Bu gün Odessa şəhərində hərbi-siyasi icmalçı Oleksandr Kovalenkonun qələmə aldığı, Ukrayna və rus dillərində nəşr olunan “2020-də 44 gün” adlı kitabın təqdimatı keçirilib.
XəzərNews.az xəbər verir ki, müəllifin doğma şəhərində baş tutan təqdimat Odessanın Döyüş Fəaliyyəti İştirakçıları və Hərbi Qulluqçular üzrə Regional Həmkarlar İttifaqında keçirilib.
“2020-də 44 gün” kitabı Azərbaycanın Beşillik Zəfər savaşına həsr olunub. Əsər 44 günlük Vətən müharibəsinin gedişini, Azərbaycan Ordusunun üç onillik ərzində Ermənistanın işğalı altında qalan Qarabağın böyük hissəsini azad etməsini əks etdirir.
Kitabda hadisələrin günbəgün xronologiyası, müəllifin proseslərə kənar müşahidəçi kimi deyil, həmin dövrdə Ukraynanın yaşadıqları ilə müqayisəli yanaşması, həmçinin Ermənistan və Rusiyanın apardığı dezinformasiya kampaniyalarının analizi təqdim olunur. Eyni zamanda həmin təbliğatın Ukraynada müşahidə olunan oxşar psixoloji əməliyyatlarla paralelləri göstərilir və bir sıra saxta məlumatlar ifşa edilir.
Müəllifin fikrincə, kitabın ideyalarından biri də budur ki, Azərbaycan üç onillik ərzində öz torpaqlarının işğalı ilə heç vaxt barışmayıb. Uzunmüddətli diplomatik səylər və separatçıların davamlı təxribatları nəticədə sürətli və qətiyyətli azadetmə əməliyyatı ilə yekunlaşıb. Bu isə onu göstərir ki, işğal müddəti nə qədər uzun olsa da, ədalət gec-tez bərqərar olur.
Kitabda həmçinin qeyd olunur ki, uzun sürən müharibələr cəmiyyətlərdə ümidsizlik və inamsızlıq yarada bilər, lakin bu, dağıdıcı hisslərdir və heç bir konstruktiv nəticəyə aparmır. “2020-də 44 gün” yalnız müharibədən və təbliğatdan deyil, həm də ədalətin, iradənin və ruhun qələbəsindən bəhs edir.
Müəllifə görə, bu hadisələr təkcə Cənubi Qafqazın deyil, regiondan kənar geosiyasi balansı da dəyişdirib.
Təqdimat zamanı kitab döyüş iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Hərbçilər əsərin ideya yükünü və məzmununu əlavə izaha ehtiyac duymadan anladıqlarını bildiriblər.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təşəbbüsü ilə Bakıdakı Ukrayna Mərkəzində hərbi-siyasi icmalçı Oleksandr Kovalenkonun qələmə aldığı, Ukrayna və rus dillərində nəşr olunan “2020-də 44 gün” adlı kitabın təqdimatı keçirilib.
Xəbər 253 dəfə oxunub.