəhmətlik Şərəf Rəşidovun uzunmüddətli, titanik zəhmətinin hesabına baş verdi. Rəhmətlik İslam Kərimov da məhz bu fonda Kremldə mərkəzi rəhbərlikdə yüksəlirdi. SSRİ MDB-yə çevrilmək ərəfəsində olduğu üçün belə siyasətə ehtiyac qalmamışdı.
N.Nazarbayevin SSRİ-nin MDB-yə çevrildiyi dövründə B.Yeltsinin dağıdıcılığı qarşısında inteqrə variantlar axtarışı unudulmamalıdır, hətta dəyərləndirilməlidir. SSRİ-nin şərq istiqamətində siyasətində ən təsirli rolu olanlardan biri də Ulu Öndər H.Əliyev idi.
İran İslam inqilabı SSRİ-nin İran istiqamətində apardığı siyasətə ABŞ-ın verdiyi cavab idi. O siyasəti o vaxt Ulu Öndər H.Əliyev idarə edirdi. Tək İran deyil, İraq, Suriya və s. digər istiqamətlərdə gedən siyasətlər Ulu Öndər H.Əliyevin kurasiyasında idi. Cənubi Qafqaz ümumilikdə Ulu Öndər H.Əliyevin nüfuz zonasına aid idi. MDB dövründə də Şimali Qafqazdakı proseslərin dağıdıcılığnın dayandırılması daha çox Ulu Öndər H.Əliyev və onun oğlu İ.Əliyevin adı ilə bağlıdır.
Bu gün Özbəkistan ərəb dövlətlərinin heç biri ilə birbaşa coğrafi təmasda deyil. İslam inqilabı etmiş İran SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası ilə həmsərhəd oldu və hazırda da Azərbaycana qarşı həmin İslam inqilabı prinsipləri ilə yaşayır. Azərbaycana qarşı düşmənçilik birinci yerdədir.
İndi də SSRİ-nin idarəçiliyində SSRİ-dən MDB-yə varislik anlayışı yoxdur, yalnız Rusiya tərəfindən kordinə olunur.
ABŞ özünü II Dünya Müharibəsində qalib elan edib
SSRİ-nin qlobal miqyasda ən böyük uğuru II Dünya Müharibəsini udması idi. Qərb SSRİ-nin ən böyük nailiyyətini Rusiyanın əlindən çıxardı. ABŞ artıq özünü II Dünya Müharibəsində qalib elan edib. Avropa dövlətlərinin də əksəriyyəti ona xilaskar kimi baxır. Hətta Çin özünü II Dünya Müharibəsinin qalibi elan etmək kursuna başlayıb. Rusiya enerjisinin böyük istiqamətini keçmiş SSRİ xalqlarını incitməyə yönəldib. Bütün qüvvələri qələbənin SSRİ-yə məxsusluğunu müdafiə üçün aktual deyil. SSRİ dövründə və ondan sonra da bir neçə dəfə SSRİ-də qələbədə müstəsna rolu olanlara, şəhər miqyasında bəzilərinə Rusiya reaksiya versə də SSRİ-nin qələbəsində Azərbaycanın neftinin rolunu inkar etdilər.
Bu linklərdə olan yazılarla tanış olan normal düşüncəli şəxs az qala şoka düşür.
https://tass.ru/ekonomika/24429005,
https://ria.ru/20250703/but-2026922344.html
https://tass.ru/ekonomika/24428363,
https://ria.ru/20250703/poteri-2026852474.html
Rusiya hələ onunla müharibə aparan, Ukraynaya dəstək verən dövlətlər istiqamətində belə sistemli yanaşma nümayiş etdirməyib.
Görünür uzun müddət bir yerdə olmağımız, dostluğumuz Rusiyanın elitasında müəyyən qrupu bezdirib. Moskvada Ulu Öndər H.Əliyev günü elan olundu, Prezident İ.Əliyevin də səfərləri həmişə emosionallıq yaradıb. Bəlkə də gürcü və ermənilərlə daimi təmasda olan rus elitası Azərbaycandan ötrü darıxmışdı deyə belə emosionallıq göstərirlər. İndi tam tərsinə işlədi.
