Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar
Rektorun akademiyadakı milyonluq xərci – SİYAHI
Daha bir ölkə Qahirə sazişindən çıxdı
Prezident DTX ilə bağlı fərman imzaladı


21.11.2025  11:41 

Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!





A+  A-

Xəzər hövzəsi ölkələrinin regionlarının Gilanda keçirilən forumu və ardınca Ərdəbildə noyabrın 26-dan 29-na qədər təşkil olunacaq investisiya forumu zamanı yayılan məlumatlar Azərbaycana yönəldilmiş diqqətin xüsusi olaraq artdığını göstərir. Xüsusilə Ərdəbildə iqtisadi proseslər baxımından Azərbaycanın iştirakı həm faydalı, həm də vacib hesab olunur. Gilanda keçirilən forumda isə Azərbaycanın imkanlarının bir qədər fərqli görünməsi mümkündür.

Xəzər dənizi İranın özünəməxsus siyasi tətbiq platformalarından biridir, təkcə Azərbaycana deyil, daha çox Rusiyaya qarşı planların hazırlandığı məkana çevrilib. Azərbaycanın Türkiyəni, bununla da NATO və ABŞ-ı Xəzər hövzəsinə gətirəcəyinə dair İranın narahatlığına cavab olaraq Rusiya Xəzərdə hərbi proseslərin məsuliyyətini öz üzərinə götürdü və bu, 2018-ci ilin Aktau konvensiyasında təsbit olundu. O vaxtkı İran prezidenti Həsən Ruhani həmin sənədə imza atsa da, İran parlamenti onu ratifikasiya etmədi və bundan sonra Ruhani ciddi siyasi təzyiqlərlə üzləşdi.

İranda Xəzər məsələsi ətrafında narazılıq bu gün də davam edir, halbuki mövzunu aktuallaşdıran elə İranın özü olmuşdu.

Hazırda İran Xəzər dənizində Rusiya ilə əlaqələrini əsasən Mahaçqala limanı üzərində çəmləşdirməyə çalışır. Dağıstan ərazisində iqtisadi bağlılıqlar yaratmaq və casusluq şəbəkəsi qurmaq Tehranın prioritetidir. Bununla İran tarixi torpaqlarını geri qaytarmağa başlamaq niyyətindədir. Bu, İranın ən böyük arzularından biridir və Tehran bunun üçün öz gücünə deyil, Rusiyanın ətrafında baş verən proseslərə ümid edir. İranın Ermənistandakı səfiri də ermənilərin dəstəyi ilə ABŞ mətbuatına verdiyi müsahibədə İranla Rusiyanın müttəfiq olmadığını, yalnız vaxtaşırı əməkdaşlıq etdiyini bildirdi. İran Rusiyanın ətrafında baş verən hadisələri Moskvanın əleyhinə qiymətləndirir və İsrail, ABŞ-la əməkdaşlıq imkanları yaratmaq üçün ayrı-ayrı kanallar formalaşdırır. Çinin reytinqi isə İran daxilində birinci yerdədir.

İranın hiyləgər düşmənçilik siyasətinin əsas hədəfi Azərbaycan olub. Tehran bəzən Azərbaycan barədə şirin və pafoslu fikirlər səsləndirsə də, müsəlman dünyasında ən ciddi zərbəni məhz Azərbaycan dövlətinə vurub. Xocalı soyqırımını tanımaması bir yana, həmin cinayəti törədənlərə 3 milyard dollara qədər yardım göstərib. SEPAH-ın hərbçiləri Azərbaycanın daxilində olduğu dövrdə rayonlarımızın işğalı və əhalinin kütləvi şəkildə çıxarılması prosesi başladı və sürətlə davam etdi. Həmin dövrdə SEPAH hərbçiləri ölkəmizdə olarkən 1994-cü ilin atəşkəs müqaviləsi imzalandı. Bu, faktiki olaraq məğlubiyyət sənədi idi. İran bu günədək bunların heç birinə izahat verməyib. Hətta 44 günlük müharibə qələbəsindən sonra Tehran Azərbaycana Suriyadan qoşun gətirmək barədə uydurma ittihamlar yönəltdi və Azərbaycan qoşunlarının İran-Ermənistan sərhədindən çəkilməsi tələbi ilə ultimatum verdi. Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat göstərilməsi kimi əsassız tələblər irəli sürdü. Halbuki Qarabağ ermənilərinin probleminin ən məntiqli həlli onların gəldikləri əraziyə - İrana qayıtmasıdır. İran özünü Avropaya və xristian dünyasına meylli göstərmək istəyirsə, 100 mini Qarabağ ermənisi olmaqla ümumilikdə 300–400 min ermənini Tehrana qaytarmaqla bu “Avropa trendinə” sadiqliyini sübut edə bilər.

Gilan və Ərdəbil nümunəsində İran regionların iqtisadi fəallığı Məsud Pezeşkianın seçki kampaniyasında irəli sürülən “regionların iqtisadi muxtariyyəti” mövzusunun praktikada reallaşmağa başladığını göstərir.

Ərdəbil üçün xaricə çıxış baxımından ən vacib istiqamət Azərbaycandır. Çünki Ərdəbil məhsullarının Ermənistandan keçərək nəqli həm baha, həm də qeyri-effektivdir. Əgər İran rəsmilərinin imkanı olsaydı, məhsullarını Ermənistandan da çıxarardılar. Tehran rəsmilərinin fikrincə, Azərbaycana heç bir tərəfdən gəlir gəlməməli, Azərbaycanın adı dünyada minimum səviyyədə hallanmalıdır. Azərbaycan həm geosiyasi, həm də geoiqtisadi izolyasiyada saxlanmalıdır. Lakin İran dövlət rəhbərliyinin arzuları ilə reallıq uyğun gəlmir: Ərdəbil Azərbaycanın qonşusudur. Ərdəbil rəsmilərinin bildirdiyinə görə bölgənin Azərbaycanla 374 km-lik sərhədi var. Onlar məhsullarını Azərbaycan vasitəsilə Cənubi Qafqaz ölkələrinə, Rusiyaya və Avropaya çıxarmaq istəyirlər. Bunun üçün cəmi 4 km-lik dəmir yolu tikintisi lazımdır. Ərazicə İranın cəmi 1%-ni təşkil edən Ərdəbil ölkənin ümumi məhsullarının 4%-ni verir və bunun böyük hissəsi kənd təsərrüfatıdır. Ərdəbil əsl kənd təsərrüfatı imperiyasıdır. İran üzrə ən çox su ehtiyatına malik regiondur və uzun müddət su problemi yaşamayacaq.

Suyla bağlı yanaşma İranın Azərbaycana münasibətini ən dəqiq göstərən nümunələrdən biridir. Prezident İbrahim Rəisinin öldürülməsinin əsas səbəblərindən biri də məhz bu məsələlər idi. Araz hidroqovşağı açıldı və İran onun baş tutmaması üçün hər şeyi etdi. Mehridə Ermənistan üçün 330 milyon dollarlıq SES-i pulsuz tikmək istədi. Hətta həmin SES-in təhlükəsizliyini öz ordusu ilə təmin etməyə hazır olduğunu sənədlə bəyan etdi - təki Arazın suyu Azərbaycan Respublikasına və İranın Ərdəbil, Şərqi Azərbaycan, qismən də Qərbi Azərbaycan ostanlarına çatmasın.

İndi isə İran həmin ostanları vasitəsilə Azərbaycanla iqtisadi əməkdaşlıq təklif edir. Bu əməkdaşlıqdan Azərbaycanın həm qazancı, həm də perspektiv üçün üstünlükləri ola bilər. Lakin İran dövlət rəsmilərinin necə reaksiya verəcəyi, nə qədər ardıcıllıq göstərəcəyi hələlik bəlli deyil. Hazırda Azərbaycanın İranla heç bir problemi yoxdur; bütün problemlər daim İran tərəfindən yaradılıb. Xocalı soyqırımını tanıyan fars hökmdar, həmin soyqırımı törədənlərə yardım edən hökmrandan qat-qat üstündür. Prezident İlham Əliyevin İbrahim Rəisi ilə münasibəti bunu açıq göstərirdi. Rəisinin Tehran tərəfindən aradan götürülməsinin səbəblərindən biri Rusiya ilə bağlı idisə, digər səbəb onun Azərbaycanla normal münasibət qurmaq istəyində idi. İran rəhbərliyi bunu qəbul edə bilməzdi.

İranın dənizçilik strukturlarının rəhbərlərindən biri Azərbaycanın İrana investisiya qoymaqda maraqlı olduğunu iddia etdi və Şahin Mustafayevin Bəndər-Abbasda Şəhid Rəcai limanına baş çəkməsini xatırlatdı. Bu, Azərbaycan tərəfinin ora investisiya yatırmaq niyyətini göstərir.

Ancaq əsas sual budur: İran Azərbaycan investorlarına və Azərbaycan üzərindən gələn xarici investorlara qarşı davamlı, ardıcıl və beynəlxalq standartlara uyğun davranmağa qadirdirmi? İranın davranış məntiqinə görə Türkiyədən, Avropadan və Rusiyadan Azərbaycana görə gələn bütün investorlar təzyiq altında qala bilər. Hər şeydən əvvəl İranın ali rəhbərliyi Xocalı soyqırımı və həmin dövrdə baş verənlərlə bağlı ayrı bir fətva verməlidir. Ardınca isə Azərbaycanla İran ostanları arasında iqtisadi əməkdaşlığı dəstəkləyən ayrıca fətva verilməlidir. Yalnız bu halda İran regionlarının Azərbaycanla əlaqələri genişlənə bilər. Əks halda İran ostanları Azərbaycanla tamamilə başqa mövzular ətrafında danışmalı olacaq.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 720 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +