Dövlətin ən həssas təbəqəsi üçün – valideynlərini itirmiş və himayədən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulan mənzillər illərdir ki, imkanlı şəxslərin, məmur qohumlarının və saxta status sahiblərinin əlindədir. Bunun adı təsadüfi səhv yox, sistemli korrupsiyadır.
Abşeron rayonu, Masazır kəndində yerləşən “Məzun Evi” sosial müəssisəsi ətrafında qalmaqallar artıq bir neçə müddətdir ki, səngimir. Şikayətçi Ramiz İbrahimzadə illərdir bu qanunsuzluqları ifşa edir, aidiyyəti orqanlara müraciət edir. Lakin nəticə dəyişmir: mənzillər qaytarılmır, məsul şəxslər isə sanki toxunulmazdır.
Onun iddiasına görə, “Məzun Evi”ndəki mənzillər valideyn himayəsindən məhrum olan uşaqlar üçün nəzərdə tutulsa da, bu evlər imkanlı və əlaqəli şəxslərə paylanır.
Saxta statusla mənzil alanlar
R.İbrahimzadə bildirir ki, qonşuluqdakı binada yaşayan Zema adlı qadın heç bir hüquqi statusu olmadığı halda, məhz bu kateqoriya üçün nəzərdə tutulan mənzil əldə edib. Onun “TikTok” sosial şəbəkəsində paylaşdığı videolarda mənzilini sevincək nümayiş etdirməsi də bunu təsdiqləyir.
Şikayətçi həmçinin qeyd edir ki, anaları sağ olan şəxslər – məsələn, Vasif Əzizov da “Məzun Evi”ndən mənzil alıblar. Bu isə açıq-aşkar qanunun pozulmasıdır. Qanuna görə, mənzillər yalnız hər iki valideynini itirmiş və ya valideyn hüququndan məhrum olmuş uşaqlara verilməlidir.
Abşeron Rayon Polis İdarəsi 01.07.2025-ci il tarixli məktubunda təsdiqləyib ki, Rəşad və Elşad Novruzov qardaşları, eləcə də qohumları Səid İsayev valideyn himayəsindən məhrum olmadan bu evlərdə mənzil alıblar.
Sosial Xidmətlər Agentliyi isə eyni məsələ üzrə R.İbrahimzadəyə göndərdiyi cavablarda “fakt təsdiqlənməyib” deyərək tam əks mövqe sərgiləyib.
Bu ziddiyyətlər göstərir ki, dövlət orqanlarının öz mövqeləri belə bir-birini təkzib edir.
Sosial layihə kimlərin biznesinə çevrilib?
Şikayətlər bununla bitmir. R.İbrahimzadənin sözlərinə görə, imkanlı şəxslər dövlətin verdiyi mənzillərdə qanunsuz söküntü işləri aparır, mənzilləri birləşdirir, hətta binanın içində mağazalar açırlar:
“Gülçöhrə Səfərova dövlət mənzilində divarları söküb, blokda külli miqdarda material yığıb, binanın 1-ci mərtəbəsində isə mebel mağazası işlədib. 2-ci binanın 12-ci mərtəbəsində iki mənzil birləşdirilərək qanunsuz şəkildə komfortlu evə çevrilib. Ayrılmış xalçaçılıq sahəsi isə Gündüz adlı şəxsin həyat yoldaşına xırdavat mağazası kimi verilib”.
Şikayətçinin öz mənzilində isə isti su yoxdur. Rəsmi qurumlar “pul ayrılmasını gözləyirik” bəhanəsi ilə məsələni yubadır. Amma imkanlı şəxslər qanunsuz yolla öz mənzillərində lüks şərait yaradır.
Müdirin iki vəzifəsi və məhdud imkanlar
Maraqlı faktdır ki, 07.10.2024-cü ildə müəssisəyə müdir təyin olunan Aygün Əzimova hələ də həmin müəssisədə psixoloq vəzifəsini də özündə saxlayır. Bu isə həm qanunsuz kadr siyasətini, həm də vakant yerlərin süni şəkildə məhdudlaşdırıldığını göstərir.
“Məzun Evi”ndə mənzil alan şəxslər arasında hətta cinayətkarlar da var. Kamran İsmayılov dələduzluğa görə həbs olunub. Onun mənzilində baş verən yanğından sonra ailə üzvləri ortaya çıxıb. Bu fakt da göstərir ki, dövlətin sosial layihəsi məqsədsiz və nəzarətsiz paylanır.
“Məzun Evi”nin ətrafında sadalanan bütün bu faktlar göstərir ki, dövlətin ən həssas təbəqə üçün nəzərdə tutduğu sosial layihə, əslində, sistemli korrupsiyanın qurbanına çevrilib.
Ramiz İbrahimzadənin misallarının çoxluğu təsadüfi deyil. Bu, ayrı-ayrı şəxslərin deyil, bir strukturun, bir mexanizmin sistemli şəkildə qanunsuz fəaliyyət göstərdiyini sübut edir.
Sual isə açıq qalır: Dövlətin sosial müdafiə siyasəti kimin üçün işləyir – yetimlər və valideyn himayəsindən məhrum olanlar üçün, yoxsa məmur yaxınları və imkanlı şəxslər üçün?
N.Oruclu
XəzərNews.az
Xəbər 1126 dəfə oxunub.