Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


15.05.2025  16:47 

“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?





A+  A-

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “Breitbart” nəşrinə müsahibəsində deyib ki, Azərbaycan yaxın zamanda “İbrahim sazişləri”nə qoşula biləcək ölkələr sırasındadır. Onun fikrincə, növbəti bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya, Livan qoşula bilər.

Əvvəlcə deyim ki, “İbrahim sazişləri” Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, daha sonra Sudan və Mərakeşin İsraillə diplomatik münasibətlər qurması məqsədilə 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə imzaladığı razılaşmalar silsiləsidir. Rəsmi Vaşinqton bu yolla regionda İsrail–Ərəb normallaşmasını təmin etmək istəyir.

Proses bu günə qədər ABŞ-ın istədiyi formada getmir. Təbii ki, burada İsrailin də səhvlərinin, atdığı radikal, sərt addımların payı az deyil. Bununla belə, Stiv Uitkoffun sözlərindən sonra bu qənaətə gəlmək olar ki, Vaşinqton bunu daha geniş coğrafi müstəviyə yaymaq niyyətindədir.

Bu sazişlərə “İbrahim” adı verilməsi təsadüfi deyil. Belə ki, İbrahim peyğəmbər həm islam, həm yəhudilik, həm də xristianlığın atası sayılır. Bu dinlərə həm də “İbrahimi dinlər” deyilir. Verilən mesaj isə bir növ bu üç dinin xalqlarını, ölkələrini bir-birindən ayırmadığı, əksinə ortaq kök – İbrahim peyğəmbərlə birləşdirdiyi yönündədir. Başqa cür desək, Yaxın Şərqdəki üç böyük monoteist dinin davamçıları olan ölkələr arasında sülh və əməkdaşlıq yaratmaq mümkündür.

Azərbaycanın məsələyə yanaşması indiki məqamda maraq doğurur. Rəsmi Bakı hələlik bu haqda hər hansısa açıqlama verməyib. Lakin Bakının xarici siyasət prinsiplərinə əsaslanaraq onun bu məsələyə necə yanaşacağını öncədən demək mümkündür.

Belə ki, Azərbaycan–İsrail əlaqələri onsuz da strateji tərəfdaşlıq səviyyəsindədir. İkitərəfli münasibətlər enerji, müdafiə sənayesi, texnologiya və digər sahələri əhatə edir. İsrail Azərbaycanın həm də ən böyük silah tədarükçülərindən biridir. Yəni diplomatik münasibətlər, qarşılıqlı səfərlər və yüksək səviyyəli əməkdaşlıq fonunda demək olar ki, iki ölkənin münasibətləri “İbrahim sazişləri”nin özündə ehtiva etdiyi məqsədə çoxdan çatıb.
Azərbaycan ABŞ-ın təklifini qəbul edib “İbrahim sazişləri”nə qoşulsa belə, bu, prinsipcə simvolik qərardan o tərəfə keçməyəcək. Yəni bu saziş Azərbaycan–İsrail münasibətlərinə əlavə xüsusi nəsə qatmayacaq.

Mümkündür ki, Azərbaycan “İbrahim Sazişləri”nə ehtiyatla, bəlkə də məsafəli yanaşsın. Çünki Bakı İsraillə strateji tərəfdaş olduğu qədər, Türkiyə ilə də müttəfiqdir. Bundan başqa, son zamanlar normallaşan İran–Azərbaycan münasibətlərinə də xələl gəlməməsi Bakı üçün mühümdür. Aydın məsələdir ki, “İbrahim sazişləri”nə qoşulmaq Tehranda çox ciddi qıcıq yaradacaq. İran bu sazişi müsəlman ölkələrinin “xəyanət ittifaqı” kimi görür və dəfələrlə buna sərt reaksiya verib. Düzdür, Bakı üçün İranla münasibətlər heç vaxt “ya dost, ya düşmən” olmayıb. Azərbaycan bu münasibətləri daha çox balanslı aparır. Belə olan halda, “İbrahim sazişləri” kimi açıq şəkildə anti-İran kontekstində yozulan bir mexanizmə qoşulmaq Bakının bu balansı pozması demək olar.

Digər məsələ də ABŞ-ın Azərbaycanın adını bu kontekstdə hallandırmasıdır. Yəni bu, Bakının qərarına əsaslanmır, daha çox Vaşinqtonun regionda yeni oyun qurmaq cəhdidir. Eyni arqumenti Ermənistana da aid etmək olar. Məsələn, rəsmi İrəvanın İsraillə diplomatik münasibətləri kifayət qədər zəifdir. Görünür, Vaşinqton bu ölkələrin sazişə qoşulması yönündə xəbərləri dövriyyəyə buraxaraq daha çox mediada səs-küy yaratmaq istəyir.

Nəticə etibarilə, Stiv Uitkoffun açıqlaması reallıqdan çox, siyasi manipulyasiyaya bənzəyir. Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmaq ehtimalı tam inkar edilə bilməz, amma bu, Bakıdan çox Vaşinqtonun ssenarisi kimi görünür. Rəsmi Bakı isə xarici siyasətdə heç vaxt başqa ölkələrin diktəsi ilə hərəkət etmir. Əksinə, öz maraqları prizmasından çıxış edir. Bu maraqlar daxilində “İbrahim sazişləri” hələlik prioritet deyil.

Turan Rzayev

Xəbər 154 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +