Jurnalistin intihar anonsu...-Borcum var
Zelenski ABŞ-a səfər edə bilər
101 nəfər Azərbaycana readmissiya edilib
“Max Group” MMC dələduzluqda ittiham olunur
Zabitlərin hərbi xidmət müddəti 6 ay azaldılır
Ukrayna ordusu “Beriyev” zavoduna zərbələr endirib
İmamoğlu məhkəməyə çıxarılır
Daha bir vəkilin işinə xitam verildi
“Hansı yerli avtomobil, hansı istehsal? - Etiraz
Qurbanov bənzərsiz bir fenomendir


25.11.2025  10:57 

RUSİYA CƏNUBİ QAFQAZ REGİONUNDA AKTİVLƏŞİB





A+  A-

Rusiyanın Cənubi Qafqaz siyasətində yeni dinamika və aktivlik açıq şəkildə görünür.

Bu siyasətin iki mühüm parametri diqqət çəkir:

I. Regionun hər üç ölkəsində Rusiya kontekstindən irəli gələn dəyişikliklər baş verir.

II. RF-in Cənubi Qafqaz ölkələrinə münasibətdə siyasətində dəyişikliklər D. Trampın açıq şəkildə Putin yönlü “Ukrayna variantını” ortaya qoymasından əvvəl başlamışdı. ABŞ-ın Rusiyaya güzəştli mövqeyə keçməsi ilə yaranan zəifləmədən istifadə edərək “V.Putin Cənubi Qafqazda irəliləyir” tezisini doğru hesab etmək olmaz. Əksinə, V.Putin Ukraynadakı mübarizəsinin son mərhələsində Cənubi Qafqaz və Mərkəzi Asiyada Qərbin mövqelərini sıxışdırmaq planını işə saldığı təəssüratını yaradır. Ukrayna mövzusu arxa plana keçdikcə, Kreml Cənubi Qafqazda öz maraqlarını irəli çəkməyə daha çox diqqət ayırmalıdır. Bu mərhələdə Mərkəzi Asiyada da müəyyən “Rusiya ilğımı” formalaşdırmaq Kremlin kursunun bir hissəsi kimi görünür.

Cənubi Qafqazda Rusiyanın irəliləməsində Qərbin son siyasətinin səhvləri də özünü açıq göstərir. Qərb, xüsusilə Aİ, regionun ən iri dövləti olan Azərbaycana qarşı müəyyən laqeydlik nümayiş etdirdi. Ermənistanı regionun İT və maliyyə mərkəzinə çevirmək planlarını açıqladı və bu istiqamətdə böyük layihələrə start verdi. Ermənistanı yalnız Cənubi Qafqaz üçün deyil, həm də Yaxın Şərqin bir hissəsini əhatə edən iri süni intellekt mərkəzinə çevirmək niyyəti ortaya qoyuldu. Hazırda Ermənistan ildə 4–5 milyard dollarlıq süni intellekt məhsulu ixrac edə biləcək zavodların tikintisi ilə məşğuldur. Süni intellekt sahəsinə ölkə tarixində görünməmiş miqyasda investisiya cəlb olunur. NVIDIA Ermənistanda yarım milyard dollarlıq zavod tikir və həmin zavodun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

Aİ və ABŞ Azərbaycanla da yaxşı münasibətlər bəyan etsələr də, praktik addımlar zəifdir. Onlar Ermənistana yönələn son maliyyə paketlərini 8 avqust Vaşinqton bəyannaməsi ilə əlaqələndirirlər. Həmin görüşdə Azərbaycanla da əməkdaşlıq haqqında sənəd imzalanmışdı, lakin bu sənədin reallaşması istiqamətində hələ də ciddi addım atılmayıb. Qərb regionda inteqrasiyaya dəstək vermək əvəzinə açıq bölgüçülük siyasəti yürüdür və bu siyasət labüd şəkildə Azərbaycanın maraqlarına toxunurdu.

1918-ci ildə Böyük Britaniya regiondan çıxarkən 12.000 km² Ermənistan, 108.000 km² isə Azərbaycan ərazisini təsdiqləyib getmişdi. Bu gün Ermənistan əlavə 17.000 km² Azərbaycan torpağına sahib çıxıb. Böyük Britaniya bunu görməməzliyə vurur və əksinə, Ermənistanın torpaq işğalına bəraət qazandıran mövqelər səsləndirir.

