15.12.2025 16:47
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
“Hökumət illər öncə aqrar sahəni və turizmi prioritet elan etmişdi, güya, bu sahələrdə ciddi artım olacaqdı, ölkəyə valyuta axacaqdı. İqtisadiyyatın bir çox sahəsində olduğu kimi, bu iki istiqamət üzrə də atılan addımlar əks-effekt verdi, hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı”.
XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı Natiq Cəfərli çıxış edib.
N.Cəfərli qeyd edib ki, quru sərhədləri heç bir səbəb olmadan bağlı saxlayıb turizmi prioritet elan etmək, inkişaf etdirmək mümkün deyil – bu sadə həqiqəti artıq anlamaq lazımdır:
“2019-cu il ilə müqaisədə 2024-də ölkəyə, az qala, 2 dəfə daha az turist gəlib, bu inkar olunmaz sübutdur ki, bağlı sərhədlər ölkə iqtisadiyyatına, turizmə, hətta vətəndaşın psixoloji durumuna mənfi təsir edir.
Gələk aqrar sahəyə - bizim coğrafiyada əsrlərdir ki, maldarlıq ən çox yayılan, insanımızın ən çox bacardığı sahələrdən biri idi. Hökumətin düşüncəsiz siyasəti nəticəsində bu sahədə ciddi tənəzzül yaşanır, iri buynuzlu mal-qara, qoyun-keçi sayı kəskin azalır. Hökumət isə seyrici qalıb, səbəbini araşdımır, bu qorxulu tendensiyanın qarşısını almaq üçün hansısa addım atmır”.
N.Cəfərli qeyd edib ki, Azərbaycanda 2021-ci ilin yanvarında 8 milyon 89,7 min baş qoyun və keçi olduğu halda, 2025-ci ilin oktyabrında bu göstərici 6 milyon 763,7 min başa enib – bu 1 milyon 326 min baş və ya 16,4 faiz azalma deməkdir:
“2021-ci ilin yanvarında qoyun ətinin ölkədə orta qiyməti 11 manat 90 qəpik idi, 2025-ci ilin avqustun birinə rəsmi, bir daha, rəsmi rəqəmlərə görə qoyun ətinin orta qiyməti 18 manat 70 qəpiyə yüksəlib.
2025-cü ilin ilk 10 ayında ölkəyə idxal edilən dondurulmuş qoyun ətinin həcmi 291,16 tona yüksəlib, bu da illik müqayisədə 65% artımdır. İdxalın əsas hissəsi – 244,66 ton Monqolustanın payına düşüb. Oktyabrdan etibarən Azərbaycana Somalidən də 46,5 ton dondurulmuş qoyun əti gətirilib. Acınlıq içində olan Somalidən ət idxal edən vəziyyətə düşmüşük.
Bu hələ dondurulmuş ətdir, dahası da var: bu ilin ilk 10 ayında Rusiya və Gürcüstandan ümumilikdə 289 min baş diri qoyun gətirilib ki, keçən ilin eyni dövrünü 89% üstələyir. Diri qoyunların idxalı ölkədən ümumilikdə 31,4 milyon dollarlıq valyuta çıxmasına səbəb olub.
Gürcüstandan gətirələn diri qoyunları həmin ölkədə yaşayan soydaşlarımız yetişdirir, əsasən, Gürcüstan türklərinin yaşadığı bölgələr maldarlıqla, heyvandarlıqla məşğul olurlar. Yəni, Gürcüstanda yaşayan soydaşımız qoyun-keçi, mal-qara saxlmağı, artırmağı bilir, yerli bazarı da təmin edir, Azərbaycana da satır, amma, bizim məmləkətdə yaşayan bunu edə bilmir – niyə, çünki, iqtisadi sistem fərqlidir. Gürcüstan insanın maraqlarını idarə edir, Azərbaycan isə insanın özünü idarə etməyə çalışır”.
Xəbər 232 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|