Kino təkcə incəsənətin bir növü kimi yox, eyni zamanda xalqın mədəni yaddaşını, dəyərlərini və tarixini özündə birləşdirən strateji bir sahə kimi son dərəcə ciddi əhəmiyyətə malikdir. Güclü kino siyasəti millətin özünüifadə gücünü artırır, milli brendin formalaşmasına xidmət edir. Kino həm də cəmiyyətin düşüncə tərzini və istiqamətini formalaşdıran çox böyük mədəni alətdir. Prezident İlham Əliyevin 2022-ci ilin 20 aprelində Azərbaycanda Kino Agentliyinin yaradılması haqqında imzaladığı Fərman bu istiqamətdə dövlətin əsaslı siyasətinin təzahürü idi. Keçən zaman ərzində Agentlik ölkədəki kino sənayesinin inkişafı üçün bir çox layihələrin icrasını həyata keçirdi və hazırda bu istiqamətdə işlər davam etdirilir.
XəzərNews.az Azərbaycan Respublikasının Kino Agentliyinin Baş direktoru Rəşad Əzizovun kino sənayesinin inkişafı və mədəni siyasət müstəvisindəki məsələlər barədə "Report"a geniş müsahibəsini təqdim edir:
– Rəşad müəllim, artıq 5 aydır ki, Kino Agentliyinin Baş direktoru olaraq fəaliyyət göstərirsiniz. Sizə qədər bu postda iki əvəzedici olub, amma tam olaraq Baş direktor kimi təyinat alan məhz sizsiniz. Bilmək istəyirdim, bu 5 ay ərzində sizin üçün nələr dəyişib? Agentliyin fəaliyyət istiqaməti artıq tam və oturuşmuş formada qurulubmu?
– Bu aylar mənim üçün həm məsuliyyətli, həm də maraqlı bir dövr olub. Bilirsiniz ki, Prezident İlham Əliyev tərəfindən 16 noyabr 2022‑ci il tarixli Fərmanla təsdiqlənmiş ARKA-nın nizamnaməsində Agentliyin fəaliyyət istiqamətləri müəyyən edilib. Biz bu fəaliyyət istiqamətlərinə əsasən, qarşıdakı illər üçün hədəflərimizi müəyyənləşdiririk. Bu hədəflər Azərbaycan kinematoqrafiyasının inkişafı, milli kino sənətinin beynəlxalq səviyyədə tanıdılması, kino infrastrukturunun təkmilləşdirilməsi, eyni zamanda kino sənayesi iştirakçılarının, ümumilikdə kino ekosisteminin dəstəklənməsi kimi əhəmiyyətli məsələləri əhatə edir. Hazırda Kino agentliyinin strukturu tam oturuşub, həmin istiqamətlər uyğunlaşdırılıb və Nizamnamədə əks olunmuş vəzifələrin icrasına başlanılıb.
O ki qaldı prioritetlərə, burada müvafiq təhlillər, yeni innovativ həllərin və metodların tətbiqi, kino sənaye ekosisteminin formalaşmasına hədəflənən layihələrin keçirilməsi və ilk növbədə, şəffaf proqnozlaşdırılan dövlət dəstəyi mexanizmlərin yenidən qurulması və tədbiq edilməsini qeyd edə bilərəm.
– Hazırkı vəzifəniz kino adamları ilə birbaşa ünsiyyət, onlarla qarşılıqlı fikir mübadiləsini ehtiva edir. Bu mənada, maraqlıdır, kino adamları ilə dil tapa bilirsinizmi? Bu sizin üçün hansısa bir çətinlik yaratmır ki?