Rusiya ekspertlərinin fikirlərinə baxanda onlara çox əziyyət çəkməməyi tövsiyə etmək istəyirsən: 2022-cü ilin fevralın 22- də Rusiya ilə Azərbaycan arasında imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik və qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin ləğvini qaldırsınlar. Bu yolla hərbi, siyasi, iqtisadi və.s bütün əlaqələr sıradan çıxacaq.
Kim kimə daha çox vacibdir
Azərbaycan Rusiya üçün hədsiz vacib dövlətdir. Bu vacibliyin orijinallığına görə Rusiya da Azərbaycan üçün çox vacibdir. Rusiyanın ən aktual mövzuları bu gün Yaxın Şərq regionunda həll olunur. RF tərəfindən baxdıqda Yaxın Şərqin qapısı Azərbaycan görünür. B.Yeltsin Azərbaycanı blokadaya saldı, Ulu Öndər H.Əliyevə görə Azərbaycana təzyiqlər etdi. Ümumi qonşuluq prinsipinə görə Azərbaycan Şimali Qafqazda gedən proseslərdə Rusiyaya hədsiz kömək etdi. Azərbaycan olmasaydı, Şimali Qafqaz indi Rusiyada deyildi. Hazırda da Şimali Qafqazda destruktiv proseslər üstünlük təşkil edir. Bəlkə də subyektiv görünürəm, Dağıstanda bəzi adamlar məhz Azərbaycan kökənli olduqlarına, Azərbaycanla əlaqələrinə görə vəzifədən azad olunublar və cinayət işi açılıb.
Kreml bütün MDB dövlətlərini Qərbin maraqlarını daşımaqda ittiham edir. Qərb bu qədər ağılsız deyil ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Ermənistan, Gürcüstanın içinə girir, amma Rusiyanın daxilinə girmir. Bəlkə də Moskvanın içində Qərbin adamları 4-5 qat artıq oturub. Rus siyasi mühitinin təmsilçiləri Qərbin maraqlarına işləyir. Rusiyanın gücü çoxdur deyə hamını incitməlidir.
Rus elitası ingilis elitası kimi ola bilmir.
Vaxtilə Hindistan, Pakistan Böyük Britaniyanın müstəmləkəçisi idi. Bu gün Böyük Britaniyanı və paytaxtı Londonu hindlilər, pakistanlılar idarə edir. Rusiyanın qovmağa hazırlaşdığı qırğızları Londonda gözləyirlər.
İran tərəfində də vəziyyət sadə deyil
İran Azərbaycanla haqq-hesab çəkməkdən ötrü hətta Allahı unudub, Allaha “atıb”, təki Azərbaycana qarşı mübarizə aparsın. Vaşinqton görüşündən sonra yenidən Azərbaycanın İsraildən silah alması gündəliyə gəlib. İran özü ölər, Azərbaycana zərbə vurmağı unutmayacaq. Cənubi Qafqaz, ümumilikdə Qafqaz Rusiyanın təsir zonasıdır, İran da ora girmək istəyir. Hesab edir ki, Qafqaz Kizlərə qədər İranın tarixi ərazisidir, Çar Rusiyası güclü olub işğal edib. İndi Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, zəifdir. Belə proseslərdə hədsiz çox şeylər, gözlənilməz hadisələr baş verə bilər.
Rusiyanın ordumərkəz siyasəti Qərbin əlində RF-in sonunu yaxınlaşdıran vasitəyə çevrilə bilər. Bu proseə Şərqi də qoşa bilər. Rusiya əgər bütün məsələləri ordusunun üstünə qoyursa çeçen, Dağıstan və Şimali Qafqazdakı müharibəni yada salsın. Qafqazda baş verə biləcək konfiqurasiyaları proqnozlaşdırsın.
Niyə görə ağıl işləmir, mütləq silaha əl atılmalıdır.
Ukrayna müharibəsi başlayan kimi Qərb Ukrayna vətəndaşlarının əksəriyyətini öz ölkələrinə apardı. Bu, Rusiyaya qarşı demoqrafik müharibə idi. Qərb qaynar müharibənin dayanmasına razı ola bilər, amma demoqrafik müharibə dayanmayacaq. Əksinə müxtəlif ərazilərdə RF üçün qaynar müharibə ocaqları yaradacaqlar ki, demoqrafik müharibə işini davam etdirsin.
