Cəlilabad rayonu, Şəhid Elxan Fətiyev adına Təzəkənd kənd 1 nömrəli orta məktəbinin adı var, özü yox, binası var, amma binaya oxşamır. Sadəcə bir bina, ya da binaya bənzəməyə çalışan bir beton yığını... Bu “məktəb” illərdir fəlakətin rəsmi tədris forması kimi fəaliyyət göstərir. Bu barədə sonuncu dəfə 2022-nin sentyabrında yazmışdım, hətta o vaxt demişdim ki, “bir də bu mövzuya qayıtmayacam”. Amma demək ki, insan öz taleyindən qaça bilmir, xüsusilə də taleyi Təzəkənddədirsə.
Bu günlərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Təzəkənddə növbəti səyyar qəbul keçirib. Fotolara baxanda, bir anlıq elə bildim ki, İkinci Dünya müharibəsində general Mixail Lukinin Smolenskdəki qərargahını kimsə
“modern tərzdə” bizim kənddə bərpa edib. Amma yox, bu sadəcə bizim kəndin Sovetdən qalan yeganə mirasına sahib çıxan İcra nümayəndəliyi ilə Bələdiyyənin birgə görüş otağıdır. Tavanın ortasından sallanan köhnə lampalar kənddə
“elektrik atəşfəşanlığı”nın canlı muzeyinə çevrilib, insanların üzlərindəki ümidsiz təbəssüm isə “xoşbəxtlik ansamlı”nın səssiz konsertini xatırladır.
Görüşdə möhtərəm kəndçilərimin cənab başçıdan tələbləri də
“strateji əhəmiyyətli” olub: yeni məktəb lazım deyil, amma ölüm haqdır, qəbiristanlıq üçün yer daha zəruridir, uşaqlara təhsil deyil, onlara düzəltdikləri saxta əlilliyə görə dövlətdən qapazladıqları pulları çıxarmaq üçün bankomat lazımdır, mal-heyvan olmasa da örüş yeri vacibü-mütləqdir...
Cənab Başçı isə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, rayonun
“abadlaşan” mənzərəsini təsvir edib. Sakinlər də, əlbəttə, çox xoşbəxt olublar, elə xoşbəxt ki, bəlkə də sabah məktəbin damı balaca fidanların başlarına uçsa belə, sevinclə deyəcəklər:
“Əsas odur ki, rayonda abadlıq işləri gedir”.
Yeganə ağıllı təklif
“məktəb tikilsin” səslənən kimi görüş başa çatıb. Sabiq bürokrat Məhərrəm Nağıyev məyus, Mirzəbəy kişi isə ona təsəlli verir:
“Müəllim, qalsın növbəti görüşə”. Elə bu dəm dostum Rizvan sabiq bürokratın qoluna girərək asta addımlarla görüş yerini tərk ediblər.
* * *
Təəssüf ki, illərdir, daha doğrusu, 2012-ci ildən bəri bu məktəbin bərbad vəziyyəti ilə bağlı ardıcıl müraciətlərim heç bir nəticə verməyib. Məktəb nə tikilib, nə də əsaslı təmir olunub. Hərgah kənd sakinləri
“əsaslı təmir”lə razılaşmaq belə istəmirlər, onlar yeni məktəbin tikilməsini arzu edirlər.
Haqlıdırlar da… Nədən ki, məktəb beton panellərlə inşa edilib və indi həmin panellər bir-birindən aralanıb. Bu, təkcə yararsızlıq deyil, birbaşa təhlükə mənbəyidir. Belə vəziyyətdə əsaslı təmirə sərf olunacaq dövlət vəsaiti səmərəsiz xərclənəcək. Çünki bu bina əvvəldən də məktəb üçün nəzərdə tutulmayıb, sinif otaqları qeyri-standartdır, konstruksiya zəifdir.
Ona görə də illərdir deyirəm: bu binanı əsaslı təmir etməkdənsə, yenisini tikmək daha ağıllı və səmərəli qərar ola bilər. Üstəlik, məktəbin ərazisində kifayət qədər böyük yer var, burada müasir, təhlükəsiz məktəb binası inşa edilə bilər.