– Bəli, doğrudur ki, kino yaradıcı insanları, habelə müxtəlif sənət nümayəndələrini bir araya toplayan unikal bir sahədir. Burada fərdi yaradıcılıq yanaşmalarının olması təbiidir, hətta bu yanaşmalar kino sahəsini daha rəngarəng və maraqlı edən amillərdən biridir. Ancaq bizim sahəmizdə uzun müddətdir ki, fikir pərakəndəliyi müşahidə olunurdu: sənət yoxsa sənaye, milli dəyərlər, yoxsa qərbin müasir trendləri, tarixi adətlər, yoxsa innovativ texnoloji yanaşmalar və s. Hətta institutlaşmada da fərqli təsisatların mövcudluğu bir qədər insanları çaşdırır. Mədəniyyət Nazirliyi tərəfindən aparılan siyasət nəticəsində artıq kino camiəsində "eqosistem" yanaşmasından "ekosistem"in formalaşmasına keçidin şahidiyik.
Eyni zamanda fərqli yanaşmaları özündə əks etdirən unikal mühiti qorumaq olduqca əhəmiyyətlidir. Yaddan çıxarmaq olmaz ki, kinomuzun bu gününün simaları Rasim Balayev, Oqtay Mirqasımov, Şəfiqə Məmmədova, Fəxrəddin Manafov, Vaqif Mustafayev kimi böyük rejissor, aktyor və kino xadimləridir. Hər birinin dərin dünya görüşü, zəngin həyat təcrübəsi və böyük peşəkar filmoqrafiyası vardır. Bu müstəvidə, habelə yerli kinomuzun inkişafında maraqlı olan hər bir şəxs ilə ünsiyyət qurmaq vacibdir və bu, zəruri olan fikir mübadiləsinə yol açaraq, qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Şübhəsiz ki, Agentlik bundan faydalanır.
– Məlumdur ki, Kino Agentliyinin yaradılması bir xeyli müzakirə və gözlənti mövzusu idi. Nəhayət, yaradılandan sonra ölkədəki kino sektoru yenidən canlanmağa başladı. Bu həm tənqidi fikirləri özündə ehtiva etdi, həm də müəyyən inkişaf gözləntilərini. Siz necə düşünürsünüz, Agentlik yarandığı gündən bu yana Azərbaycan kinosuna nə kimi töhfələr verib?
– Bəli, qeyd etdiyiniz kimi, Kino Agentliyinin yaranması ölkədəki kino sektorunu yenidən canlandırdı. Azərbaycan Prezidentinin bununla bağlı müvafiq Fərmanı dövlətin kino sahəsinə xüsusi diqqətinin bariz göstəricisidir. Beləliklə, Kino Agentliyinin yaranması Azərbaycan kinosunda yeni mərhələ açdı. Qanunvericilik bazasının təkmilləşdirilməsi, vergi güzəştlərinin tətbiqinə nail olunması, müsabiqələr yolu ilə filmlərin istehsalına maliyyənin tam şəffaf şəkildə ayrılması, gənc rejissorların fəaliyyətinin dəstəklənməsi, beynəlxalq festivallarda iştirak üçün yerli film istehsalçılarına zəruri köməkliklərin göstərilməsi və bu istiqamətdə atılan digər addımlar sektora dinamika gətirdi. Eyni zamanda Agentlik dövlət tərəfindən bu sahənin sistemli şəkildə, müasir koorporativ standartlara uyğun idarəedilməsinin tətbiqinə nail oldu.
Amma, şübhəsiz ki, kinoda canlanmanın ən bariz göstəricisi məhz istehsalatdır. 2023-2025-ci illər ərzində kino istehsalatına ümumilikdə dövlət büdcəsindən 18 milyon manata yaxın vəsait ayrılıb. Bu dövrdə dövlət sifarişi ilə 71 film layihəsinin istehsalına başlanıb ki, onlardan 21-i tammetrajlı bədii, 15-i tammetrajlı bədii-sənədli və sənədli, 26-sı qısametrajlı bədii və sənədli, 8-i qısametrajlı animasiya və 1-i çoxseriyalı bədii filmdir.