Rusiyanın ağlında Azərbaycan deyəndə Türkiyə gəlirdi. Pakistanın adı Azərbaycanın içərisində Türkiyədən heç də az hallanmır. II Qarabağ müharibəsində bizim ən böyük hərbi müttəfiqlərimizdən biri İsrail oldu. Azərbaycan, Türkiyə, Pakistan və hətta İran da daxil olmaqla müxtəlif məzmunlu hərbi koalisiyalar yarana bilər.
Seçim imkanımız tükənməyib
Əgər biz Rusiya tərəfindən lazımi mövqeni görməsək, təbii ki, seçim imkanımız var. D.Trampın Prezident İ.Əliyevə münasibəti göstərdi ki, dünya liderləri içində sayılan şəxsdir. V.Putin də dəfələrlə İ.Əliyevin hesabına Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurları qeydə alıb. O da danılmazdır ki, V.Putindən daha artıq ehtiramı D.Tramp Prezident İ.Əliyevə göstərdi. Bu gün V.Putin S.Uitkofu qəbul edir və görüş barədə bütün dövlətlərə məlumat verir, Azərbaycan Prezidentinə zəng etmir.
Xatırlayırsınızsa vaxtilə V.Putin A.Lukaşenkodan verdiyi qazın pulunu tələb etdi. Belarusun təxminən Rusiyaya 180 milyon dollar borcu var idi. Ondan 5 gün sonra Avropaya nəql olunan qaza görə Rusiya Belarusa təxminən 210 milyon dollar pul verməli idi. Lukaşenkonun bu arqumentinə Putin dözmədi. A.Lukaşenkonu küncə sıxdı. O zaman A.Lukaşenko pul üçün Prezident İ.Əliyevə müraciət etdi. Mövzu bir gecənin içərisində həllini tapdı. Çox illər sonra Putin A.Lukaşenkonu hətta Azərbaycanın üzərinə Qafqazın liderliyini götürmək kimi başa düşülən təkliflər göndərdi.
Gələcəkdə Ukrayna - Rusiyanın münasibətləri normallaşacaq. Ukrayna MDB məkanına qayıda bilər. Belarus timsalı göstərir ki, Azərbaycan düzgün yoldadır. Azərbaycan Rusiyanın ona qarşı tətbiq etdiyi bütün metodları yoluna qoymalıdır.
Rusiyaya qarşı hücumu Qərb və Ukrayna ilə əlaqələndirənlər də çoxdur. Bu dövrdə Azərbaycan Prezidentinin III Şuşa Qlobal Media Forumunda Ukrayna jurnalistinin sualına cavab verməsi D.Peskov və M.Zaxarovada ciddi qıcıq yaratdı.
Rusiya ilə münasibətlərimiz çox ciddi təhlil və analitik müdaxilə tələb edir:
I. Rusiyanın Azərbaycana indiki neqativ münasibəti MDB məkanında heç bir dövlətə qarşı olmayan münasibətdir. Ehtimal ki, Rusiya-Azərbaycan münasibətləri çox uzun müddət üstün səviyyədə qalıb və bu üstün səviyyədə qalmaq RF-də müəyyən dairələri qıcıqlandırıb. Ona görə Azərbaycana qarşı heç bir dövlətə tətbiq olunmayan metodlardan istifadə olunur.
II. Rusiyanın bütün MDB dövlətlərinə qarşı siyasəti faktiki neqativ, hətta bəzilərinə qarşı düşmənçilik səviyyəsindədir. Söhbət Ukrayna, Moldovadan deyil, Mərkəzi Asiya regionundan gedir. Mərkəzi Asiya regionunda Rusiya üçün Özbəkistan, Qırğızıstan, Tacikistan ayrı kateqoriyadadır. Onların da içərisində Özbəkistana çox müsbət siyasəti var. Sanki vaxtilə Azərbaycan Prezidenti ilə V.Putin hansı mehribanlıqda idisə, indi də Ş.Mirziyoyevlə o qaydada mehribanlıqdadır.
