08.12.2025 10:43
Multikulturalizmin informasiya sınağı: Hansı boşluqlar var?
Azərbaycan tarixən çoxsaylı etnik qrupların bir arada yaşadığı coğrafi ərazi kimi formalaşıb. Qafqazın mürəkkəb etnososial mənzərəsi bu torpaqlarda yaşayan xalqların dil, mədəniyyət və adət-ənənələrində də təzahür edir. Lakin müasir informasiya mühitinin sürətli transformasiyası və medianın son vaxtlar əsasən siyasi gündəmlə məhdudlaşması bir sıra azsaylı xalqların sosial-mədəni irsini arxa planda saxlayıb. Məhz bu baxımdan, beynəlxalq hesabatlarda onların kimliyinin qorunması üçün yeni platformalara ehtiyac məsələsi qabarıq şəkildə gündəmə gəlib. Əsas vurğulanan məqamlardan biri də odur ki, etno müxtəlifliyin qorunması zamanı yalnız hüquqi mexanizmlərlə kifayətlənməməli, həm də informasiya mühitinə bərabər çıxış imkanları dəstəklənməlidir. Yəni milli azlıqarı yalnız folklor və etnoqrafiya səviyyəsində deyil, həm də çağdaş sosial-mədəni proseslərin iştirakçıları kimi göstərmək lazımdır.
BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Azərbaycanın hələ 2021-ci ildə təqdim etdiyi dördüncü dövri hesabat üzrə yekun müşahidələrində xüsusi olaraq milli azlıqların vəziyyətinə toxunmuşdu. Komitə ölkədə yaşayan milli azlıqların kimlik, dil, tarix və mədəniyyətlərini ifadə etmək imkanı verən mühitin yaradılmasını tövsiyə edirdi. Əlbəttə, bu tövsiyələr yeni deyil, eyni fikirlər uzun illərdir ABŞ Dövlət Departamenti (daha çox dini azlıqlar), ATƏT-in və Avropa Şurası çərçivəsində qəbul edilmiş Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasına dair hesabatlarda da tez-tez təkrarlanır (Azərbaycanda ölkədəki milli azlılqarın vəziyyəti ilə bağlı vaxtaşırı hesabatlar təqdim edir).
Və yaxud da Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiya üzrə Məşvərət Komitəsinin 18 noyabr 2024-cü il tarixli Beşinci Rəyi Azərbaycan XİN tərəfindən birmənalı qarşılanmadı. Qeyd olundu ki, bu rəy hökumətin səylərini tam və obyektiv şəkildə əks etdirmir: bir sıra müsbət nailiyyətlər nəzərə alınmayıb, bəzi mülahizələr isə əsassız və reallığa uyğun deyil. Xüsusilə də rəydə 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonrakı siyasi xarakterli iddialar monitorinq dövrünün mandatına aid deyil. Komitənin Media və QHT qanunlarına dair iradları da mandatdan kənara çıxır.
Eyni ölkə, amma fərqli vəziyyət…
Araşdırmalar göstərir ki, Azərbaycanda yaşayan milli azlıqların sosial-mədəni resurslara çıxışı arasında ciddi fərqlər var. Bu fərqlər həm də yalnız demoqrafik göstəricilərdən deyil, eyni zamanda media resurslarının mövcudluğu və konkret milli azlığın öz təşəbbüskarlığından da qaynaqlanır. Düzdür, dövlət bu etnorəngarəngliyə fərq qoymasa da dəstək mexanizmi də yox səviyyəsindədir. Əlbəttə, MEDİA Agentliyinin yardımı əsasında hazırlanan yazılar istisna olmaqla… Onlar da yalnız ölkədə mövcud olan multikultural şəraitin təkrar-təkrar ictimailəşdirilməsindən başqa bir şey deyil. Təəssüf ki, araşdırma janrlı, problemlərin aktuallığını özündə ehtiva edən materiallara rast gəlinmir.