Bu günədək 41 film tamamlanaraq təhvil verilib, 30 film isə istehsalat mərhələsindədir. İstehsalı başa çatmış və təqdimatı keçirilmiş ən məşhur filmlər arasında "Tağıyev: Neft", "Tağıyev: Çar" və "Tağıyev: Sona" bədii filmləri, "Doğma torpaq" tammetrajlı bədii filmi, "Azərbaycan Atabəyləri" və görkəmli rəssam Mirzə Qədim İrəvaniyə həsr olunan "Cənnət yuxusu" bədii-sənədli filmləri, dahi şair Nizami Gəncəviyə həsr olunan "Sevgi hekayəsi" sənədli filmi qeyd oluna bilər.
2023-2025-ci illər ərzində ölkədə sənaye sahəsi kimi film istehsalının fəallaşması nəticəsində istehsalda olan filmlərin ərsəyə gəlməsi üçün təxminən 1570 iş yeri açılıb. İşçi qüvvəsinin böyük hissəsini yaradıcı, texniki və inzibati heyət təşkil edir. Onu da qeyd edim ki, 2026-cı ildə istehsalı proqnozlaşdırılan film layihələrinin ərsəyə gəlməsi üçün 800 yeni iş yerinin açılması nəzərdə tutulur.
– Kino Agentliyinin yaradılmasının ardınca Mədəniyyət Nazirliyinin tabeliyindəki kino şöbəsi sektor olaraq fəaliyyətini davam etdirməyə başladı. Sualım bundan ibarətdir ki, Kino Agentliyinin yaradılması və fəaliyyəti varsa, nazirliyin tərkibində kino sektoruna niyə hələ də ehtiyac var?
– Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan publik hüquqi şəxsdir. Mədəniyyət Nazirliyinin kino, video, video-oyunlar sektoru isə Nazirliyin aparatında fəaliyyət göstərən struktur bölmədir və kino sektorunun koordinasiyası, mədəniyyət siyasəti və dövlət idarəetməsi baxımından vacibdir. Odur ki hər iki strukturun icra etdiyi funksiyaları paralel deyil, tamamlayıcıdır.
Agentlik kino sahəsində bütün cari fəaliyyətləri həyata keçirən, yerli və xarici kino sənayesi nümayəndələrinə dövlət dəstəyini və xidmətlərini təşkil edən, habelə kino müəssisələrinin fəaliyyətini nəzarətdə saxlayan qurumdur. Bir sözlə, Mədəniyyət Nazirliyi kino sektorunda ümumi siyasəti birbaşa formalaşdırır, tabeliyində olan Kino Agentliyin vasitəsilə tənzimləyici funksiyalarını həyata keçirir.
– Rəşad müəllim, builki Milli Kino Günündə də yenə tammetrajlı bədii film nümayişi olmadı – təbii ki, söhbət dövlət sifarişli filmlərdən gedir. Səbəb nədir? Buna hüquqi prosedurlar mane olur, yoxsa rejissorların potensialı imkan vermir?
– Bu, ilk növbədə, istehsal prosesi ilə bağlıdır. Dövlət sifarişi və ya dəstəyi ilə çəkilən filmlər geniş mərhələlərdən keçir – müsabiqə, təsdiq, istehsal və post-prodakşn. Bu səbəbdən, bəzən konkret tarixlərə uyğunlaşdırmaq mümkün olmur.
Siz rejissor potensialı məsələsini qeyd edirsiniz, sizə deyim ki, rejissor potensialı kifayət qədər var, sadəcə, sistemli yanaşmaya vaxt tələb olunur. Başqa bir önəmli məqam isə beynəlxalq festivallar məsələsidir. Belə ki filmlərin beynəlxalq arenaya çıxarılması üçün festival şərtlərini nəzərə alaraq nümayiş tarixləri ertələnir. Bu isə yaradıcı nöqteyi-nəzərdən başadüşüləndir.
