23.05.2025 11:07
Azərbaycanda heç bir işçi miqrant yoxdur - Millət vəkili
XəzərNews.az Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Azər Allahverənovun "Yeni Sabah"a müsahibəsini təqdim edir:
- Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib ki, geri göndərilən miqrantlar öz ölkələrində cinayətkarlığın faizini xeyli artırıb. O bu fikrini belə əsaslandırıb ki, qovulan miqrantların əksəriyyəti potensial cinayətkar, yaxud cinayətə meyilli adamlardır Sizcə, Bıstrikinin bu bəyanatının rəsmi əsası varmı?
- Aleksandr Bastrıkinin sözlərindən belə bir fikir açıqlanır ki, guya Rusiyanın aidiyyəti strukturları, xüsusən, qanunsuz miqrantlara qarşı kifayət qədər sərt münasibət sərgiləyib və onların öz ölkələrinə göndərilməsinə nail olublar. Onların təbirincə desək, Rusiya ərazisindəki qanunsuz miqrantların sayında kəskin azalma müşahidə edilir. Növbəti mərhələdə isə ölkələrinə qayıdan miqrantların kriminal hadisələrin birbaşa, yaxud dolayı iştirakçısı olması və həmin ölkələrdə cinayət hadisələrinin artması vurğulanır.
Məncə, bu, səhv yanaşmadır. Çünki belə bir tədqiqatı kimin və nə zaman aparması barədə hər hansı bir məlumat yoxdur. Ən azı MDB ölkələrinin aiddiyyəti strukturlarının bu kimi məsələlərlə bağlı zaman-zaman yaydığı statistik məlumatlar olur və orada kəskin şəkildə miqrantların öz ölkələrinə qayıtmasından sonra hansısa cinayət hadisələrində iştirakının qabarıq şəkildə büruzə veriməsi barədə konkret məlumat yoxdur.
Nəzərə alsaq ki, qanunsuz miqrantlar, adətən, Mərkəzi Asiya respublikalarından olanlardır, həmin ölkələrin daxili işlər orqanları tərəfindən cinayət hadisələrin kəskin formada artması ilə bağlı hansısa məlumat yoxdur. Bu o deməkdir ki, Rusiyanın müəyyən strukturları miqrantlara qarşı sərt münasibətin sərgilənməsinə bir növ səbəb axtarırlar.
Rusiyanın aidiyyəti strukturlarının yaydığı kriminal hadisələrlə bağlı statistikalara nəzər saldıqda görə bilərik ki, dinamika eyni tempdə davam edir. Burada kəskin azalma, yaxud artım deyə bir şey yoxdur. Əgər həqiqətən də, qanunsuz miqrantlar Rusiya ərazisində cinayətlərin törədilməsində rol oynayırdılarsa, onda Rusiyada statistika azalmalı idi. Amma bunu görmürük. Bu o deməkdir ki, Rusiya cəmiyyətində miqrantlarla kriminal vəziyyəti əlaqələndirmək həvəsi müəyyən siyasi dairələrdə qabarıq şəkildə özünü göstərməkdədir. Bu, səhv yanaşmadır. Çünki qanunsuz miqrant kimi adlandırılan şəxslər də bir müddət öncəyə qədər qanuni əsaslarla yaşayıb və müəyyən səbəblərə görə qanunsuz miqrant statusuna düşmüş şəxslərdir.
Təbii ki, əgər hansısa ölkədə qanunsuz miqrantların statusu leqallaşdırılmırsa, onlar çıxarılmalıdır. Amma onları buna hansısa bir formada don geyindirmək düzgün hal deyil.
- Ümumiyyətlə Rusiyadan Azərbaycana geri axın varmı? Bu statistik rəqəmlərdə öz əksini tapırmı?
-Mən Azərbaycana kəskin şəkildə axın müşahidə etmirəm. Ölkə ərazisinə gəliş-gedişlə bağlı istinad etdiyimiz müəyyən statistik rəqəmlər var. Orada kəskin geriyə dönüş, yaxud axın görmürəm. Mən bunu onunla əlaqələndirirəm ki, Rusiyada qanunsuz miqrant qismində yaşayıb, orada qanunsuz əmək fəaliyyəti ilə məşğul olanlar arasında Azərbaycan vətəndaşları heç də ilk beşliyə daxil deyil. Onlar əsasən, ikinci beşlikdə qərarlaşıb.
Statistik rəqəmlərə gəldikdə isə, yenə də Mərkəzi Asiya ölkələrindən olan qanunsuz miqrantlara nisbətdə Azərbaycan vətəndaşlarının sayı kəskin şəkildə azdır. Bizim miqrantların böyük əksəriyyəti Rusiya ərazisində qanuni əsaslarla yaşayır. Rusiyadan deportasiya edilən şəxslərin statistikasına nəzər saldıqda görürük ki, Azərbaycana deportasiya edilənlərin sayı elə də çox deyil.
- Azərbaycan XİN daha öncə açıqlamışdı ki, miqrasiya ilə bağlı Rusiya qanunvericiliyinə düzələşlərə cavab olaraq Rusiyadan Azərbaycana gələnlər qarşı da qaydalar sərtləşdiriləcək. Tutaq ki, məhz belə oldu. Rusiyadan gələnlərin əksəriyyəti turistlərdir, Azərbaycanda heç bir işçi miqrant yoxdur. Sizcə, Rusiyanın miqrantlarla bağlı çıxardığı yeni qanuna qarşı Azərbaycan tərəfdən sərt addım özümüzə ziyan vurmazmı?
- Təbii ki, istənilən halda miqrasiya prosesləri ikitərəfli aparılır. Yəni bir ölkə digər bir ölkədən olan miqrantlara qarşı müəyyən qaydalar tətbiq edirsə, digər tərəfin də hüquqdur ki, həmin ölkə ilə bağlı adekvat addımlar atsın. Belə bir yanaşma var. Bu heç də bütün qaydalara şamil olunmur. Məsələn, ola bilər ki, Azərbaycanla miqrasiya mübadiləsi olan ölkədə o qədər də sərt miqrasiya qurumu mövcuddur ki, orada dövlət daha radikal addımlar atmaq məcburiyyətindədir. Amma Azərbaycanda həmin miqrasiya sahəsində vəziyyət kifayət qədər sabitdir. Ölkə ərzisində qanunsuz miqrantların sayı elə də çox deyil. Zaman-zaman onlar aşkarlanır, statusları leqallaşdırılır və bütün əcnəbilər miqrasiya uçotuna alınır. Yəni bunlar hamısı sabitdirsə, hər hansı bir adekvat addım atmağa ehtiyac yaranmır. Turistlərə gəlincə, onlar faktiki olaraq, onlar ölkə iqtisadiyyatına müəyyən töhfələr verirlər. Onlar turist vizası ilə 1 ay ərzində ölkə ərzisində qalırlar. Vizasız gediş-gəliş olan ölkələrdən gələnlər isə 90 gün ərzində ölkə ərzisində qala bilirlər, amma mütləqdir ki, miqrasiya uçotuna alınsınlar.
Xəbər 75 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|