15.05.2025 13:17
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Əlbəttə ki, ahıl, müdrik, ləyaqətli, özünün və sözünün yerini bilən ağsaqqal və ağbirçəklərimiz hər zaman başımızın tacıdır. Belə insanlarımız məhz bu xüsusiyyətlərinə görə sanballı və hörmətlidirlər. Bu yazıda qeyd edəcəklərimiz də təbii ki, onlara yox, “yaşının-başının ağlığından” və pul-parasından istifadə edib, özünü “ağsaqqal” kimi qabağa verənlərə, lakin öz mahiyyəti etibarilə bu ada qətiyyən uyğun gəlməyənlərə aiddir...
İmişlidə baş verən məlum hadisə Azərbaycan Ağsaqqallar Şurası adlı təşkilatı gündəmə gətirdi. Bu təşkilatın sədri 6 dəfə(!) deputat edilmiş, Azərbaycanda korrupsiyanın ən çox yayıldığı ali məktəb kimi tanınan Kooperasiya Universitetinin rektoru, hələ SSRİ illərindən “Azərittifaq” kimi “yağlı” təşkilata başçılıq etmiş Eldar Quliyev durur. Bu deputatın tərcümeyi-halına, parlamentdəki fəaliyyətinə, ümumilikdə reputasiyasına nəzərə salanda, görürsən ki, onun rəhbərlik etdiyi təşkilatın İmişlidəki kimi də rayon təşkilatı və Saleh Səmədov kimi də təşkilat sədri olar.
Ümumiyyətlə, bu kimi təşkilatlar sanki hörmət, izzət təcəssümü olan ağsaqqal ifadəsini gözdən salmaq üçündürlər. Onun əksər rayon təşkilatlarına və mərkəzi orqanlarına da vaxtilə yüksək vəzifələr tutmuş, rüşvətxorluq, korrupsiya, qohumbazlıqla “qabağa getmiş”, indi də yaxşı pul-parası olanlar təmsil olunurlar. Belələri “qozbeli qəbir düzəldər” məsəlinə uyğun olaraq, indi də məddahlıqla, saxtakarlıqla məşğuldurlar. Bu təşklatların “fəal üzvlərini” yalnız seçkidən-seçkiyə artıq “seçiləcəyi” əvvəlcədən bəlli olan namizədlərə dəstək tədbirlərində, ya da rayona gələn hansısa yüksək qonağın qarşısına çıxıb məddahlıq edərkən görərsiniz. Məhz belələrinin sayəsində ağsaqqal anlayışı bəzən lağ-lağı, lətifə, predmetinə çevrilir...
Məsələn, görkəmli alimimiz, professor Rafiq Əliyev kimi şəxsiyyəti zorla belə bir təşkilata sədr təyin etsəniz də, bu vəzifəyə getməz. Hansı ki, əgər doğrudan da sanballı, hörmətli bir təşkilat qurmaq istəsəniz, onun başında məhz Rafiq Əliyev, yaxud sabiq deputat Vahid Əhmədov kimi şəxsiyyətlər durmalıdır...
Yeri gəlmişkən, Azərbaycanda Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi(TAİB) adlı təşkilat da var. Xüsusilə Türk dövlətləri arasında sıx münasibətlərin formalaşmasında müsbət fəaliyyəti, səmərəliliyi ilə seçilən bu təşkilat Azərbaycan Ağsaqqallar Şurasından qat-qat daha effektiv təsir bağışlayır.
Çoxları İmişlidəki qırmızı SSRİ bayraqlı, ”Gorgiyev lentli” tədbiri onun təşkilatçılarının bisavadlığı ilə izah etməyə çalışır. Yaxşı, tutaq ki, bisavaddırlar, nəticəsini görmədikləri işlə məşğuldurlar, bəs bu adamların yaddaşı da yoxdur? Guya bilmirlər, yadlarından çıxıb ki, Azərbaycanda 1930-cu illərin qanlı repressiyaları, 20 yanvar qətliamı bu qırmızı bayraq altında törədilib, sərvətləri bu bayraq altında sümürülüb? Guya bilmirlər ki, yaxalarına taxdıqlıarı “Georgiyev lenti” rus işğalçı imperiya ordusunun simvoludur?
Özü də bu lent ilk olaraq II Yekaterina tərəfindən Rusiya-Türkiyə savaşında döyüşən rus əsgərlərinin yaxasına taxılıb. Səmədov isə çıxıb deyir ki, niyə Türkiyə bayrağına heç nə demirsiz, SSRİ bayrağına etiraz edirsiz? Yekaterinanın lentinə və işğalçı imperiyanın qırmızı bayrağına sitayiş edən birisinin Türk bayrağına qarşı qıcığı təbii ki, təsadüfi ola bilməz. Necə ki, bu “bisavad” deyilən adamların xüsusi olaraq Bakıdan, Səmədovun dili ilə desək, “rus obşinasının”(rus icmasının) nümayəndələrini dəvət etməsi və onların Azərbaycanın dövlət dili deyil, rus dilində çıxışının təşkil olunması da təsadüfi deyil. Bunun cəmiyyətdə rezonans və etiraz doğuracağı əvvəlcədən bəlli deyildimi? Bunlar təsadüfdürmü, bisavadlıqdırmı, yoxsa öncədən hazırlanmış təxribatdırmı?
Bu tədbirdən Ağsaqqallar Şurasının sədrinin öncədən xəbərsiz olduğu da inandırıcı deyil. Nəzərə alsaq ki, mətbuatda Eldar Quliyevin özünün də ruspərəst kimi tanınmasına dair məlumatlara rast gəlinir, o zaman baş verənlər qətiyyən təsadüfə bənzəmir...
Nəhayət, ümumiyyətlə, Ağsaqqallar Şurası kimi amorf, saxta, süni təşkilatların mövcudluğuna nə ehtiyac var axı? Bu adamları kim rəhbər seçib, onlar hansı ixtiyarla bütün ahıl insanlarımızın adından çıxış edir, nəyə, hansı məzhəbə qulluq edirlər? İmişlidəki hadisə göstərdi ki, ilk baxışdan ziyansız görünən belə təşkilatlar kimlərinsə əlində gözlənilmədən təhlükəli siyasi alətə çevrilə bilir. Əlbəttə, kimsə könülü olaraq belə “qırmızısaqqalların” ardınca gedən deyil. Lakin bunların böyük pulları, imkanları, əlaqələri var və bu imkanlardan istifadə edib müxtəlif təxribatlar törətmək, “suyu bulandırmaq” elə də çətin deyil...
Cəlal Məmmədli
“AzPolitika.info”
Xəbər 993 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|