28.06.2025 15:20
Azərbaycanlılara “istintaq gedir, heç bir məlumat verməyin” deyib hədə-qorxu gəlirlər
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları iyunun 27-də səhər saat 5 radələrində Yekaterinburq şəhərində azərbaycanlılara məxsus 9 mənzilə basqın edib.
XəzərNews.az xəbər verir ki, Teleqraf-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, əməliyyatçılar həmin evlərdən müəyyən əşyaları götürüb, vətəndaşlara işgəncə verib.
Nəticədə iki azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib. İyunun 28-də səhər saatlarında daha bir soydaşımız - öldürülən Səfərov qardaşlarının əmisi oğlu Kamal Səfərov həbsxanada işgəncələrlə qətlə yetirilib.
Meyitlərin bazar ertəsi Bakıya göndəriləcəyi gözlənilir
Mənbənin məlumatına görə, Federal Təhlükəsizlik Xidməti orada yaşayan azərbaycanlılara “istintaq gedir, heç bir məlumat verməyin” deyib hədə-qorxu gəlir.
“Meyitlərin Azərbaycana göndərilməsi ilə bağlı işlər başlayıb. Ehtimal ki, sabah iyunun 29-da meyitlər ailələrinə təhvil veriləcək, birinci gün mərhumların cənazəsi Bakıya göndəriləcək. Qətlə yetirilmiş Səfərov qardaşlarının kiçiyi - Hüseyn Azərbaycan vətəndaşı, böyük qardaşı Ziyəddin isə Rusiya vətəndaşıdır. Ümumilikdə 9 mənzilə basqın olub. Basqın zamanı qadınlara da işgəncə verilib” - mənbə bildirib.
Şəxslərin hamısı Ağdamın Mərzili kəndindəndir
Hadisənin səbəbi 24 il əvvəl baş vermiş qətllə əlaqələndirilib.
Mənbənin bildirdiyinə görə, bu şəxslərin hamısı Ağdamın Mərzili kəndindəndir. Bunların kafesində o vaxt qətl hadisəsi olub. Üstündən 24 il keçəndən sonra, məhz indi bu şəxslərin evinə basqın edərək işgəncə verib onlardan qətli etiraf etmələrini tələb ediblər. Qardaşlar cinayəti üstlərinə götürmədikləri üçün işgəncəyə məruz qalıblar. Hazırda 9 nəfər polisdə saxlanılır.
Xəsarət alanlardan üç nəfər travmatologiya xəstəxanasındadır.
Əldə etdiyimiz digər xəbərə görə, 2001-ci ildə həmin kafedə öldürülən şəxs də Ağdam rayonundan olan azərbaycanlıymış.
Basqın və qətl Azərbaycan diasporuna qarşı olan təzyiqdir
"Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qətlə yetirilməsi, insanların həbsi Azərbaycan diasporuna qarşı olan təzyiqdir".
Bu fikirləri isə Teleqraf-a açıqlamasında "Hərbi And" qəzetinin baş redaktoru, Səfərov qardaşlarının yaxın dostu Emin Həsənli Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın və qətl hadisəsini şərh edərkən deyib.
O bildirib ki, Ziyəddin və Hüseyn Səfərov qardaşları 35 ilə yaxındır Rusiyada yaşayırlar, onlar Rusiya vətəndaşlarıdır:
"Onlar həm də Azərbaycan diasporunun aktiv üzvü idilər. Vətən müharibəsində ölkəmizə aktiv şəkildə dəstək olurdular. Haqq səsimizi Rusiyaya çatdırmağa çalışırdılar. Bundan başqa, ölkəmizdən Rusiyaya gedən şəxslərə iş tapmaqda yardım edirdilər. Hamısı savadlı, mədəni insanlardı. Hazırda həbsdə olan Bakir Səfərov rus dili müəllimidi. Ziyəddinin 55, Hüseynin isə 60 yaşı var. Ağdamın Mərzili kəndində anadan olublar".
Emin Həsənli bildirib ki, onların evlərinə basqından dünən xəbər tutub: "Heç bir xəbərdarlıq olmadan evlərə basqın ediblər. Telefonlarını yığıblar. Bakir həmin qüvvələrdən sənəd tələb etsə də, buna məhəl qoymayıblar. Bu, ailəyə yox, Azərbaycan diasporuna qarşı hücumdur".
Həbs olunanların sayı 70 nəfərə yaxındır
Emin Həsənli deyib ki, bəzi rəqəmlərə görə, həbs olunanların sayı 70-dən çoxdur: "Rusiya mediası yazır ki, guya Hüseynin və Ziyəddinin ürəyi xəstə imiş. Tamamilə yalandır. Daha sonra bildirirlər ki, guya Azərbaycan diasporu arasında konflikt olub, bu da yalandır".
Emin Həsənli qeyd edib ki, qətlə yetirilən qardaşlardan biri kafe işlədir, digəri isə taksi sürücüsü kimi fəaliyyət göstərirmiş: "Ziyəddinin və Hüseynin hərəsinin 2 oğlu var idi. Ziyəddinin oğlu hüquqşünasıdır. Hazırda özü də bu işlə maraqlanır. Digərləri də ali təhsillidir".
Baş redaktorun sözlərinə görə, hazırda meyitlərin təhvil alınması, Azərbaycana gətirilməsi yönündə iş gedir: "Dövlətimiz, diasporamız bu istiqamətdə fəaliyyətdədirlər".
Xəbər 135 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|