26.09.2025 15:15
Nazirlik vakansiyaları gizlədir?
“MİQ imtahanı ilə bağlı vakansiyaların gizlədilməsi və başqalarının yerləşdirilməsinə, əsasən, Bakı, Sumqayıt və Abşeron rayonunda rast gəlinir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, əslində, müəllimin yaşadığı yerdən uzaqda işləməsi yaxşı haldır:
“Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ilə bağlı vakansiyaların gizlədilməsi və başqalarının yerləşdirilməsinə, əsasən, Bakı, Sumqayıt və Abşeron rayonunda rast gəlinir. Məsələn, hansısa rayonun ucqar kəndində vakansiyasının gizlədilməsi yaxud satılması məntiqli görünmür. 2023-cü ildə MİQ-lə bağlı yeni qaydalar qəbul olunub. Bu qaydalarda əsasən, namizədə öz yaşadığı yerə düşmək üçün 1.1 kafset verilir.
Əslində, müəllimin yaşadığı yerdən uzaqda işləməsi yaxşı haldır. Yeni mühit, yeni təbiət, fərqli insanlar həmin müəllimin təkmilləşməsi üçün də çox yaxşıdır. Amma müəllimlərin sosial müdafiəsini təmin edə bilmirik. Hətta qonşu ölkələrə nisbətən Azərbaycanda müəllimlərin sosial müdafiəsi çox-çox aşağıdır.
Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarı var. Həmin qərarda qeyd edilir ki, yaşı 35-dək olan gənc müəllimlərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 90 manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilsin.
Bu qərara əsasən, rayon mərkəzinə 20 kilometrə qədər olan kənddə işləyən müəllimə 90 manat, 20 kilometrdən uzaqda yerləşən məktəblərdə çalışanlara isə 190 manat verilir. Bu gün ən ucqar kənddə 150-200 manata kirayə verirlər. Bilirsiniz ki, dərslərin saatı belə məktəblərdə az olur”.
Ekspert vurğulayıb ki, ölkədə müəllimlərin sosial müdafiəsinin təşkili üçün heç bir addım atılımır:
“Rusiyada müəllim işə başlayanda ona birdəfəlik olaraq 1 milyon rubl (11 min dollar) pul verilir. Sibir və daha ucqar yerlərə gedən müəllimlərdə isə bu rəqəm 2 milyon rubl təşkil edir. Qazaxıstanda hər bir halda müəllim evlə təmin olunur. Azərbaycanda isə müəllimin sosial müdafiəsi üçün heç nə edilmir. Ona görə də məcburuq ki, müəllimi öz evinə yaxın bir məktəbdə işlə təmin edək. Bunu da etmirik. Vəziyyət də bu yerə gəlib çıxır.
Məsələ burasındadır ki, MİQ imtahanları və digər imtahanlara Elm və Təhsil Nazirliyi nəzarət edir. Əvvəla imtahanlar nazirlikdən alınıb Dövlət İmtahan Mərkəzinə verilməlidir. Müəllimlər üçün yeni güzəştlər, yeni kafsetlər təsdiq olunmalıdır. İnsanların sosial müdafiəsi nəzərə alınmalıdır. Yox əgər bunu nəzərə ala bilmiriksə, çalışmaq lazımdır ki, müəllimlər heç olmasa öz evinə yaxın yerdə işləsin.
Digər tərəfdən, bu müəllimlərin təyin olunduqları məktəblərdəki əmək şəraiti, yaşayış tərzi ilə heç kim maraqlanmır. Yeni müəllimlərlə daim maraqlanmaq lazımdır. 2 yol var: ya sosial müdafiəni təmin etməli, ya da müəllimlərə şərait yaradılmalıdır ki, öz evinə yaxın ərazidə işləsin”.
Qeyd edək ki, iyulun 3-10-u aralığında baş tutan MİQ imtahanından sonra bir çox namizədlər narazılıqlarını bildirir. Müəllimlərin bir çoxu öz yaşayış yerlərinə yaxın məktəblərdə işləmək istədiyini dilə gətirərək, uzaqdakı rayon və şəhərlərdə fəaliyyətin çətin olmasından gileylənir.
Xəbər 990 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|