Bununla yanaşı, sizin sualınıza cavab kimi qeyd edim ki, Azərbaycan Kinosu Günündə müharibə mövzusunda çəkilmiş film, habelə tələbə filmi və uşaqlar üçün istehsal olunan animasiya filmi də daxil olmaqla zəngin bir nümayiş proqramı təqdim edildi. Bir sözlə, 2 avqust - Azərbaycan Kinosu Günü tammetrajı bədii filmlərin nümayiş etdirilməməsi, çəkilməməsi demək deyil. Bu il dövlət dəstəyi ilə istehsal edilən artıq 4 tammetrajlı film ictimaiyyətə təqdim edilib. İlin sonunadək isə ən azı, o qədər də filmin təhvil verilməsi nəzərdə tutulur.
– Çox gözəl, bu, şad xəbərdir. Dövlət sifarişli filmlərdən söhbət düşmüşkən, bu il Vətən müharibəsinin və Zəfərimizin beşinci ilidir. Amma cəmiyyətin hələ də zəfər filmi gözləntisi qarşılanmayıb deyə bilərik. Bu yöndə sizə iki sualım olacaq: birincisi odur ki, şəxsən necə düşünürsünüz, ümumiyyətlə, zəfər filmi olurmu? İkincisi isə biz zəfər filminə nə zaman baxa biləcəyik?
– Maraqlı sualdır. Əvvəlcə onu deyim ki, Kino Agentliyi tərəfindən dəstəklənmiş 19 film layihəsi məhz Qarabağ mövzusuna həsr olunub. İndi isə sualınızın birinci hissəsinə gələk, fikrimcə, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun zəfərinə həsr edilən filmlər olmalıdır və bu cəmiyyətin gözləntilərinə uyğundur.
Ümumilikdə götürdükdə isə hal-hazırda bu mövzunu əks etdirən bir neçə film müxtəlif istehsalat mərhələsindədir. Yaxın zamanda geniş ictimaiyyətə təqdimatları gözlənilir. Bildiyiniz kimi, Kino Agentliyi birbaşa film istehsalatı ilə məşğul olmasa belə, zəfərimizə həsr olunan və çəkilməsi planlaşdırılan filmlərə hər zaman dəstək göstərməyə hazırdır.
Sizin üçün başqa bir müjdəli xəbər də o olsun ki, 44 günlük Vətən müharibəsinə həsr olunan "44" tammetrajlı bədii filmi və "Borc" tammetrajlı bədii filminin çəkilişləri artıq bitib, layihə tamamlanma mərhələsindədir. Onu da qeyd etmək lazımdır ki, Nizami Kino Mərkəzində hal-hazırda 44 günlük Vətən müharibəsinə həsr edilən silsilə nümayişlər davam edir. Fürsətdən istifadə edərək həm sizi, həm də maraqlı olan hər kəsi bu nümayişlərə dəvət edirik.
– Aha, məlumatlıyam, gedirəm imkan olduqca. Rəşad müəllim, bir az da animasiya filmlərinin problemlərindən danışmaq istəyirəm. Ümumiyyətlə, Azərbaycanda animasiya filmlərinin vəziyyəti bu sektorda rəhbər şəxs kimi sizi nə dərəcədə qane edir?
– Animasiya sahəsi bizim üçün vacib prioritet istiqamətlərdən biridir. Sözün düzü, etiraf eləmək lazımdır ki, bu sahədə vəziyyət hələ tam qaneedici deyil, amma son illər müəyyən canlanma müşahidə olunur. İstər müsabiqələr vasitəsilə, istərsə də dövlət sifarişi əsasında dəstəklənən animasiya layihələrinin sayı artıb. Gənc rejissorların təşəbbüsləri görünməyə başlayıb və bu gələcək üçün ümidvericidir. Bizim məqsədimiz həm istehsal keyfiyyətini artırmaq, həm də peşəkar kadr potensialını gücləndirməkdir.
