23.09.2025 10:29
İran “tövbə müsəllası”na hazırlaşmalıdır - TƏHLİL
İranın Azərbaycan Respublikasındakı səfiri Müçtəba Dəmirçilu son həftə ərzində xeyli aktivləşib. Onun aktivləşməsi məqsədyönlü və qarşılıqlı faydalı görünür. İran–Azərbaycan münasibətləri tarixində ilk dəfə belə kompleks proqram ortaya qoyulur. Bu proqramın həyata keçirilməsinə mane olan amillərin aradan qaldırılmasına başlanmalıdır.
Əlbəttə, qısa müddətdə həll olunması çətin olan problemlər də var. İranda bəzi dairələr iddia edirlər ki, ölkənin Avropaya gedən yeganə yolu Ermənistan ərazisindən keçir və bu istiqamətdə fəal çalışırlar. Halbuki İranın həm Türkiyə üzərindən Avropaya, həm də Azərbaycan ərazisindən Rusiya və Avropaya çıxış imkanı mövcuddur.
Xatırlatmaq yerinə düşər: Azərbaycan müstəqilliyini qazandıqdan sonra ölkə neftinin xaricə çıxarılması ilə bağlı ciddi polemikalar gedirdi. İran da həmin müzakirələrdə iştirak edirdi. İran yaxşı bilirdi ki, Azərbaycan neftinin əsas alıcısı Avropa ölkələridir və buna görə də çox sadə bir mexanizm təklif etmişdi: “Neftinizi İran–Azərbaycan sərhədində bizə verin, biz onu Fars körfəzi vasitəsilə ABŞ və Avropanın istənilən ölkəsinə çatdıraq”.
Rəhmətlik prezident Əbülfəz Elçibəy dövründə İranın təklif etdiyi Astara–Urmiya marşrutu uzun müddət siyasi dairələrdə ciddi müzakirə mövzusu olmuşdu. Hətta həmin layihəni “Vahid Azərbaycan” kəməri adlandıranlar da vardı. İran sözünün üstündə durmuşdu.
Məqsədim o dövrün polemikalarını yenidən müzakirəyə çıxarmaq deyil. Sadəcə, göstərmək istəyirəm ki, İranın Avropaya Azərbaycansız və Türkiyəsiz çıxışı da mövcud olub. Belə olduğu halda, bu gün İranda bir qrup şəxsin Ermənistanı “həyat yolu” kimi təqdim etməsi əsassızdır. Vaxtilə Ermənistan prezidentləri İranı özləri üçün “həyat yolu” adlandırırdı, indi isə İran Ermənistanı eyni sözlərlə dəyərləndirir.
Məhz bu yanlış yanaşmaya görə İran bu gün geosiyasi seçimlər baxımından kasıb vəziyyətdədir. Halbuki yalnız Azərbaycan Respublikası ilə geoiqtisadi və geosiyasi münasibətləri dolğun səviyyəyə gətirməklə İran dünya miqyasında tamamilə fərqli gücə çevrilə bilərdi.
İran əvvəllər Ermənistan üzərindən enerji kommunikasiyaları keçirmək ideyalarını reallaşdırmaq istəmiş, rəsmi sənədlər qəbul etmiş, vəsait ayırmışdı. Amma nəticədə bunu başa çatdıra bilməmişdi. İndiki mərhələdə isə M.Dəmirçilunun təqdim etdiyi variant yalnız kağız üzərində qalmamalıdır.
Azərbaycanın da İranla ticari-iqtisadi və sərhəd münasibətlərinə ehtiyacı var, amma bu, İranın təqdim etdiyi kimi olmamalıdır. İran bu təşəbbüsü guya azərbaycanlılara yaxşılıq məqsədilə irəli sürdüyünü deyir. Ola bilsin, məhz buna görə sərhədin bağlı qalması uzadılır. Artıq beş ildir sərhəd bağlıdır, amma Azərbaycan əhalisinin, xüsusən sərhədyanı bölgələrdə yaşayan insanların sosial-iqtisadi və tibbi vəziyyətində ciddi problem yaranmayıb. Hər şey normaldır. Bu illər ərzində Azərbaycan sübut etdi ki, İranla əlaqələr olmadan da əhali, xüsusən sərhəd bölgəsi insanları normal yaşaya bilir.
Əgər İran həqiqətən sərhədyanı münasibətləri özünə vacib hesab edirsə və bütün şərtlərlə təmin edə biləcəksə, müraciət edə bilər. Amma sərhəd açıldıqdan sonra dini mərasimlər zamanı İran rəsmilərinin sərhəddə birgə dini tədbirlər keçirmək ideyası qətiyyən yolverilməzdir.
İran prezidenti Məsud Pezeşkianın Ərdəbilə səfərindən təxminən bir həftə sonra Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin Tehranda Pezeşkianla görüşməsi tərəflərin məsələyə ciddi yanaşdığını göstərir.
Bununla belə, Pezeşkianın adından Sepahın Teleqram kanallarında və ona yaxın ekspertlər tərəfindən yayılan məlumatlara ali rəhbərin ofisi reaksiya verməlidir. Ali rəhbərin Pezeşkiana yalnız sözlə dəstəyi kifayət deyil, konkret layihələr və ünvanlı dəstəklə müşayiət olunmalıdır.
Ən başlıcası isə İran 30 ildə niyə gerilədiyini düşünməli, anti-İslam, anti-Azərbaycan, anti-şiə fəaliyyətlərini gözdən keçirməlidir. Bunun üçün İrana tövbə müsəllası təklif edirik. İran iki mövzuda tövbə müsəllası keçirməlidir:
- İslam dinindən, Allahdan və Qurani-Kərimdən yalan məqsədlərlə istifadəsinə görə.
- Apardığı anti-Azərbaycan siyasətinə görə.
Əlbəttə, bu mövzu üzərində işləməyə davam edəcəyik.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 603 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|