05.12.2025 15:32
AZƏRBAYCAN YATIB, İRAN VƏ RUSİYA İSƏ OYAQDIR...
İllərdir ki, İran və Rusiyanın informasiya müstəvisində ölkəmizə qarşı aktiv və sistemli şəkildə apardığı təbliğatı görməzlikdən gəlirik. İrana və Rusiyaya məxsus sosial platformalar hər gün ölkəmizin daxili işlərinə müdaxilə edir, etnik münasibətləri siyasiləşdirir, müxtəlif dini və etnik icmalar arasında şübhə toxumu səpməyə çalışır. Bir sözlə, “mehriban qonşularımız” oyaqdır, planlı şəkildə işləyir, auditoriya formalaşdırır, insanların beynində “Azərbaycan etnik azlıqları sıxışdırır” şübhəsi formalaşdırır.
Sərhədyanı rayonların etnodemoqrafik mənzərəsi
Azərbaycan cənubdan İranla, şimaldan Rusiya ilə, şimal-qərbdən isə Gürcüstanla həmsərhəddir. İndi gəlin, bu bölgələrdəki əhalinin etnik tərkibinə və demoqrafik vəziyyətinə diqqət edək.
Cənub sərhədi Lənkəran, Astara, Lerik və qismən də Masallı rayonlarını əhatə edir. Bu regionun əsas fərqliliyi talışların kompakt məskunlaşmasıdır. Ümumilikdə Azərbaycanda talışlar rəsmi statistikaya görə, əhalinin təxminən 0,9-1,3%-ni təşkil edir və əsasən, cənub rayonlarında cəmləniblər. Yəni ölkə üzrə talışların sayı rəqəmlə az görünə bilər, amma sözügedən rayonların bir çox kənd və qəsəbələrində başlıca etnik icma məhz onlardır, sayları ilə bağlı da müəyyən mübahisələr var. Lənkəran-Astara xətti həm etnik, həm də mədəni baxımdan rəngarəngdir. Bu rayonların çoxunda əhali əsasən kəndlərdə yaşayır. Gərginliyi artıran amil regionun gənc əhali sayının yüksək olmasıdır. Bu isə o deməkdir ki, etnolinqvistik azlığa mənsub gənclər sosial şəbəkələrdə daha aktivdir, xarici mərkəzlərin əsas hədəf auditoriyası da onlardır.
Digər gərginlik mənbəyi ondadır ki, sərhədin o üzündə də talışlar kompakt yaşayır. Gilan vilayətində Astara, Taleş, Rizvanşəhr, Masal kimi qəzalar talışların əsas yaşadığı ərazilərdir. Yəni cənub sərhədi faktiki olaraq ikiyə bölünmüş eyni etnosun yaşayış məkanıdır.
Şimal sərhədi Rusiya (Dağıstan) sərhədi boyunca uzanır. Bu bölgədə Qusar, Quba, Xaçmaz, dağətəyi zonada isə Qəbələ, İsmayıllı, Oğuz, Şəki kimi rayonlarda etnik tərkib cənub bölgəsinə nisbətən daha rəngarəngdir.
Ləzgilər Azərbaycandakı ən böyük etnik azlıqdır - rəsmi rəqəmlə 1,7–2%-dir. Kompakt yaşadıqları əsas ərazi Qusardır. Quba, Xaçmaz, Qəbələ və İsmayıllıda da ləzgi icması mövcuddur.
Şimal sərhədi boyunca dağ yəhudiləri (Qırmızı Qəsəbə/Quba), avarlar (Zaqatala, Balakən), saxurlar (Qax və Zaqatala), tatlar (Qubanın Qonaqkənd zonası, Şamaxı, Siyəzən və Xızının bəzi kəndləri) kimi qruplar da yaşayır. Bu zonada da əhalinin demoqrafik strukturunda gənclər üstündür.
Sərhədin qarşı tərəfində - Dağıstanda ləzgilər, avarlar, saxurlar və digər Nax-Dağıstan qrupu xalqları yaşayır.
Şimal-qərb üçbucağında Gürcüstanla sərhəddə yerləşən Balakən, Zaqatala və Qax rayonları çoxetnoslu zona kimi xarakterizə olunur. Zaqatalada azərbaycanlılarla (70,1%) yanaşı avarlar (20,1%) və saxurlar (9,1%) yaşayır. Qaxda azərbaycanlılar (81,9%), gürcülər və ingiloylar (13,7%), saxurlar (3%) mövcuddur. Balakəndə isə azərbaycanlılarla yanaşı avarlar, ingiloylar, gürcülər, ləzgilər və ruslar məskunlaşıb.