Bununla yanaşı, 7 animasiya və 1 hibrid filminə (animasiya və real çəkiliş kollajı, – müəl.) Agentlik tərəfindən dəstək göstərildiyi qeyd olunmalıdır. Bunlardan "Narqız" və "Kapitan və Xəzər dənizi" filmləri artıq tamamlanıb, digər layihələr isə istehsalatın müxtəlif mərhələlərindədir.
– Mən Elçin Hami Axundov, Məsud Pənahi kimi animasiya rejissorları ilə də həmsöhbət olmuşam, bu barədə xeyli müzakirələr etmişik. Animasiya filmlərindəki köklü problemlərdən biri də yerli, müasir animasiya obrazının yaradılması, buna ehtiyacın olmasıdır. Məgər biz "Maşa və ayı", yaxud türklərin "Keloğlan"ı kimi obrazlar yarada və animasiyalar çəkə bilmərikmi? Biləriksə, niyə çəkmirik?
– Nihat bəy, biz Kino Agentliyi olaraq yerli obrazların yaradılması istiqamətində layihələri dəstəkləyirik. Bu, yalnız bir film çəkməklə yox, sistemli yanaşma və davamlı istehsal xətti ilə mümkündür. Bizim mədəniyyətimiz, folklorumuz, tarixi obrazlarımız buna zəngin material verir. Sadəcə, onların müasir uşağın maraq dairəsinə uyğun şəkildə təqdim olunmasına ehtiyac var.
Mütləq nəzərə alınmalı başqa bir məqam isə odur ki, burada həm insan kapitalının artırılması zəruriliyi var, eyni zamanda maliyyə resursların əlçatanlığı. Hər iki istiqamətdə ciddi islahatlar aparılır. "ATA" türk ölkələrin animasiya studiyaların birgə fəaliyyət platformasının yaradılması - ən vacib layihələrdən biridir. Bu platforma çərçivəsində birgə istehsalat, insan kapitalının formalaşması və ən əsası distribusiya üçün vahid bazarın formalaşması kimi hədəflər dayanır. Bu ilin dekabrında keçiriləcək "Bakı Sinema Briz" festivalı çərçivəsində bu məqsədlərlə böyük kino marketi və "ATA" uşaq animasiya festivalı təşkil olunacaq.
– Aydındır. Film müsabiqələrindən söz düşmüşkən, Agentliyin elan etdiyi müsabiqələrin şərtləri ilə bağlı müəyyən narazılıqların olduğunu görürük. Aydın məsələdir ki, bu kimi müsabiqələrdə fikir ayrılığının olması normaldır. Amma mənim burada əsas diqqətimi çəkən məqamlardan biri odur ki, bu yaxınlarda dövlət sifarişli film layihələrinin müsabiqəsi ilə bağlı məlumat xarakterli görüşdən bəzi prodüser və rejissorlar xəbərsiz olduqlarını dedilər. Sualım budur ki, koordinasiya məsələsi necə aparılır? Və sizcə bu narazılıq niyə yaranır?
– Sözün düzü, sualınız məni təəccübləndirir. Qeyd olunan məsələlərlə bağlı narazılığın şahidi olmamışıq. Dövlət sifarişli film layihələri ilə əlaqədar məlumatlandırıcı görüşlər barədə bütün elanlar Agentliyin rəsmi resurslarında və sosial şəbəkə hesablarında paylaşılır. Yəni bu, ümumi formada olur, fərdi qaydada ayrıca heç kimə bildiriş göndərilmir. Görüşlərdə iştirak üçün mütəmadi olaraq Agentliyin rəsmi internet səhifəsini və sosial şəbəkə hesablarını izləmək kifayətdir. Bu yanaşma ilə iştirak etmək istəyən nümayəndələr üçün bərabər imkanlar təmin olunur.
