Son günlər talış separatçılığı mövzusu yenidən gündəmə gəlib. İranın “Səhər-Azəri” kanalının davranışından böyük bir hadisənin baş verdiyini anlamaq mümkündür. İranda “Səhər-Azəri”, onun rəhbərliyi və hətta ali rəhbərin ofisində oturanlar Azərbaycana qarşı bu mövzunu əsas alət hesab edirlər. Talış mövzusunda ən cüzi tərpənişi belə şişirdirlər. İstanbula müalicə almağa gəlmiş talış fəalının Azərbaycan DTX tərəfindən Bakıya gətirilməsi bunun bariz nümunəsidir.
Moskva və Sankt-Peterburqa gedə bilən bir şəxsin müalicə üçün məhz İstanbulu seçməsi talış cəmiyyətinin özündə də anlaşılmazlıq yaradır. Talışların Türkiyəni Rusiyadan hansısa sahədə – o cümlədən səhiyyədə daha üstün göstərməsinə heç bir əsas yoxdur. Axı hansı xəstəlik var ki, Moskvada müalicə edilmir?! Rusiyada yaşayan, həmin ölkənin vətəndaşı olan talışın gedib Türkiyəni “güclü göstərməsi” onların öz dünyagörüşünə ziddir. Üstəlik, müalicə üçün Rəştə və ya Tehrana getməməsi də ayrıca siyasi məna daşıyır.
Talış fəlsəfəsini izah edənlər məsələni Rusiya-Türkiyə qarşıdurmasına bağlayır və Azərbaycanı Türkiyə ilə əlaqədə ittiham edirlər: guya buna görə Azərbaycandan qaçırlar. Halbuki mövzu tam fərqlidir. Zahirəddin İbrahimi Ramzan Kadırova etdiyi müraciətin mahiyyətini bu günə qədər açıqlamayıb. İbrahimi Kadırovu Azərbaycana qarşı hücuma çağırır. Bu nə deməkdir? Bəlkə də Rusiyada müəyyən qruplar Kadırova “Sünniliyin müdafiəçisi” ordeni verərkən talışların davranışını nəzərə alıblar. Müasir dünyada hər cür paradoks mümkündür.
İran mətbuatı talış sözü, talış tarixi ilə bağlı nə varsa hamısını sadalayır. İran yaxşı anlayır ki, talış mövzusu əldən çıxsa, İran dövlətinin ideoloji dayaqlarından biri sarsılar. Əsas mövzu isə türkçülükdür. Fəxrəddin Abbasovla mən Azərbaycançılıq–türkçülük kontekstində uzun illər mübahizə aparmışam. Mən ictimai-siyasi həyatda Azərbaycançılığı müdafiə etmişəm. Bakı Dövlət Universitetinin müəllimi və AMİP Siyasi Şurasının üzvü olan Abbasov isə türkçülüyü təbliğ edirdi: “Azərbaycanlı yoxdur, Azərbaycan türkü var”, “Azərbaycan dili deyil, Azərbaycan türkcəsi var”. “Türk dili” ifadəsinin qatı tərəfdarı idi. Əlisa Nicatın “Hələ türk adlanmayan türklər” əsəri də bu xəttə uyğundur: o hətta Amerikadakı hinduları da türk adlandırırdı.
Sonradan həm Fəxrəddin Abbasovu, həm də Əlisa Nicatı talışa “çevirib” yeni bir ideoloji xətt yaratdılar.
Belə vəziyyətdə Azərbaycanda halal torpaqlarında doğulub, boya-başa çatmış, təhsil almış, sonradan özünü “talış aktivisti” kimi təqdim edən insanların mövqeyini anlamaq çətindir. Azərbaycanda “talış problemi” varsa, bu yalnız talışların dövlət və ictimai-siyasi həyatda kifayət qədər təmsil olunması ilə bağlı ola bilər. Talış aktivistləri istəsələr, vəzifədə olan talışlarla özləri danışa bilərlər. Elə mövzular var ki, biz açmırıq: həmin şəxsləri ölkəmizin sadiq dövlət xadimləri hesab edirik. Ola bilər ki, söhbət vəzifə davasından gedir. Bəzi talış kökənli şəxslər irəlidədir, başqaları isə bunu özlərinə haqsızlıq sayırlar.
Talışları İrana bağlayan, özünü savadlı hesab edən bəzi adamların fikirlərindən görmək olur ki, onları həm Azərbaycan, həm İran Astarasında iki məntəqəyə aparsan, “bütün talışlar İranın ali rəhbərinə biət etməlidir” fikrinə görə oradan salamat çıxa bilməzlər. Bütün reallığı görürlər, amma əsas məqsəd Azərbaycana ləkə atmaqdır.
Talış separatçılığı mövzusu yoxdur: bu gün məsələ talışların aktivlik nümayiş etdirmək cəhdidir və indiki fəallar bunu çox rüsvayçı şəkildə edirlər. İranda yaşayan talışların sayı Azərbaycandakından on dəfə çoxdur. Azərbaycanda yetişmiş talış aktivistləri dünyada tanınan və ya Rusiyada, MDB məkanında yaşayan İran doğumlu bir talış ziyalısının adını çəkə bilmirlər. Haramlıq da məhz buradadır: talışlar həm İran, həm Azərbaycan ərazisində halal çörək yeyiblər, nəfəs alıblar, amma bəzi adamlar buna haram qatırlar.
Azərbaycanda böyüyüb, təhsil alıb, sonra çıxıb deyirlər ki, buradakı talışlar da “bədbəxt” olmalıdır və gedib İrandakı talışlara birləşməlidir. Halbuki İranda talış dilində məktəb, qəzet, tanınmış ziyalı belə yoxdur.
Özünü talış fəalı adlandıranlar bir araya gəlib talış mövzusunu öz içlərində müzakirə etsələr, bəlkə də problemləri azalacaq. Söhbət Azərbaycanın problemindən getmir.
Bu şəxslər Azərbaycanın rəsmi qurumlarının apardığı siyasətin mahiyyətini də anlamırlar. Zahirəddin İbrahimi İsmayıl Şabanovdan da əvvəl separatçılıqla məşğuldur. Ən çılğını isə İ.Şabanovdur. Onun ağıllanması mümkün deyil, çünki ona bu səviyyəsiz davranışları üçün şərait yaradan, maaş və pul təmin edənlər var.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1141 dəfə oxunub.