10.10.2025 11:19
PUA-lı, raketli və ərazi mübahisəsi olan İran kiçik, amma ağıllı İrana “hamilə”dir - TƏHLİL
İranın siyasətində və ətrafında əvvəllər, hətta bir ay öncə mövcud olmayan hadisələr baş verməyə başlayıb. Bəlkə də bu hallar əvvəldən vardı, sadəcə indi üzə çıxır. Son nümunə İsrailin Vladimir Putinin vasitəsilə İrana ünvanladığı mesajdır: İsrail İranla problemləri həll etməkdə maraqlıdır, münaqişə və ya müharibənin bərpasında isə maraqlı deyil. Bu, İranın hər gün İsraildən müharibə gözləməsi ilə bağlı təbliğatını gücləndirməsinə cavab idi.
İran yenidən qonşu dövlətləri hədələməyə başlayıb. Öz yalanlarını “düzəldib”, daha sonra isə həmin yalanları bir neçə dəfə “modernləşdirib”. İddiasına görə, qonşu dövlətlərdən İrana zərbə endirmək üçün PUA və kiçik qırıcı təyyarələrdən istifadə olunub, hətta bunlar sərhəd kənarına avtobusla gətirilib. İranın sərhəd qoşunlarının generalı isə qonşu ölkənin sərhədindən İran səmasına keçən və bir müddət uçan qırıcını markası ilə deyil, ölçüsü ilə təqdim edib. Bu, İran hərbçisinin, ordusunun və hərbi siyasətinin səviyyəsini göstərən nümunədir.
İranda hərbi siyasəti məhz hərbçilər müəyyən edir. Dövlət siyasətinin keyfiyyəti də buna uyğun formalaşır. Süni intellekt vasitəsilə Azərbaycan və region ölkələrindən İsrailin atəş açma ssenarilərini “kəşf etdiyini” iddia edən İran, əslində, “gec ağıllanan” bir siyasətin məhsuludur. Halbuki sərhəd pozuntusunu müəyyən etmək üçün saniyə dəqiqliyi kifayətdir.
Həmin dövrdə İran Azərbaycan-Ermənistan sərhədində Ermənistanı müdafiə məqsədilə 100 minlik qoşun saxlayırdı. Ermənistan isə Azərbaycanın qarşısında geri çəkilirdi.
Nəticədə İranın Ermənistanı müdafiəsi də artıq onun üçün bir bəlaya çevrilməkdədir.
Vladimir Putinin vasitəçiliyindən öncə Donald Tramp İranın ünvanına üç vacib mesaj göndərmişdi:
İran İsraillə iqtisadi əməkdaşlıq edə bilər. İsrailin niyyətinin bir hissəsini D.Tramp ifadə etmişdi, digər hissəsini isə V.Putin tamamladı. Əgər İran İsraillə əməkdaşlıq edərsə, müharibəyə ehtiyac qalmaz.
İran “İbrahim müqaviləsi”nə qoşulmalıdır. D.Tramp Yaxın Şərqi yenidən formalaşdırır və bu, artıq zərurətə çevrilib. Regionda baş verən dəyişikliklər əvvəlkilərdən tamamilə fərqlidir. Burada İsrailin deyil, ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunun taleyi həll olunur. ABŞ üçün artıq əsas suallar yoxdur - yalnız Çin və Rusiyanın prosesdə iştirakı müzakirə mövzusu olaraq qalır. Bu səbəbdən “İbrahim müqaviləsi”nə İranın qoşulması ABŞ üçün strateji əhəmiyyət daşıyır.
Qəzzada atəşkəsin əldə olunmasında İrana təşəkkür. Tramp bundan öncə İranı Qəzza tənzimlənmə prosesində iştirak etməyə çağırmışdı. İran isə cavab olaraq HƏMAS mövzusuna “İslami Cihad Hərəkatı”nı da daxil etdi. Bu, onun Qəzza prosesində iştirak etməyə razı olduğunun göstəricisi idi.
Daha maraqlı açıqlama isə yaxın saatlarda İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətidən gəldi. O, “Qəzzadakı atəşkəs artıq əldə olunmuş atəşkəsin nəticəsidir” dedi. Bu ifadə dolayısı ilə ABŞ-ın indiyədək İran-İsrail münasibətləri haqqında dediklərini təsdiqləyir: İran və İsrail arasında müharibə olmayacaq, İran şərtləri qəbul edib.
Görünür, Putinin də bu yöndə fikir bildirməsi İran üçün İsraillə əməkdaşlıqda manevr imkanları yaradıb. Vilayəti də məhz buna əsaslanaraq belə bəyanat verib.
Qarşıda “qamçı-qoğal” tipli dinamik proseslər gözlənilir. İran əvvəldən bu xətt üzrə hərəkət edir. 2025-ci ilin oktyabrında İsrailin Tehrana zərbə endirməsinə “icazə verməsi”, habelə daim ABŞ-la əməkdaşlığa can atması da bunu göstərir.
Son iki ildə “Əl-Əqsa tufanı” əməliyyatı zamanı İranda Fələstinə dəstək aksiyası cəmi bir dəfə keçirilib. Həmin bir dəfə istisna olmaqla, bu mövzuda ölkədə heç bir ciddi hərəkət, aksiyaya çağırış və ya ictimai dəstək müşahidə olunmayıb. Kim İranda Fələstinə dəstək aksiyası ilə bağlı hər hansı fakt göstərə bilsə, bu, artıq nadir hal sayılar.
İranla əlaqəli proseslər indi gizli şəkildə aparılır. Böyük ehtimalla raketli, PUA-lı və ərazi iddialı bu İran, kiçik, amma daha ağıllı bir “İranın doğuluşuna” hamilədir. Sadəcə, hələlik bunu gizli saxlayırlar.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1100 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|