Məlumat üçün onu da deyim ki, Kino Agentliyi tərəfindən elan edilən 2025-ci il üzrə "Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi"nə ümumilikdə bu il 41 şirkət tərəfindən 88 layihə təqdim edilib. Bu göstərici onu deməyə əsas verir ki, müsabiqədə aktivlik kifayət qədərdir. Yəni əlavə sübuta ehtiyac yoxdur, gördüyünüz kimi, hər şey rəqəmlərlə təsdiqlənir.
– Bəs müsabiqələrin şərtləri ilə bağlı yaranan müzakirələr barədə fikriniz nədir? Belə düşüncə var ki, şərtlər çox ağırdır. Qoyulan şərtlər hansı prinsiplərə əsaslanır?
– Müsabiqələrin şərtləri ilə bağlı müzakirələrin olması normaldır. Amma nəzərə almaq lazımdır ki, bu şərtlər yalnız Agentliyin daxili yanaşmasından irəli gəlmir, həm də mövcud qanunvericiliyin tələblərinə əsaslanır. Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına maliyyələşdirilən film layihələri ilə bağlı müvafiq qanun və qaydalar var. Biz həmin hüquqi çərçivəyə riayət etməliyik. Məlum olduğu kimi, məqsədimiz dövlət dəstəyi ilə istehsal olunan filmlərin keyfiyyətini təmin etməklə yanaşı, onların qanunamüvafiq maliyyələşdirilməsinin təşkil edilməsidir.
– Aydındır, Rəşad müəllim, Azərbaycanda xarici filmlərin dublyajı məsələsi də ciddi problemdir. Kino Agentliyi bu istiqamətdə hansısa bir layihə mexanizmi düşünürmü?
– Əlbəttə! Filmlərin dublyajı istiqamətində bir çox işlər görməyi planlaşdırırıq. Bunun üçün həm maddi vəsaitin olması, həm də infrastruktur və peşəkar bazanın möhkəmləndirilməsi vacibdir. Bu haqda ətraflı məlumat cari ilin mart ayında təşkil edilən Kino müzakirələri çərçivəsində Kino Agentliyi nümayəndələri tərəfindən təqdim olunub. Hal-hazırda bu sözügedən təqdimatda qeyd edilən məqamlar üzrə proseslər davam etməkdədir.
Agentliyin hazırda qarşıladığı əsas çağırış çox məhdud resurslarla qeyri-məhdud ehtiyacları təmin etməkdir. Fikrimcə, kino sahəsinin inkişafının uğur formulası bir müddət davamlı dəstəyin olması və bütün kino ekosistemin birgə məqsədlər ətrafında birləşməsidir.
– Bir müddət öncə filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları təsdiqləndi. Necə düşünürsünüz, bu qaydanın təsdiqlənməsi Azərbaycan kino sektoru üçün nələr vəd edir? Bunu həm də Azərbaycan kinosunun dünya kino bazarına çıxması üçün bir fürsət kimi dəyərləndirmək olarmı?
– Bəli, bu qayda böyük fürsətdir. İstehsal xərclərinin geri ödənilməsi həm yerli, həm də xarici istehsalçılar üçün ölkəmizi cəlbedici edəcək. Bu, Azərbaycanın beynəlxalq kino bazarına çıxışı üçün əhəmiyyətli addımdır.
Eyni zamanda bu mexanizm ölkədə film istehsalı sahəsində şəffaflığın, peşəkarlığın və beynəlxalq standartlara uyğun iş üsullarının formalaşmasına təkan verəcək. Xarici prodüserlərin cəlb edilməsi həm yerli mütəxəssislər üçün təcrübə mübadiləsi imkanı yaradacaq, həm də yerli xidmət sektorunun, - texniki avadanlıq, logistika, turizm, qonaqlama və s. - inkişafına müsbət təsir göstərəcək.