Rusiya Türkmənistanı özünə enerji rəqibi kimi görür. Tək Türkmənistanı böyük qaz ehtiyatlarına görə deyil, həm də coğrafi kontekstindən özünün qaz potensialına daha ciddi rəqib görür. RF yaxın illərdə Qərbə neft, qaz sata bilməyəcəyini düşünür, Şərq istiqamətində qazını satmaq istəyir. Qətərin qonşuları ilə spesifik münasibətləri var. Qətərin qaz şaxələnməsində də müəyyən işlər var. RF hesab edir ki, qazını Yaxın Şərqə, İran və Qətər kimi qaz nəhənglərinin qonşuluğuna və onların ətrafına çatdıra bilər. Bu mövzuda RF-in əsas rəqibi Türkmənistandır. Türkmənistan qazını həm Pakistan-Hindistan regionuna, həm də İran vasitəsilə Afrikaya qədər nəql edə bilər. Rusiya Türkmənistanı iqtisadi cəhətdən boğmaq, izolyasiya vəziyyətində saxlamaq niyyətindədir.
Rusiyanın “dostlarla” düşmənçiliyi və regional təhlükəsizlik
Rusiyanın ən qatı düşmənçiliyi isə Qazaxıstanladır. Hətta bu ölkənin ərazisini parçalamaq istəyir. Bu istiqamətdə bütün addımlarını işə salıb. Ərazi bütövlüyü prinsipi ilə millətlərin öz müqəddəratını təyinetmə prinsipi arasında da balans yoxdur, fərq çox böyükdür. Mütləq millətlərin öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyü prinsipinə mümkün qədər yaxınlaşmalıdır, hətta RF bunu beynəlxalq miqyasa çıxardı: əsas məqsəd Qazaxıstanın şərq hissəsinin böyük bir qismini özününküləşdirmək, ABŞ və Çinlə münasibətlərində yeni geosiyasi konfiqurasiya yaratmaqdır. Çinə əhalini yerləşdirmək üçün ərazi, ABŞ-a isə Qazaxıstan ərazisindən Çinə təzyiq etmək imkanlarını təqdim edə bilər.
MDB məkanında Gürcüstan və Ermənistanla da münasibətlər bəllidir. Moldova və Ukrayna ilə münasibətlər artıq Rusiyanın Qərb ölkələrinə münasibətləri sisteminə daxildir. Belə şəraitdə Azərbaycana qarşı hücum gözlənilməz oldu.
Hesablamamıza görə hər şey BRİKS samitindən başladı. Azərbaycanı BRİKS-ə üzv etməyə vəd verən Rusiya Qazaxıstanı BRİKS-dən uzaqlaşdırmaq istəyirdi. Çin Qazaxıstanı BRİKS-ə üzv, Azərbaycanın isə üzvlüyünə maneçilik etdi. Əslində Çin Azərbaycanın üzvlüyünə maneçilik etməyə də bilərdi: BRİKS-in üzvlərinin say artımında limit yoxdur. Sadəcə Rusiyanın müttəfiqi kimi görünən Azərbaycana müəyyən mesajlar verdi. O zaman V.Putin Kazandan qayıtdıqdan dərhal sonra Cənubi Qafqazda, az sonra bütövlükdə Qafqazda, cənub qonşularımızdakı vəziyyət adı ilə Rusiya Azərbaycanın daxilindəki vəziyyəti müzakirə etdi. Məruzəçi də FTX-nin rəhbəri A.Bortnikov idi. Əvvəlcə Cənubi Qafqazda, sonra Qafqazda və cənub qonşularımızda vəziyyətlə bağlı üç dövriyyədə də məlumat yaydılar.
Ola bilsin məlumatın yayımının əsas məqsədi hədəfdən yayındırmaq olsun. Görünür o dövrdə bizim xaricdə mətbu orqanlarımız Prezident Təhlükəsizlik Xidmətinin daxilindən yayılan bəzi məlumatlara istinad edibmiş. Bəlkə də o məlumatları Rusiya FTX-si özü uydurubmuş, bəlkə də təşkil edibmiş. Qlobal əhəmiyyətli BRİKS sammiti kənarda qaldı, V.Putin Azərbaycan mövzusunu müzakirə etməklə “Azərbaycan Prezidentin sənin daxilində qüsurlar var” mesajını verdi. Bununla BRİKS-ə Azərbaycanı üzv etməməkdə günahını gizlətməyə çalışdı. Eybini daha böyük eyib ilə ört-basdır etməyə cəhd göstərdi.
III. AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı baş verənlər və o fonda Azərbaycan Prezidentinin Sankt-Peterburqa MDB-nin sammitinə uçarkən təyyarəsinin naviqasiya sisteminə müdaxilə mövzusu daha aktual oldu. Rusiya ərazisində Azərbaycan Prezidentinin təyyarəsinin naviqasiya sisteminə müdaxiləsi unuduldu, AZAL-ın vurulması ilə bağlı mövzunu arxa plana keçirə bilmədilər. Sonradan daha maraqlı hadisələr baş verdi. Yekaterinburq hadisələri bu gün də bağlı boğçadır. Əsas versiyamıza görə o dövrdə Rusiya üçün İran mövzusu çox aktual idi.
Rusiya İranın şimal regionlarında nəyin baş verdiyini bilirdi. Rəştə hücumların edilməsi, Gilanda Rusiyanın daxilini görən RLS-in olduğunu bilirdi, bunu hansı qaydadasa neytrallaşdırmalı idi. Rusiya həmin regionda diplomatik və ya siyasi müdaxilə üçün müxtəlif variantlar tapmalı idi. O, Azərbaycanın cənubu, İranın şimalında yaşayan talışlara müsbət mesaj verməli idi. Bir az əvvəl Yekaterinburqda fəaliyyət göstərən talış cəmiyyətinin sədrini R.Kadırovu Azərbaycana qarşı qaldırmaqla bağlı mesajlar verdiyinə görə Azərbaycan tərəfinin tələbi ilə həbs edib, Azərbaycana vermişdi. İndi Rusiyanın bu addımını Moskvada, İranda, Avropa dövlətlərində yaşayan talışlarda neqativ fon yaratdığını bilirdi. O fonu aradan qaldırmaq, talışların simpatiyasını qazanmaqdan ötrü belə bir addıma gedə bilərdi. Ola bilər Yekaterinburqda bizim diasporun öndə olan təmsilçilərinin də talış separatçıları ilə müəyyən problemləri olsun. Diasporumuz onun aktivliyinə cavab olaraq əllərində olan imkanlardan istifadə edərək Rusiyanın güc strukturlarını onun üstünə yönəldə bilərlər. Bu da istisna deyil. Bu mövzu ilə bağlı ciddi aydınlıq gətirilməlidir. Bu hadisəni Rusiyanın güc strukturları yaradıb, indi güc strukturları bundan Azərbaycanın da əleyhinə istifadə edə bilərlər. Xüsusi xidmət orqanlarımız həqiqəti üzə çıxarmaqla, bu mövzuda vacib rol oynaya bilərlər.
Yekaterinburq hadisələri fonunda gərginləşən münasibətlər…
İlk andan Yekaterinburqda azərbaycanlılara hücumu etməyə ehtiyac yox idi. Çağırış göndərməklə də onları istintaq orqanlarına çağırıb, istintaq prosesi başlamaq olardı. Gecə yarısı evə hücum nəticəsində iki nəfəri öldürmək xüsusi hazırlanmış planın tərkib hissəsi kimi görünür. Azərbaycan buna cavab olaraq öz ərazisində RF-in bəzi vətəndaşlarının mətbu orqanlarında yoxlamalar apardı, həbslər reallaşdırdı. Rusiyanın təbliğat maşını Azərbaycana çox kəskin reaksiya verdi. Rusiyada düşünürdülər ki, onların sərt reaksiyasının nəticəsi kimi Azərbaycan təslim olacaq.
IV. Rusiyanın Azərbaycana münasibəti qeyri-adi və ya orijinal düşmənçilikdir. Rusiyada bir neçə tədqiqat mərkəzi Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələri təftiş etməyə və bu əlaqələrin yalnız Azərbaycan üçün faydalı olduğunu sübut etməyə başladılar. Bu metod Rusiya siyasətində heç bir MDB dövlətinə qarşı görünməyib. Azərbaycan ərazisindən Rusiyanın kommunikasiyaları, Şimal-Cənub dəmir yolu marşrutlarının Azərbaycan üçün ÜDM-in 1,2%-i qədər gəlir əmələ gətirəcəyini, hətta ayrılıqda hansı kənd təsərrüfatı məhsulunun nə qədər gəlir formalaşdırılacağı hesablandı.
Azərbaycanla əlaqəsi olan RF Dövlət Dumasında “Ədalətli Rusiya” partiyasının rəhbəri M.Mironov Azərbaycanın əleyhinə kəskin bəyanat verdi.
