Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı və vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri bu gün yeni geosiyasi reallıqlar fonunda ölkəmizin qlobal məkanla münasibətlərinin strukturlaşması və maddiləşməsi istiqamətində mühüm mərhələ kimi dəyərləndirilə bilər. Bu səfər, mahiyyət etibarilə, dövlətlərarası əməkdaşlıq çərçivəsindən çıxaraq, beynəlxalq münasibətlərin qlobal parametrinə keçidin başlanğıcı kimi qəbul olunmalıdır.
Roma Papası XIV Leo görüş zamanı Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında uzunmüddətli əməkdaşlığın mövcud olduğunu vurğulayaraq qeyd edib ki, bir neçə il əvvəl Mehriban xanım Əliyevanın təşəbbüsləri sayəsində bu münasibətlər xeyli inkişaf edib. O, həmçinin bildirib ki, bu əməkdaşlıq dinlərarası və sivilizasiyalararası dialoqa güclü təkan verib və bu baxımdan Azərbaycan dünya miqyasında ön sıralarda qərarlaşıb. Roma Papasının bu fikirləri, əslində, Azərbaycanın beynəlxalq platformalarda qlobal humanitar parametrlərə keçidinə verilən mənəvi xeyir-dua kimi dəyərləndirilə bilər.
Bu hadisəyə Azərbaycan coğrafiyasından baxış üç istiqamətdə aparıla bilər.
I. Qlobal münaqişələr fonunda Azərbaycanın rolu
Azərbaycanın ətrafında iki ciddi hərbi-siyasi qarşıdurma mövcuddur: qərbdə Rusiya–Ukrayna müharibəsi, şərqdə isə İsrail–Fələstin (Qəzza) toqquşması. Bu hadisələri yalnız regional konfliktlər kimi deyil, dünya sivilizasiyasının yeni mərhələyə keçid prosesi kimi qiymətləndirmək daha doğru olardı. Müharibə metodları və silahlar eyni qalsa da, bu qarşıdurmaların ideoloji və siyasi konteksti dəyişib, dünya siyasətində yeni düşüncə dalğasının formalaşdığını göstərir.
Azərbaycan bu iki münaqişənin arasında yerləşən, kölgəsi özündən böyük olan, yəni virtual təsir coğrafiyası real sərhədlərindən geniş olan bir dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bu təsir coğrafiyasının böyüməsini təmin edir. Hazırda Azərbaycan şirkətləri həm Mərkəzi Asiyada, həm Avropada, həm də Yaxın Şərqdə fəal işləyirlər, bu da ölkənin iqtisadi və siyasi təsirinin genişlənməsinin göstəricisidir.
Energetika bu prosesdə mərkəzi rol oynayır. Maddi və qeyri-maddi dəyərlərin kəsişdiyi nöqtədə yerləşən enerji sektoru sivilizasiyalararası qarşılıqlı təsirin yeni nəzəri bazasını formalaşdıra bilər. Məhz bu istiqamətdə Azərbaycan yeni konsepsiyanın müəllifinə çevrilmək potensialına malikdir.
II. İranın dini siyasəti və Azərbaycan modeli
Son illər İranın erməni xristianlığına göstərdiyi diqqət artmaqdadır. Bu, dini motivlərdən çox, siyasi xarakter daşıyan bir yanaşmadır. İslam prinsiplərinə və Quran ayələrinə zidd olan bu siyasət, uzun illər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə siyasi bəraət qazandırmaq cəhdidir. İranın Azərbaycana və azərbaycanlılara qarşı mənfi münasibəti, həmçinin Türkiyəyə yönəlik fobiyası bu iki ölkəni – İran və Ermənistanı – birləşdirən əsas amillərdəndir.
Son dövrlərdə İran mediasında yəhudiliyə (Musəviliyə) simpatiya nümayişi, Yerevanda Azərbaycan məscidində xristianlığın təbliği, eləcə də Tehranda erməni məhəlləsində “Həzrəti Məryəm” adını daşıyan metro stansiyasının açılması bu siyasətin tərkib hissəsidir. Bu, həm də İranın Qərbə yaxınlaşmaq niyyətini pərdələmək üçün həyata keçirdiyi geosiyasi oyun kimi görünür.
Bu mənada Mehriban xanım Əliyevanın Vatikana səfəri dinlər və sivilizasiyalararası dialoqun real, dürüst və etibarlı formatda aparılması üçün yeni mərhələ açır. Məsələni müqayisə üçün, bir neçə il əvvəl İranın o zamankı prezidenti Məhəmməd Əhmədinejadın Vatikan səfərlərini xatırlamaq kifayətdir: o, “dünyanı İslam və xristian dünyasına bölmək” tezisi ilə çıxış etmiş, lakin heç vaxt rəsmi qəbula buraxılmamışdı. Bu faktın özü Mehriban xanım Əliyevanın fərqli səviyyədə qəbul edilməsinin, Azərbaycan modelinin etimad doğurduğunun göstəricisidir.
Bu səfər təkcə Azərbaycanın dövlət və ictimai nümayəndəsinin fəaliyyəti kimi deyil, həm də Şərq və Qərb baxışlarının qovuşduğu strateji mərhələ kimi dəyərləndirilməlidir. Məqsəd hər hansı ölkəyə qarşı deyil, qlobal idarəçilik proseslərini rasional əsaslarla yönləndirmək və proqnozlaşdırıla bilən model qurmaqdır. Vatikan rəhbərliyinin və Roma Papasının Mehriban xanım Əliyevanın niyyətini anladığı və Azərbaycana tərəf addım atdığı da bu baxımdan mühüm siyasi göstəricidir.
III. Azərbaycan modelinin davamlılığı və Vatikanın mövqeyi
Müasir dövrdə tolerantlıq və multikulturalizmin praktik əsaslarını məhz Prezident İlham Əliyev formalaşdırdı. Lakin Avropanın siyasi prioritetlərinin dəyişməsi nəticəsində bu istiqamətdə bir müddət durğunluq yarandı. Bu gün isə Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vatikan səfəri bu prosesi yenidən canlandırır.
Vatikan rəsmiləri bu səfəri dövlət səfəri səviyyəsində qəbul edərək, Mehriban xanımın timsalında Azərbaycan dövlətinin tolerantlıq və mədəni dialoq sahəsində gördüyü işləri yüksək qiymətləndiriblər.
Qeyd etmək lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın da Vatikan səfəri gündəlikdə idi. Habelə katolikos II Qareginin Roma Papası ilə görüşü bu səfəri aktuallaşdırmışdı. Lakin Vatikanın Mehriban xanım Əliyevanın səfərini Paşinyanın səfərindən öncəyə salması, açıq şəkildə siyasi mesaj kimi dəyərləndirilə bilər.
Mehriban xanım Əliyevanın Vatikana səfəri, Azərbaycan diplomatiyasının qlobal dialoq və mədəni qarşılıqlı anlaşma xəttində yeni mərhələ açması ilə yadda qalacaq. Bu səfər həm Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi, həm də qlobal idarəçilikdə yeni humanist yanaşmanın formalaşması baxımından əhəmiyyətli addımdır.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 979 dəfə oxunub.