2023-cü ildə Hindistan, Pakistan və Rusiyadan olan şirkətlərin 2 tammetrajlı filminin və 3 audiovizual layihənin, 2024-cü ildə 1 tammetrajlı film, 1 serial və 5 audiovizual layihənin, 2025-ci ildə isə 3 audiovizual layihənin Azərbaycanda istehsalı təşkil edilib. Bunlardan üçü "Netflix", biri isə "Amazon Prime" layihəsidir. Həmçinin qeyd olunan layihələr sayəsində xarici istehsalçılar tərəfindən ölkə ərazisində xərclənən vəsaitin miqdarı 10 milyon dollar təşkil edib. Qaydaların qüvvəyə minməsi ilə növbəti illərdə kino sənayesinin ÜDM-də payının artırılmasına və ölkəyə daha çox xarici investisiya cəlb olunacaq.
Uzunmüddətli perspektivdə isə bu, Azərbaycanın özünü regional film istehsalı mərkəzi kimi mövqeləndirməsinə, milli kino sənayesinin iqtisadi dayanıqlığını artırmasına və ölkənin mədəni imicinin beynəlxalq arenada daha güclü şəkildə təqdim olunmasına xidmət edəcək.
– Kino Agentliyi 20-23 sentyabr tarixlərində Cənubi Koreyanın Busan şəhərində keçirilən "Asian Contents & Film Market"də iştirak elədi. Bu səfər agentliyə təcrübə və mübadilə baxımından nə qatdı?
– Kino Agentliyinin və bir neçə özəl şirkətin nümayəndə heyətinin bu səfəri həm təcrübə, həm də beynəlxalq əməkdaşlıq baxımından çox faydalı oldu. Busanda keçirilən "Asian Contents & Film Market" çərçivəsində biz 50-yə yaxın dünya səviyyəli kino şirkətinin nümayəndələri ilə görüşlər keçirdik. Bu görüşlər zamanı Azərbaycanın məhsul imkanları, lokasiyalar, birgə istehsal və yayım perspektivləri haqqında ətraflı məlumat verdik. Bir çox şirkət Azərbaycanla gələcəkdə ortaq layihələr həyata keçirmək və ya ölkəmizdə çəkilişlər aparmaq marağını ifadə etdi.
Beləliklə, sualınıza yekun kimi desək, belə tədbirlər bizə həm qlobal kino bazarına inteqrasiya baxımından yeni imkanlar açır, həm də Azərbaycan kino sənayesinin beynəlxalq səviyyədə tanıdılmasına ciddi töhfə verir.
– Rəşad bəy, gələk pitçinq (ssenari, serial, film və ya TV layihəsini prodüserlərə, müəyyən fondlara və ya jürilərə təqdim etmək, – müəl.
) mərhələsinə… Pitçinqin canlı yaymlanması təşəbbüsü çox gözəl idi. Amma kinotənqidçilərdən belə fikirlər gəldi ki, dünyada pitçinqin açıq keçirilməsi ənənəsi var. Yəni qeydiyyatdan keçib orada iştirak etmək mümkündür. Bəs bizdə?
– Əgər əsas məqsəd şəffaflıqdırsa, artıq canlı yayımla bu məqsədə tam nail olunub - istənilən şəxs, istər kinotənqidçi, istər kino sahəsinin nümayəndəsi, istərsə də adi tamaşaçı, pitçinq prosesini real vaxtda izləyə bilər. Bu, açıq və şəffaf mexanizmin ən praktik formasıdır.
Ona görə də hesab edirik ki, canlı yayım həm şəffaflığı, həm də iş mühitinin rahatlığını təmin edən ən balanslı modeldir və biz də buna əməl etdik.
– Başqa bir məsələ isə pitçinqdəki ekspertlərin ssenarilərlə əvvəlcədən tanış olub-olmamasıdır. Məsələn, mən canlı yayımda prosesə baxarkən bəzən hiss edirdim ki, ssenaridən o qədər də tanış olmayanlar ekspertlər var. Ümumiyyətlə, bu kimi pitçinqlərdə ssenarilərlə ekspertlər əvvəlcədən tanış olmalıdırmı?
