12.12.2025 13:16
Qiymətlər hər ay qalxır, hökumət görmürsə... - Partiya sədri
“2025-ci ilin yanvar-noyabr aylarında apteklərdə 1 milyard 424.1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb”.
XəzərNews.az xəbər verir ki, bu sözləri “Real” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.
İqtisadçı qeyd edib ki, satış həcmi satış 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 24.3% artıb:
“Yəni, 2025-ci ilin ilk 11 ayında, keçən ilin eyni dövrünə görə vətəndaşlar dərmanlara, 300 milyon manat daha çox xərcləyiblər. Yaxşı, 25%-ə yaxın artım orqanik deyil, deməli, dərmanların həcmi yox, qiyməti kəskin artıb. Dərman qiymətlərinin hər il artmasının əsas səbəbi hökumətin təsis etdiyi Tarif Şurasının mənasız, məzmunsuz, ziyanlı tənzimləmə siyasətidir. Dərman sahəsində qiymətlərin tənzimləməsi Tarif Şurasına tapşırılan gündən bu günə, ölkədə qiymətlər artır, dərmanların keyfiyyəti isə sürətlə düşür. Çünki, Tarif Şurasının yanaşması ancaq inhisarçılara xeyir verən, xalqı heçə sayan, qiymətləri qaldıran, keyfiyyəti aşağı salan yanaşma və metodologiyadır”.
N.Cəfərli bildirib ki, bu iş Tarif Şurasına tapşırılandan sonra ölkədə 200-dən çox dərman gətirib-satan şirkət bağlanıb, rəqabət məhv olub, ancaq bəzi məmurlara, deputatlara bağlı iri şirkətlərin marağına uyğun qərarlar alınıb:
“Nəticə olaraq da, qiymətlər hər ay qalxır – bunu görməmək mümkün deyil, hökumət görmürsə, deməli, görmək istəmir. Bundan başqa, illər öncə hökumətə təklif verdik ki, dərman satışında ƏDV-i ya ləğv edin, ya da, hesabatlılıq üçün sizə lazımdırsa, simvolik olaraq 2%-ə endirin. ƏDV ləğv olunsa dərman qiymətlərində azı 15% ucuzlaşma olacaq, paralel olaraq da Tarif Şurasının bu mənasız səlahiyyəti ləğv edilib rəqabət mühiti yenidən təsis edilsə, qiymətlər daha 15-20% enəcək, yəni, bu gün 10 manata olan dərmanı vətəndaş 6 manata ala biləcək”.
“Eşitmirlər, görmürlər, dinləmirlər, özü də ki, ölkə dərman istehsal etmir, 93-94% idxal edirik, xaricdə dərman istehsal edən şirkət zülm çəkir, investisuya qoyur, istehsal təşkil edir, dövriyyədən 10-15% qazananda sevinir, bizim tənbəl hökumət isə heç nə etmədən xaricdə istehsal edilən dərmandan satışda 18% qazanmaq istəyir – özü də bilir ki, istənilən vergi və rüsumun son ödəyicisi vətəndaşdır...”, – deyə partiya sədri fikrini yekunlaşdırıb.
Xəbər 70 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|