Məsələn, bu gün ölkədə rus və gürcü icmalarının təhsil infrastrukturu daha əlçatandır, onların məktəbləri və dil kursları, media resursları uzun illərdir fəaliyyət göstərir. Talışlar, ləzgilər və yəhudilər öz dillərində informasiya vasitələri yaratmağa meyillidirlər, internet və sosial media alətləri ilə kimliklərini daha fəal şəkildə təbliğ edirlər. Amma saxur, buduq, ingiloy, qrız, hapıt və tat kimi icmalar üçün bu imkanlar məhduddur. Bu xalqların bir çoxu kompakt halda kəndlərdə yaşayır, internet infrastrukturu zəifdir, mədəniyyətlərini ictimailəşdirən və informasiya istehsal edən resursları yoxdur.
Bu fərqlər araşdırmalarda da da öz əksini tapır: 2023–2025-ci illərin media monitorinqi (“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İB) göstərir ki, bəzi xalqlar - məsələn, buduq, qrız, hapıt haqqında ümumiyyətlə araşdırma xarakterli məqalələr dərc olunmayıb. Cəmi iki hapıt sözlüyü haqqında qısa məlumat, bir saxur və bir tat icması barədə xəbər mediaya çıxıb. Bu, həm elmi ictimaiyyətin məlumat bazasını məhdudlaşdırır, həm də geniş auditoriyanı həmin icmaların real vəziyyətindən xəbərsiz qoyur.
Media boşluğu, yoxsa laqeydlik…
Bir zamanlar İctimai Televiziyada fəaliyyət göstərən Milli azlıqlar üçün verilişlər Departamenti bu sahədə mühüm rol oynayırdı. Departamentin bağlanmasından sonra mədəni müxtəlifliyin təbliği sahəsində ciddi boşluq yarandı. Əlbəttə, bu boşluq təkcə məlumat çatışmazlığı deyil, həm də milli azlıqların təmsilçiliyi ilə bağlı olan sosial məsələdir.
Hazırda mediamız azsaylı xalqlar haqqında məlumatları əsasən bayramlar, folklor tədbirləri və rəsmi protokol çərçivəsində təqdim edir (Məsələn, Mədəniyyət Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin press-relizləri kimi). Halbuki onların gündəlik sosial problemləri, gənclərin təhsilə çıxışı, qadınların sosial həyatda rolu, regionlardakı iqtisadi çətinlikləri kimi məsələlər də ictimai diskursun ayrılmaz hissəsi olmalıdır. Olmayanda isə, bu boşluq beynəlxalq təşkilatların hesabatlarında və “mehriban qonşular”ın mediasında “etnik məsələlərin neqativ aspektlərdən işıqlandırılması” kimi təhlükəli tendensiyalarla müşahidə edilir. Yəni deməyim odur ki, informasiya azlığı və yaxud da olmaması çox vaxt yanlış təsəvvürlərə və stereotiplərin dərinləşməsinə səbəb olur. (Bu barədə “Azərbaycan yatıb, Rusiya və İran isə oyaqdır” yazımda ətraflı bəhs etmişəm - https://multikultural.az/az/milli-azliqlar/1531/azerbaycan-yatib-iran-ve-rusiya-ise-oyaqdir/)
Nə etməliyik və ya edə bilərdik?
Azərbaycanda multikulturalizm siyasətinin mövcudluğu və müxtəlif mədəni layihələr üçün açılan imkanlar problemin həllinə real zəmin yaradır.
Birincisi, azsaylı xalqlar öz sosial-mədəni irslərini qorumaq üçün ilk növbədə müasir kommunikasiya alətlərindən istifadə etməlidirlər. Dövlət bu və ya digər sahələrdə onlara heç bir məhdidiyyət qoymur.
İkincisi, azsaylı xalqların media ilə əlaqələrinin gücləndirilməsi onların mədəni irsinin qorunması və ictimaiyyətdə daha görünən olmasına xidmət edəcək. Bu, jurnalistlərin azlıqlarla daha yaxından tanış olmasını, milli azlıqların özlərinin də media məzmunu yaratmaq bacarıqlarını artırmasını, materialların hazırlanmasını və multikultural mövzulara həssaslığın yüksəldilməsini əhatə edir. Media qurumları ilə milli azlıqlar arasında əməkdaşlığın inkişafı həm stereotiplərin qarşısını alacaq, həm də bu xalqların sosial-mədəni həyatını daha obyektiv və dolğun təqdim etməyə imkan yaradacaq. Bu yanaşma mədəni müxtəlifliyin cəmiyyətdə daha sağlam şəkildə təbliğinə və milli azlıqların kimliyinin ifadəsinə mühüm töhfə verəcək.
