Ağstafa rayonu, Heydər Əliyev prospekti 53 ünvanında uzun müddətdir mübahisə mövzusu olan ərazi ilə bağlı vəziyyət getdikcə daha da gərginləşir. Rayon məhkəməsinin mövcud həbs qərarına baxmayaraq, həmin ərazidə qanunsuz tikinti işləri davam etdirilir. Bu işlərin Mircəlal Mahmudovun sahibkar oğlu Sahib Mahmudov tərəfindən aparıldığı bildirilir. Məhkəmənin qərarının icra olunmaması isə yerli sakinlər arasında ciddi narazılıq yaradıb.
Məsələni ictimailəşdirən Birinci Qarabağ müharibəsi iştirakçısı, torpağın sahibi Elşən Musayev deyir ki, həmin ərazi ona məxsus olub və qeyri-qanuni şəkildə dağıdılaraq zəbt edilib. Onun sözlərinə görə, təkcə əmlakının ələ keçirilməsi ilə kifayətlənməyiblər, üstəlik həmin əmlakın dəyərini də bir neçə nəfər arasında bölüşdürərək hazırda məhkəmə instansiyalarında ona qarşı istifadə edirlər. E.Musayev acı ironiya ilə bildirir ki, faktiki olaraq öz malının pulu ilə özünə qarşı mübarizə aparırlar.
E.Musayevin dediyinə görə, o, illərdir Bakıda yaşasa da, doğma rayonuna yatırım etməyə, yeni obyektlər açmağa, bölgənin inkişafına öz payını verməyə çalışıb. Lakin təşəbbüslərinin qarşılığı təşəkkür yox, əmlakının zorla mənimsənilməsi olub. Onun fikrincə, bu cür hadisələr bölgələrdə sahibkarlığa olan inamı sarsıdır, yerli insanların iş qurmaq həvəsini öldürür və ən əsası, orduda döyüşüb həyatını riskə atmış insanların haqlarının bu qədər asanlıqla tapdanması haqsızlıq hissini daha da gücləndirir.
E.Musayev qeyd edib ki, ölkə rəhbərliyi dəfələrlə belə hallarla bağlı sərt xəbərdarlıqlar etsə, qanunsuz tikinti və torpaq zəbtinə görə məsul şəxslər cəzalandırılsa da, bəzi rayonlarda bu praktikanın hələ də davam etdiyi görünür. E.Musayev hesab edir ki, əgər məhkəmənin qərarı açıq şəkildə icra olunmursa və bir sahibkarın torpağı rahatlıqla zəbt edilirsə, deməli, yerli icra strukturları ya məsuliyyətsiz yanaşırlar, ya da prosesə göz yumurlar.
O vurğulayır ki, cəbhədə döyüşən insanların ən böyük istəyi müharibədən sonra normal və ədalətli bir həyat qurmaqdır: “Lakin bu kimi hadisələr göstərir ki, bəzi bölgələrdə qanunun deyil, şəxsi əlaqələrin “iş gördüyü” sistem hələ də qırılmayıb”.
E.Musayevin dediklərinə görə, məsələ artıq təkcə əmlak davası deyil, bu, qanunun aliliyinin hansı səviyyədə tətbiq olunduğu ilə bağlı daha geniş sual doğurur.
Hazırda iş məhkəmə instansiyalarında davam etsə də, tikintinin bütün qərarlara rəğmən dayanmadığı bildirilir.
Elşən Musayev bu vəziyyətin həm onun hüquqlarını, həm də dövlətin hüquqi sisteminə olan inamını sarsıtdığını deyir. O, məsələylə bağlı müvafiq qurumlara dəfələrlə müraciət etdiyini, lakin real icra mexanizminin hələ də işə düşmədiyini bildirir.
E.Musayev sonda ümid edir ki, haqq-ədalət gec-tez bərpa olunacaq və bu cür halların qarşısı qəti şəkildə alınacaq. Onun sözlərinə görə, döyüşçülərin, sahibkarların və sıravi vətəndaşların hüquqlarının qorunması dövlətin ən əsas prioritetlərindən biri olmalıdır. Əks təqdirdə, bu kimi hadisələr bölgələrdə cəmiyyətin ədalətə olan inamını zəiflədəcək.
N.Oruclu
Xəbər 215 dəfə oxunub.