– Reqlamentə uyğun olaraq layihələr əvvəlcə Agentliyin seçim komissiyası tərəfindən qiymətləndirilib və 29 layihə pitçinq mərhələsinə keçib. Pitçinqdən təxminən bir həftə öncə bütün materiallar, – ssenarilər, təqdimatlar və sinopsislər, – Mədəniyyət Nazirliyinin "Kinematoqrafiya, audiovizual və rəqəmsal əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası"na göndərilir. Bununla belə, pitçinq mərhələsinin əsas məqsədi təkcə yazılı materialın deyil, həm də layihə müəllifinin ideyanı canlı şəkildə təqdim etmə bacarığının, yaradıcı baxışının və potensialının qiymətləndirilməsidir. Bəzən məhz bu mərhələdə müəllif öz fikrini auditoriya və ekspert qarşısında daha inandırıcı şəkildə əsaslandıra bilir. Beləliklə, bu günlərdə bitən müsabiqədə iştirak edən ümumi 88 layihədən yekun pitçinq mərhələsində 15 şirkətin 17 layihəsi qalib seçilib.
Sizin sualınızda ssenari ilə tanışlıq məsələsinə gəldikdə isə bəli, pitçinq həm ssenari tanışlığına əsaslanan, həm də yaradıcı təqdimat qabiliyyətini ölçən bir mərhələdir. Gələcəkdə bu prosesi daha da təkmilləşdirmək, ekspertlərin hazırlıq və təqdimat mərhələsini balanslı şəkildə gücləndirmək nəzərdə tutulur.
– Rəşad müəllim, son olaraq, "Azərbaycanfilm" kinostudiyasının hazırkı vəziyyəti barədə danışmaq istəyirəm. Sözügedən məkan hazırda funksionallığını, az qala, itirmiş durumdadır. Kino ictimaiyyəti zaman-zaman bu istiqamətdə çağırışlar edir, lakin bu istiqamətdə hələlik hər hansısa bir addım görmürük. Ümumiyyətlə, "Azərbaycanfilm" kinostudiyası ilə bağlı nə düşünürsünüz? Kino məbədi adlandırdığımız studiya, doğrudanmı, artıq tarixə qovuşur, yoxsa necə?
– "Azərbaycanfilm" milli kino tariximizin mərkəzi və simvoludur. Onun vəziyyəti, təəssüf ki, uzun müddətdir, ürəkaçan deyil. Amma studiyanın tamamilə tarixə qovuşmasına imkan vermək olmaz. Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilən plana uyğun olaraq Kino Agentliyinin prioritetləri arasında yer alan əsas hədəflərdən biri bu studiyanın yenidən canlandırılması, müasir texnologiyalarla təchiz edilməsidir. Artıq "KinoPark" layihəsi ilə bağlı işlərə start verilib və yaxın gələcəkdə bu müstəvidə mərhələli şəkildə "Azərbaycanfilm" kinostudiyasının dirçəldilməsi mümkün olacaq.
Bu məqsədlər üçün də bütün kino camiyəsi birləşməlidir - dövlət, özəl, qeyri-hökumət sektorlarının nümayəndələrinin iştirakı ilə. Əlbəttə ki, Agentlik bu prosesdə aparıcı rol oynamalıdır. İlin sonunadək Kino Agentliyinin baş ofisinin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında açılması nəzərdə tutulur və beləcə kino sənayesinin inkişafı ilə bağlı fəaliyyətlərin kinostudiyanın ətrafında formalaşan ekosistemlə birgə yürüdülməsi hədəflənir. Odur ki kino camiəsinin üzvlərini bu prosesdə aktiv olmağa dəvət edirik.
Xəbər 630 dəfə oxunub.