04.11.2025 11:14
Xomenei regionda ABŞ üçün İsraili əvəzləmək mesajını verdi - TƏHLİL
ABŞ-ın canişini olmaq İran İslam Respublikasının müəyyən mənada fəaliyyət planına çevrilib. İranın nüvə texnologiyası və AES tikintisi ilə bağlı davranış trayektoriyasını izləməklə bu qənaətə gəlmək mümkündür. İran bir müddət ABŞ və İsraillə eyni xəttə girmək istədi.
ABŞ prezidenti D. Trampın İranla İsrail arasında təklif etdiyi “əmək bölgüsü” isə İranın ali rəhbərini qane etmədi. D. Tramp İranı İsraillə iqtisadi əməkdaşlığa, “İbrahim müqaviləsi”nə qoşulmağa çağırdı və bunun ardınca da Qəzzada tənzimlənmə prosesində iştiraka dəvət etdi. Görünür, bu dəvət bir qədər gec gəlsəydi və ya Qəzza tənzimlənməsi, indiki proseslər gec baş tutsaydı, bəlkə də İran D.Trampın təkliflərinə müsbət cavab verə bilərdi. Yəni həm “İbrahim müqaviləsi”nə qoşular, İsraillə iqtisadi əməkdaşlıq edər, hətta İsrailin bütün xərclərini öz üzərinə götürərdi. ABŞ isə İranın üzərindən sanksiyaları götürə bilərdi.
Qəzzada gedən proseslərə qoşulmaqla bağlı İranın əvvəlcədən meyli var idi. HƏMAS-a ünvanlandığı “ABŞ-a qulaq as” tipli 2 mesaj bunu deməyə əsas verir. İran bu günədək HƏMAS-ın ABŞ və İsrailin diktəsi ilə öz-özünü buraxmasına etiraz bildirməyib. Əksinə, İranın daxilində D.Trampa bağlı qüvvələr Qəzzada əsas özəyi və işin gələcəyini HƏMAS-ın tamamilə sıradan çıxarılması üzərində quran atəşkəsin əldə olunması müqaviləsinə böyük dəstək aksiyası keçirdilər. Xüsusi olaraq qeyd edək ki, 2 il, 2 ay ərzində İranın indiki hökuməti Fələstinə dəstək aksiyası keçirə bilmədi. Bu fakt əhali ilə hökumət arasında çox dərin uçurumun olduğunu göstərir.
Bu fonunda, İranın ali rəhbərinin indiki diplomatiyanı rədd edib “raketi diplomatiyanın yerinə qoyması” gözlənilən idi. İran İsraillə əməkdaşlıq etmək üçün mütləq raket və PUA-sından imtina etməli idi.
D.Trampın son bəyanatına görə, İranda nüvə yanacağı yoxdur. Bu, bizim üçün də çox aydın və əvvəlcədən analitik nöqteyi-nəzərdən əsaslandırılmış mövqedir. İrana bildiririk ki, indiki İran dövləti nüvə faciəsi ehtimalı zamanı rəhbərliyin, o cümlədən ali rəhbərin hansısa qonşu dövlətin ərazisinə keçib qorunmasını təmin etmək üçün “dövlətin yarısını satmalı” olacaq qədər radikal resurs səfərbərliyi etməlidir. İranın ali rəhbəri gizlənmək üçün sualtı qayıqlara, yeraltı dərin bunkerlərə malik olmalıdır. Ali rəhbər bunkerdə gizlənməyə məcbur olduğu anda onunla əlaqənin kəsilməsi riski nəzərə alınmalıdır; nüvə faciəsi zamanı o, yeraltından bütöv ölkəni idarə etmək imkanında olmalıdır.
Həmçinin “Qiyamət günü təyyarəsi”nə sahiblənməlidir. Bu xüsusi konstruksiyalı təyyarəni İran özü istehsal etməlidir, çünki dünyanın təyyarə istehsal edən heç bir dövləti İranın ali rəhbəri üçün belə təyyarə düzəltməyəcək. Üstəlik, İranın sərnişin təyyarəsi də indi sınaqdan keçirilir; mülki təyyarə sənayesinin həmin səviyyəyə çatmasına bəlkə də 20 il vaxt lazımdır. Nüvə faciəsi zamanı qonşu dövlətlərin və ya dünyanın digər ölkələrinin İran rəhbərliyini öz ərazilərinə buraxıb-buraxmayacağı da qapalıdır.
Belə şəraitdə İranın ali rəhbəri yaranmış vəziyyəti düzgün təhlil etmədi və ABŞ-a uzunmüddətli həll tələb edən şərtlər irəli sürməklə dialoqu gündəmə gətirdi. Bu yanaşmanın sadə variantı belədir: ABŞ-a raketli, PUA-lı, ordulu İsrail lazım deyil; əgər sənə bu regionda İsrail kimi bir dövlət lazımdırsa, bu, yalnız İran ola bilər. İran İsraili bütün funksiyaları ilə əvəz edəcəyini bəyan edir. Lakin bunun ABŞ tərəfindən qəbul edilib-edilməyəcəyi bəlli deyil.
Ali rəhbərin birdən-birə yenidən İranın hərbi gücünə bu dərəcədə arxalanması da düşündürücüdür; bunun səbəblərini bilənlər var. İranı silaha bu cür bağlayan parametr, faktor və ya dövlət yaxın zamanda İranın ən böyük əleyhdarına çevrilə bilər. Faktdır ki, İranda son dövrlərdə diplomatiya ilə raket bərabər tutulurdu. Bəzən diplomatiya üstün sayılırdı. M.Pezeşkianın siyasəti məhz bu idi: əvvəlcə danışıqlar, alınmasa silah.
Ə.Laricani “öncə diplomatiya” strategiyasını ortaya qoydu. A.Əraqçının da işi bundan ibarət idi. Yaxında M.Pezeşkian da nüvəni İran üçün zəruri adlandırdı və bu mövzuda fikrini ön plana çıxardı. Ə.Laricani “əvvəl diplomatiya” strategiyasını unudaraq, İranın İsrailə uçan 45 raketinə mədhiyyə dedi. A.Əraqçı da Təbrizə gəldi və İran diplomatiyasının İranın raketinə bağlandığını bəyan etdi: əvvəl İranın raketi gedir, onun ardınca da diplomatiya.
Mövcud dövrdə bu məntiq öz gedişini sona çatdırmağa doğru gedir. İraqın Baş nazirinə ABŞ tərəfindən yaxın zamanda regionda müharibə olacağı ilə bağlı verilən xəbərdarlıq İran rəsmiləri tərəfindən hərtərəfli təhlil edilməlidir, əlbəttə, ətraflarında savadı və ağılı olan siyasətçi və ya dövlət adamı varsa.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1253 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|