Müğənni Nura Suri sosial şəbəkə hesabında dövlət konsertlərinə dəvət almaması ilə bağlı Bir neçə gündür paylaşımlar edir.
XəzərNews.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin işindən narazı olan müğənninin etiraz addımlarına bir neçə incəsənət xadimi də qatılıb.
Etiraz edənlər arasında müğənni Xatirə İslam da yer alıb. Müğənni bildirib ki, uzun illərdir Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərə çağırılmır: “Hər zaman söz-söhbətdən qaçmışam, heç vaxt ürəyimdən keçəni dilimə gətirməmişəm, hər zaman içimdə boğmuşam. Bir gün yəqin ki, içim dağılacaq. Çünki mən danışanda davamını saxlaya bilmirəm, sona qədər vuruşmağa da canım o deyil. Əsəbləşməyin, sizi sevirəm. Mən özüm də 19 yaşından bu yana dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm, çox xidmətlərim olub. Vaxtilə toylarımı atıb, pulsuz dövlət tədbirlərinə gedirdim ki, gələcəkdə bu mənə kömək ola bilər. O zaman 19 yaşım var idi.
Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur. Amma bir yoldaş kimi sizə lazım olsa, yanınızdayam, hər mənada”.
Nazirlikdən isə bildirilib ki, müğənni özü dəvətlərdən imtina edib:
“Son bir il ərzində Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Xankəndi şəhər Günü çərçivəsində keçirilən rəsmi tədbirlərə Mədəniyyət Nazirliyi tərəfindən iki dəfə dəvət olunub. Xatirə İslam isə hər iki halda şəxsi səbəblər göstərərək iştirakdan imtina edib.
Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə dəvət olunan şəxslərin iştirak qərarı onların öz səlahiyyətidir. Lakin sonradan bu dəvətlərin guya verilməməsi barədə səsləndirilən iddialar əsassızdır və faktların təhrifinə yönəlmiş addım kimi qiymətləndirilir.
İctimaiyyətə yanlış məlumat ötürülməsi, faktların manipulyasiyası və reputasiyaya yönəlmiş cəhdlər qəbuledilməzdir”.
Xəbər 264 dəfə oxunub.