2012-ci ilin noyabrında o vaxtkı təhsil naziri Misir Mərdanova, 2017-ci il oktyabrın 5-də Mikayıl Cabbarova (hazırda iqtisadiyyat naziri), 2018-ci ilin sentyabrın 26-da isə Ceyhun Bayramova (hazırda xarici işlər naziri) rəsmi şəkildə müraciətlər etmişdim. Hər müraciətə eyni cavab verilirdi:
“Təzəkənd kənd orta məktəbinin tikintisi və ya əsaslı təmiri növbəti ilin Dövlət Proqramına salınıb”.
Hər dəfə eyni şablon, eyni ifadə... Amma
“növbəti il” on üç ildir gəlmir.
Müraciətlərimdə cənab nazirlərə dəfələrlə bildirirdim ki, məktəbin damı uçub, divarları çatlayıb, tavanı dağılıb, pəncərələr sıradan çıxıb, şüşələr qırılıb, elektrik və istilik sistemləri mövcud deyil. Şagirdlər belə şəraitdə dərs keçməyə, müəllimlər isə dərs deməyə məcburdurlar. Bu vəziyyət artıq təkcə tədrisin keyfiyyətinə deyil, uşaqların təhlükəsizliyinə də ciddi təhdiddir.
Axı təhsillə bağlı qunuvericilikdə açıq şəkildə qeyd olunur ki, təhsil müəssisələrinin binaları və avadanlıqları təhlükəsiz və sağlam mühitdə tədris prosesinin həyata keçirilməsini təmin etməlidir. Yəni uşaqlar təhsil aldıqları zaman onların həyatına və sağlamlığına təhlükə yaradan şəraitin olması qanunla yolverilməzdir.
Belə olan halda, Təzəkənd məktəbinin indiki vəziyyəti - dağılmış tavan, uçmuş dam, qırılmış pəncərələr və olmayan istilik sistemi, təkcə inzibati laqeydlik deyil, həm də uşaqların hüquqlarının pozulması deməkdir.
Qeyd edim ki, 3-4 kəndi birləşdirən avtomobil yolunun üzərində yerləşən məktəb istifadəyə veriləndən bu yana nə əsaslı, nə də cari təmir görüb. Rayonun icra başçıları və təhsil idarəsinin məsul şəxsləri məktəbi yalnız
“kağız üzərində” təmir ediblər.
Bütün müraciətlərimdə məktəbin içəridən və çöldən çəkilmiş fotolarını təqdim etmiş, binanın vəziyyətini faktlarla əsaslandırmışam.
Ədalət naminə qeyd etməliyəm ki, məktəbin durumu ilə bağlı millət vəkili Elman Nəsirov (özü də həmin kəndin yetirməsidir) parlamentdə və aidiyyəti qurumlar qarşısında da məsələ qaldırıb.
Hazırda elm və təhsil naziri Emin Əmrullayevdir. Ondan əvvəl üç nazir dəyişib, amma Təzəkənd məktəbinin vəziyyəti dəyişməyib.
Üç nazir, on üç il, saysız müraciət, amma nəticə sıfır. Təzəkənd məktəbi təkcə bir kəndin yox, bütöv təhsil sisteminin aynasıdır. Və bu ayna çoxdan sınıb.
Ümid edirəm ki, bu yazı həm də nazir Emin Əmrullayevə ünvanlanmış açıq müraciət kimi qəbul ediləcək. Artıq illərdir təxirə salınan bu problem
“növbəti ildə” həllini tapacaq.
Əlbəttə, Təzəkəndin uçuq məktəbi bir kəndin deyil, bütün təhsil sisteminin utanc güzgüsüdür. Əgər biz uşaqlara
“təhsil” adı altında dağılmış tavan, soyuq sinif və qırıq pəncərə təqdim ediriksə, deməli, fəlakət artıq binada deyil, düşüncədədir.
Niyaz NİFTİYEV
Xəbər 1264 dəfə oxunub.