Ümumi mənzərə artıq hər kəsə aydın olmalıdır. Etnik azlıqların əhəmiyyətli hissəsi məhz sərhəd rayonlarında və kompakt şəkildə yaşayır: cənubda talışlar, şimalda və şimal qərbdə Nax-Dağıstan qrupu xalqları və ingiloy/gürcülər. Bu isə Azərbaycanın sərhəd bölgələrini həm etnik xəritə, həm də demoqrafik dinamika baxımından həssas edir. Burada baş verən istənilən ictimai-siyasi proses təkcə daxili siyasət yox, həm də İran, Rusiya və Gürcüstanla münasibətlər kontekstində ayrıca şərh olunmalıdır.
Yuxarıda sərhəd bölgələri ilə bağlı təqdim etdiyimiz statistik mənzərə “mürgülü” azərbaycanlı üçün ilk baxışdan adi görünə bilər. Amma prosesi izləyən və “mehriban qonşularımızın” fəaliyyətinə bələd olan ayıq insanlar nə demək istədiyimi çox yaxşı anlayır.
İranın klassik hücum taktikası
İranmərkəzli təbliğatın miqyası son illərdə ciddi şəkildə genişlənib. “Səhər Azəri” kimi kanallar yalnız televiziya vasitəsilə deyil, sosial media, hətta WhatsApp qrupları üzərindən də Azərbaycana yönəlmiş ideoloji axın yaradırlar. (Bax: https://multikultural.az/.../iranin-oyunu-seher-azeri.../) Bu təbliğatın məqsədi aydındır: etnik münasibətləri siyasiləşdirmək, cəmiyyətdə inamsızlıq toxumu səpmək, dövlətin legitimliyini sual altına almaq və s.
“Səhər Azəri” və ona bağlı onlarla Telegram, Instagram və YouTube kanalının xüsusi hədəf auditoriyaları var. Lakin biz bu auditoriyanı araşdırmır, onların demoqrafik xüsusiyyətlərini müəyyənləşdirmir, hansı psixoloji boşluqlardan istifadə olunduğunu təhlil etmirik. Bu isə informasiya təhlükəsizliyi baxımından ən ciddi problemlərdəndir.
İranın hədəfində sosial narazı olan qruplar, sərhəd rayonlarında (xüsusilə Cənub) iqtisadi çətinlik çəkən həssas təbəqələr (İmam Xomeyni adına İmdad Fondundan qalan 10 minlərlə telefon nömrəsi və ünvanlar), etnik icmalar (xüsusən, əsasən Rusiyada mənzillənmiş etnik separatçıları), sosial şəbəkələrdə təsirə açıq olan 16–35 yaş arası gənclər dayanır. İranda Azərbaycanın tat və talış əsilli vətəndaşları ilə bağlı bir neçə dəfə “elmi konfranslar” keçirilib. Artıq digər etnik icmalar, xüsusən də ləzgilərlə də bağlı İran mediasında ardıcıl yazılar dərc olunmaqdadır.
Təkcə İranmı? Əlbəttə yox.
Xaricdəki bəzi azərbaycandilli media resursları da etnomərkəzçi ideoloji xətti çox məharətlə yerinə yetirirlər. (Bax: https://multikultural.az/.../azerbaycaniliq-yoxsa-etnikilik/)
Rusiya aktiv hücumda...
Telegram və YouTube platformalarının rusdilli seqmentində “Azərbaycanda azlıqlar sıxışdırılır” tezisinin sistemli şəkildə gündəliyə gətirilməsi təsadüfi deyil. Azərbaycanın Qərbə yaxınlaşdıqca rus mediası bu mövzunu süni şəkildə daha çox qabardır.
Kremlin klassik mexanizmi dəyişmir: ləzgi mövzusunu gündəliyə gətirmək, “Rusiya sizi Bakıdan qoruyur” təsəvvürü yaratmaq, Dağıstan-Azərbaycan xəttində gərginlik görüntüsü formalaşdırmaq. Rusdilli Telegram, VK, YouTube (hazırda qapadılıb, amma digər vasitələrlə giriş mümkündür) və Facebook seqmentində etnik mövzuların davamlı şəkildə tirajlanması da bu strategiyanın bir hissəsidir.
“Sputnik”, RİA, TASS, “Tsarqrad” və “Solovyov Live” kimi platformalar “Azərbaycan azlıqları sıxışdırır”, “Ləzgilər öz taleyini həll etməlidir”, “Cənubda İran mədəniyyətinə rəğbət artır” kimi şablon dezinformasiyalar yayır. Məqsəd informasiya mühitində xaos yaradıb ictimai rəyi yönləndirməkdir.
Dağıstanda “V Kontakte” və Telegram seqmenti daha aqressivdir: “Azərbaycan ləzgilərə qarşı ədalətsizlik edir”, “Avar torpaqları bölünüb”, “Zaqatala-Balakən tarixi avar zonasıdır” kimi əsassız iddialar emosional fon yaratmaq üçün dövriyyəyə buraxılır.