M.Mironovun vaxtilə hərbi xidmətdə Azərbaycanda olduğunu və razılıq etdiyini nəzərə alsaq, sanki M.Mironov Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olduğu dövrdə kənarda qaldığından narazı idi. Volodin “Milyarderlər İttifaqı” dövründə Azərbaycana qarşı müəyyən işlər görmək istəsə də, alınmadı. İndi o böyük enerji ilə Azərbaycanın üzərinə hücuma keçdi. Diqqət çəkən mövqeni Q.Karasin sərgilədi. Bir müddət öncə Qarabağda Rusiyanın konsulluğunu açmağı təklif edən, hazırda RF Federasiya Şurasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri olan Q.Karasin uzun müddət RF xarici işlər nazirinin müavini statusunda MDB, xüsusilə münaqişəli regionların kuratoru olub, ermənipərəst mövqeyi ilə seçilib. Onun ardıcıl münasibətlərinə baxmayaraq, ölkə Prezidentinin qəbuluna düşə bilməmişdi. Onun konsulluq açmaq təklifi də bununla əlaqəli ola bilər. İndi isə vəziyyəti nisbətən yumşaldan bəyanat verdi. Mümkündür ki, RF XİN rəsmisi M.Zaxarova və prezident köməkçisi D.Peskovun mövqeyində yumşalma Q.Karasinin bəyanatından sonra baş verdi. Bütün bunların hamısı dövlət orqanlarının rəhbərliyi altında ciddi təhlil olunmalıdır.
V. Bir sıra Azərbaycanpərəst şəxslər V.Putinin göstərişi ilə cəzalandırıldı. V.Putinin hələ də Azərbaycan Prezidenti ilə təmasda olmaq arzusu yoxdur, bunu D.Peskov aydın bildirdi.
VI. Rusiyanın gözünə Azərbaycan Türkiyə kimi görünə bilər. Rusiyada Azərbaycana qarşı tətbiq olunan klişelərin bəziləri bir az əvvəl Türkiyə istiqamətində istifadə olunmuşdu. Rusiyanın Dövlət Turizm Agentliyi RF vətəndaşlarına Azərbaycana getməməyi tövsiyə etdi. Azərbaycana səfərin təhlükəli olduğunu RF XİN rəsmisi M.Zaxarova, D.Peskov, Dövlət Dumasının bir neçə üzvü bildirdilər. Nəzərə alınmalıdır ki, Rusiyanın turizm agentlikləri RF vətəndaşlarının Azərbaycana səfərində heç bir azalmanın, geriləmənin olmadığını mətbuatda bildirmişdilər.
VII. Aİ, Qərbdən ciddi dəstək görmədik. Aİ-nin Yekaterinburq hadisələri barədə reaksiyası da unudulmamalıdır.
VIII. İran Rusiya-Azərbaycan münasibətlərində baş verən gərginlikdən öz maraqları üçün istifadə etməyə çalışdı. Vəziyyəti bir az da gərginləşdirdi. İranın Azərbaycandakı keçmiş səfiri M.Pakayin “Səhər-Azəri” kanalının “Kompas” verilişində çıxış edərkən Azərbaycan-Rusiya münasibətlərində təhlükəli bir şeyin baş vermədiyini bildirdi, Azərbaycanın mövqeyinə haqq qazandırdı. Hətta Rusiya-Azərbaycan arasında İran vasitəçiliyini də qaldırdı. İran bu mövzuda Azərbaycanın ziyanına işləyə bilərdi.
IX. Türkiyə prezidentinin Azərbaycan-Rusiya arasında gərginliyə mövqeyi təsirsiz qalmadı, qala da bilməzdi. Ən azı Rusiya vəziyyətin gərginliyin məhz R.T.Ərdoğanın bəyanatından sonra başa düşdü. M.Zaxarova və D.Peskovun Əbu-Dabidə keçirilən Azərbaycan və Ermənistan görüşünə müsbət münasibəti diqqət çəkir.
X. Gərginlik fonunda D.Peskovun “Zəngəzur koridoru” terminindən səmimi istifadə etməsi Azərbaycana doğru müsbət dəyişiklik deməkdir. Zəngəzur mahalı vaxtilə Rusiyanın Azərbaycandan alıb, Ermənistana verdiyi ərazidir. RF artıq başa düşüb ki, Ermənistan Zəngəzur mahalına sahiblənə bilmir.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 365 dəfə oxunub.