Ermənilər Rusiya imperiyası və sonradan SSRİ dövründə onların siyasi himayəsi altında ardıcıl şəkildə torpaq mənimsəmə siyasəti aparıblar və bu faktlar sənədləşdirilib. Bu, psixoloji baxımdan da Ermənistan cəmiyyətinin sabitliyinə imkan verməyəcək. Regionun bütövləşməsi və real inteqrasiyası üçün ilk növbədə Ermənistanın işğal etdiyi torpaqların taleyi həll olunmalıdır. Bunun yeganə həlli həmin torpaqların böyük qisminin sahibinə qaytarılmasıdır. Bu isə Ermənistanın kimin və necə təsiri altında olmasından asılı olacaq.
Gürcüstan da Rusiya istiqamətində müəyyən addımlar atır. M.Saakaşvilinin yaratdığı “Cənubi Osetiya adlı qurum” faktiki olaraq indiki hökumət tərəfindən ləğv edilib. Gürcü-Abxaz dəmir yolunun açılmasına artıq kəskin etiraz yoxdur. Əvvəllər belə bir mövzuya toxunmaq mümkün deyildi, dərhal rəsmi Tbilisi sərt reaksiya verərdi. İndi isə Ermənistan Prezidenti Gürcüstan Prezidenti ilə bu məsələləri müzakirə edir və rəsmi Tbilisi tərəfindən hər hansı neqativ reaksiya yoxdur. Qərbin Gürcüstana qarşı sərt mövqeyi Tbilisini müəyyən manevrlərə vadar edə bilər; bu, əslində manevr yox, yeni reallıqların qəbuludur.

Azərbaycan daxilində də mühüm proseslər başlayır. RF XİN nazirinin müavini, MDB məsələlərinin kuratoru M. Qaluzin Rusiya mediasının məlumatına görə Azərbaycanın Rusiyadakı səfiri R. Hacıyevlə çox detallı müzakirələr aparıb. Hətta həbs olunan şəxslərin mübadiləsi məsələsinin gündəmə gəlməsi də qeyd olunur. Bu proses Azərbaycanın Rusiya ilə bağlı iddialarının böyük qisminin aradan qaldırılmasına səbəb ola bilər. Fövqəladə Hallar naziri K. Heydərovun Qətərə səfəri və Qətərin XİN rəhbərilə müzakirələri Prezident İ. Əliyevin yeni və xüsusi xarici siyasət kursunun tərkib hissəsi kimi görünə bilər. Görünür, ölkə daxilində yeni konfiqurasiya qurulmaqla xarici amillərin daxili proseslərə təsiri məhdudlaşdırılacaq.

Rusiyanın artan təsirinin əsas toplandığı ölkə Ermənistandır. Prezident İ. Əliyev Ermənistan üçün kommunikasiyaların açılmasına qadağanı götürən kimi Rusiya Ermənistana qatarla taxıl göndərdi. Ermənistanda bu addım böyük rəğbətlə qarşılandı.

Ermənistan cəmiyyətinə görə indi “iki stulda oturmaq”, yəni Rusiya ilə münasibətləri qoparmaq dövlətçiliyin sonu deməkdir. N.Paşinyan tipik milli və ənənəvi erməni siyasəti aparan fiqurdur. Ondan daha artıq siyasət gözləmək həm onun şəxsi resurslarına, həm də Ermənistan cəmiyyətinin daxili imkanlarına uyğun deyil. Təəssüf ki, Qərb Paşinyanı müdafiə etməyə davam edir. Onun hakimiyyət daxilində apardığı həbslər Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək cəhdlərini gücləndirsə də, Qərb hələ də buna adekvat reaksiya verməyib.

Vəziyyətin daha da ciddiləşməsi Ermənistan məsələsinin Rusiya Prezident Administrasiyasının rəhbəri A.Vayno səviyyəsində müzakirə edilməsidir. O, yaxın günlərdə Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanla görüşərək Ermənistanın daxili məsələlərini müzakirə edib. Kreml əvvəllər də Ermənistanda vəziyyəti dəyişmək üçün Rusiyada yaşayan ermənilərdən istifadə etməyə çalışıb. V.Putinin məşhur ifadəsinə görə, Rusiyada yaşayan Ermənistan vətəndaşı ermənilərin sayı, Ermənistanda yaşayan ermənilərin sayından çoxdur. A.Vayno bu konsepsiyanı aktivləşdirməyə başlayır.

A.Vaynonun qeyri-publik fiqur olması vəziyyətin ciddiliyini daha da artırır. Bir müddət əvvəl onun V.Putinlə İ.Əliyev arasında aviasiya qəzası ilə bağlı yaranmış gərginlikdə vasitəçilik cəhdindən danışılırdı, lakin bu baş tutmadı. İndi isə A.Vayno Ermənistan mövzusu ilə aktiv şəkildə məşğuldur. Bu o deməkdir ki, yaxın vaxtlarda Gürcüstan mövzusu da onun masasına gələ bilər. Azərbaycanla bağlı isə Rusiyanın yalnız münasibətlərin normallaşdırılması xətti görünür.

A.Vaynonun müavini S.Kiriyenko R.Koçaryanı Ermənistan prezidentliyinə hazırlayarkən Zəngəzur, Göyçə gölü və Qeqarkunikin bəzi ərazilərinin Azərbaycana qaytarılması məsələsini də aktuallaşdırmışdı. Ukraynada baş verən hadisələri də bu kontekstə əlavə etsək, Qərb Cənubi Qafqaz və Mərkəzi Asiyada “növbəti qatarı” gözləməli olacaq. Bu qatarın sürəti və istiqaməti isə Qərbin, xüsusilə Aİ-nin regionda apardığı siyasətdə dəyişiklik edib-etməməsindən asılı olacaq.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq



Xəbər 513 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq

25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın


BÜTÜN XƏBƏRLƏR +