Üçüncüsü, milli azlıqların sosial şəbəkələrdə görünən olması üçün əsas addımları yenə özləri atmalıdırlar. Məsələn, öz dillərində və mədəniyyətlərinə uyğun qısa video, foto və hekayələr hazırlamalı, gənclərin rəqəmsal bacarıqları təlimlərlə gücləndirilməli, facebook, instagram və youtube kimi platformalarda rəsmi saölam icma səhifələri yaradılmalı və məzmun çoxdilli şəkildə təqdim edilməlidir. İcma daxilində məlumat ötürən könüllülərin formalaşdırılması, media və blogerlərlə əməkdaşlıq da mühüm vasitələrdəndir. Bu yanaşma mədəni irsin müasir və cəlbedici formada tanıdılmasına şərait yarada bilər. (Bu barədə “Mətbuatda multikulturalizm”, Bakı- 2017 kitabımda ətraflı qeyd etmişəm – N.N)
Və nəhayət, azsaylı xalqların Dövlət Proqramları haqqında daha dolğun məlumatlandırılması təmin olunmalıdır. Bunun üçün əlahəzrət dövlətimiz gördüyü işlərlə bağlı informasiyaları onlara əlçatan etməlidir. Bunun üçün materialların sadə və mümkün olduqda azlıqların dillərində hazırlanması, icma sədrlərinin məlumatlandırma prosesinə cəlb edilməsi, bölgələrdə görüş və təqdimatların keçirilməsi mühüm rol oynayacaq. Xüsusən də sayt və sosial şəbəkələrdə xüsusi bölmələrin yaradılması, QHT və media ilə əməkdaşlıq, həmçinin mobil kommunikasiyadan (WhatsApp) istifadə məlumatların daha geniş və effektiv yayılmasını təmin edəcək. Mən bu təcrübəni QHT Agentliyinin layihəsi əsasında bir neçə dəfə tətbiq etmişəm.
Yuxarıda sadaladığım işlərin icrası zamanı təbii ki, həm yerli icmalarla, həm də onların paytaxtda yaşayan nümayəndələr ilə əməkdaşlıq edilməli, tədqiqatçılar, jurnalistlər və QHT-lər arasında davamlı əlaqə qurulmalıdır. Belə olacağı təqdirdə mədəni müxtəlifliyin vahid Azərbaycan kimliyinin (Oxu: Azərbaycançılıq ideologiyası) formalaşmasına töhfə verəcəyi, birgəyaşayış ənənəsinin daha müasir formada təbliğ olunacağı şübhəsizdir.
Biz toplum olaraq dərk etməliyik ki, Azərbaycanın etnik xəritəsi yalnız mədəni müxtəlifliyin deyil, həm də tarix və dövlətçiliyin ayrılmaz elementidir. Çünki, hər bir etnik qrupun dil və ənənələri, folkloru, maddi-mədni iris bu coğrafiyanın yüzillik yaddaşını tamamlayır.
Bu baxımdan, təlimlərdə boy-boy foto çəkdirən gənc jurnalistlərimiz, onların ərdəm redaktorları idrak etməlidirlər ki, milli azlıqların mediaya çıxışına dəstək olmaq, sosial-mədəni irslərini qorumaq, təkcə həmin icmalar üçün deyil, vahid Azərbaycan kimliyi üçün də strateji əhəmiyyət daşıyır. Mədəni müxtəlifliyin təbliği həm də ölkədə sabit etnomühitin, birgəyaşayışın möhkəmlənməsinə, sosial əlaqələrin güclənməsinə və cəmiyyətin daha tolerant inkişafına şərait yaradar.
Prezident İlham Əliyevin dediyi kimi: “Multikulturalizm Azərbaycanın həyat devzidir…”
Niyaz NİFTİYEV
Xəbər 861 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|