YouTube “tədqiqatçıları” və Telegram bloqerləri isə informasiya sabotajını həyata keçirən əsas aktorlardır. Bəziləri sifarişlə, digərləri isə maliyyə qarşılığında işləyir. Onların işi sadədir: mövzunu şişirtmək, manipulyasiya və diqqət cəlb etmək.
“V Kontakte” qruplarında (“История Кавказа” və digərləri) Qusar, Quba, Xaçmaz və Dərbəndi “etnik ləzgi vətəni” kimi göstərən saxta xəritələrin dövriyyəsi adi hala çevrilib. Bu paylaşımlar təsadüfi deyil, koordinasiyalı kampaniyaların tərkib hissəsidir.
Ən radikal seqment Dağıstanın psevdomillətçi Telegram kanallarıdır. Burada bəzən açıq hərbi ritorika belə müşahidə olunur. Bu fəaliyyətlərin hamısının birbaşa Kremlin sifarişi olduğunu iddia etmək düzgün olmasa da, Moskvanın onları dayandırmaması yetərincə aydın mesajdır.
Reallıqda Azərbaycanda rus icması sayca kiçikdir, amma bu auditoriya rus KİV və sosial şəbəkələrinə birbaşa bağlıdır və təbliğata daha açıqdır. Azsaylı icma Rusiya təbliğatının nəzərində Azərbaycan vətəndaşları kimi deyil, “Russkiy mir”in (rus dünyasının) bir parçası kimi təqdim olunur, Azərbaycan mədəni mühitindən ayrılmasına cəhd edilir.
Nəticədə eyni mənzərə yaranır: onlarla feyk(saxta) profil “Azərbaycan azlıqları sıxışdırılır” iddiasını təkrarlayır, xəritələr sinxron şəkildə paylaşılır, müxtəlif platformalarda süni dalğa yaradılır.
İnformasiya təhlükəsizliyimiz nə qədər təhlükəsizdir?
Təəssüf ki, hələ də bu hədəflərə qarşı sistemli müdafiə xətti qura bildiyimizi deməyə çətinlik çəkirik. Konkretləşdirsək: informasiya təhlükəsizliyi kağız üzərində mövcuddur, əməldə isə ciddi boşluqlar var. Uzun illər bu sahəni araşdıran biri kimi deyə bilərəm ki, real monitorinq və analitik iş müşahidə olunmur.
Xarici media təsirlərinin (təxminən 55 sayt və sosial şəbəkə hesabı) monitorinqi nə texniki, nə analitik baxımdan yetərlidir. İran və Rusiyanın informasiya əməliyyatlarını real vaxtda izləyən, təhlil edən, qabaqlayıcı cavablar hazırlayan ixtisaslaşmış media resursu yoxdur. Dezinformasiya ilə mübarizə aparmalı qurumların fəaliyyəti isə ya formal xarakter daşıyır, ya da yalnız müəyyən dövrlərdə aktivləşir.
İran və Rusiyanın təbliğatının ən təhlükəli tərəfi onun sosial şəbəkələrdə saniyələrlə yayıla bilməsidir. Azərbaycanda isə bu yayılmanı izləyən sistem mövcud deyil. Təsəvvür edin: bir manipulyativ videonun 10 dəqiqəyə minlərlə baxış alması, 1 saata yüzlərlə repost edilməsi real vəziyyətdir. Amma bu proses nə təhlil olunur, nə də adekvat cavablandırılır.
Təəssüf ki, İran, Rusiya, az miqdarda da Gürcüstan tərəfindən yayılan manipulyativ materiallara media və QHT-lərin reaksiyası ya gecikir, ya da ümumiyyətlə olmur. “Azərbaycan azlıqlara təzyiq edir” tipli dezinfolar bir neçə Teleqram kanalında yayılandan sonra artıq Facebook və TikTok-da yüz minlərlə insana çatır. Monitorinq olmadığından bu dalğanın hansı mərhələdə olduğu bilinmir.
Başqa sözlə, informasiya müharibəsinin ən vacib elementi olan “kim hədəf alınır?” sualı praktik olaraq öyrənilmir. Bu isə ölkəmizə qarşı sistemli təbliğat aparan aktor və aktorlar üçün ideal şərait yaradır.
Nəticədə “mehriban qonşularımızın” ideoloji mesajları heç bir filtrdən keçmədən ölkənin informasiya mühitinə daxil olur. Bu isə təkcə informasiya təhlükəsizliyi deyil, həm də milli təhlükəsizlik problemidir.
Cənablar və xanımlar!
İnformasiya müharibəsində ən zəif nöqtə boşluqdur. Azərbaycan həmin boşluğu aradan qaldırmadıqca, İran və Rusiya o boşluğu sistemli şəkildə doldurduqca, balans yalnız bir tərəfin xeyrinə işləyəcək.
Gəlin, o tərəf biz olaq.
Niyaz NİFTİYEV
Xəbər 656 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|