04.08.2025 10:50
“Araz və Tramp koridorları”nın müqayisəli... - TƏHLİLİ
Bu yazıda hər iki koridorun 100 illik icarəsinin nisbi müqayisəli təhlilini aparacağıq. Bəlkə də Türkiyənin rolu ilə bağlı ayrı təhlil aparılmalıdır. Bu gün İran Azərbaycana böhtan atmaqda, vəziyyəti gərginləşdirməkdən ötrü ağlagəlməz variantlar icad edir, İslam dininin normalarını pozur. Belə bir dövrdə Ermənistanda ABŞ-ın iki həftəlik hərbi təlim keçirməsi bu müqayisə üçün zəruri şərait yaradır. Ən vacib olan İranın mövqeyinin bir daha testdən keçirilməsidir. İran başına hansı oyun açılmasından asılı olmayaraq regionda hələ bir müddət mövcud olacaq. İranda gələcəkdə ərazi, təhlükəsizlik və s. hakimiyyət islahatları aparıla bilər. Əgər İran beynəlxalq ictimaiyyətə özünü normal fəaliyyətdə olan dövlət kimi göstərərsə, bu fərqli vəziyyət yarada bilər. Bu gün İran düşmən yaratmağa və müharibə etməyə hazırlaşır. Düşmənlərinin də hamısı müsəlman dövlətləridir.
İndiki dövr üçün nisbi müqayisəli təhlili zəruri hesab edirik:
I. “Araz koridoru”nun tam səmərəli işləməsi, Qərb vətəndaşları və yüklərinin də o yoldan istifadə etməsi üçün yolun tam Azərbaycanın səlahiyyətində olması zəruri şərtdir. Başqa variantda “Araz koridoru”ndan istifadə özünü doğrultmayacaq, müəyyən şəraitlərdə istifadə oluna bilər. “Tramp koridoru” üstün rəqabətli olacaq.
II. “Araz koridoru” “Tramp koridoru”na nisbətən 20-25 km uzundur. Türkiyə ilə birbaşa əlaqədə olan koridor olacaq. Buna baxmayaraq “Araz koridoru” Zəngəzur koridoruna nisbətən Azərbaycana iqtisadi cəhətdən daha sərfəli olacaq. 32 km-lik məsafəyə Ermənistan fərqli tarif şərtləri yükləyəcək: hərbi, siyasi və s. mövzulardan əlavə həm də iqtisadi baxımdan Azərbaycan üçün sərfəli olmayacaq.
III. Erməniləri Azərbaycan və Türkiyəyə nisbətdə sivil hesab etmək düzgün deyil. İstənilən şəraitdə ermənilər özlərini çox sivil göstərə bilərlər, Azərbaycanın qabağında isə yox. Türkiyənin 1,5 milyon ermənini “soyqırıma” məruz qoymasını iddia edən Ermənistan bu gün Türkiyə ilə münasibətləri normallaşdırmaqdan ötrü hətta Yunanıstana hədə gəlirlərsə, bu o demək deyil ki, onların Türkiyəyə münasibəti dəyişib. Onlar Azərbaycanla münasibətləri normallaşdırmamaqdan ötrü Türkiyə ilə münasibətləri normallaşdırırlar. Azərbaycan 20-25 min ermənini “öldürsə” də onu bağışlamırlar, 1,5 milyon ermənini “soyqırım” edən Türkiyəni isə bağışlayırlar. Əlavə maliyyə, iqtisadi şərtlərin olması şəksizdir. Bununla Paşinyan hökuməti və sonrakı hökumət erməni xalqına Azərbaycandan bu qaydada qisas aldıqlarını sübut edəcək.
IV. “Araz və Tramp koridorlarının” keçid fəlsəfəsi də tamamilə fərqlidir:
a) ABŞ-ın Türkiyədəki səfiri T.Barrak 32 km-lik məsafə bildirir və bu Prezident İ.Əliyevin “Azərbaycan, Azərbaycan” marşrutu anlamındadır. “Tramp koridoru”nda o yoldan Türkiyəyə, İrana və hətta Yerevana keçid nəzərdə tutulmayıb.
b) Ermənistan Türkiyə və İrana artıq ayrı kommunikasiya verməlidir. N.Paşinyanın “sülh kəsişməsi” prioritet olmasa da, kənara da atılmır. Mehri dəmir yolunu tam bərpa etmək, Arazdəyəni (Yerasx) işə qoşmaq artıq Ermənistanın işidir və artıq “sülh kəsişməsi” variantı icra oluna bilər. “Araz koridoru”nda belə anlayışlar yoxdur. Azərbaycanla Türkiyə birbaşa birləşir və istənilən cür hərəkət edə bilər.
c) Ermənistan hərbi yüklərin daşınmasına irad bildirə bilər. “Tramp koridoru”nda bu mümkündür, “Araz koridoru”nda isə bu mümkün deyil. Ermənistan “Tramp koridoru”na müxtəlif variantlar hazırlayır. N.Paşinyan bildirib ki, erməni əsgərləri o yolun kənarında düzüləcəkdir. “Araz koridoru” bunlara imkan vermir.
V. “Tramp koridoru” Ermənistana və Azərbaycana da iqtisadi uğur gətirəndir. Əgər bu kəmərlər, dəmir, avtomobil yolları Ermənistan ərazisindən keçəcəksə, Türkiyəyə gedən yolun 300 km qısaldılması anlamındadır. Azərbaycanla Ermənistan arasında da iqtisadi əlaqələr başlaya bilər. Azərbaycan Ermənistanın iqtisadi problemlərini həll etməklə, özü üçün də müəyyən qədər qazanc əldə edə biləcəkdir.
İranın Zəngəzur koridoruna yanaşması fərqlidir; Azərbaycan qazanmamalıdır, əksinə imkan olsa Azərbaycan Zəngəzur koridorunda da Ermənistanla əlaqələrdə də iqtisadi baxımdan uduzmalıdır. “Azərbaycan qazanmamalıdır” İranın Azərbaycana qarşı beşlikdə olan prinsipdir. Rusiya ilə Azərbaycan arasındakı layihələri süründürməkdə İranın əsas motivasıyası budur. Hətta RF şirkət və analitik mərkəzlərini ələ alaraq bu niyyətə xidmət etdirir. Azərbaycanla Ermənistan arasında 5 kommunikasiya variantı və 5 qaz kəməri mövcud olduğu halda İran Ermənistanı vadar edir ki, qazı Türkmənistandan alsın. Yeni kəmər çəkilməli, müəyyən qədər xərc tələb edir. İran buna israrlıdır...
VI. Koridorların siyasi yükü fərqlənir, bəlkə də bir-birinə ziddir. “Tramp koridoru”nu ABŞ ortaya qoymaqla Azərbaycanın hesabına Ermənistanı yaşatmaq istəyir. ABŞ Azərbaycanı Ermənistana artıq tarif haqqını daha baha ödəməyə vadar edə bilər. Ardınca neft, qaz kəməri, elektrik, optik və rabitə xətləri də bu yoldan keçə bilər. Bu yolla ABŞ Ermənistanı yaşatmaq istəyir. Azərbaycan və Gürcüstanın müstəqil olduğu ilk illər yada düşür. O zaman Azərbaycan Gürcüstandakı vəziyyəti nisbətən sakitləşdirə bildi. Azərbaycanın Gürcüstanda əldə etdiyi sabitlik davamlı deyildi. Ona görə ABŞ Azərbaycana Gürcüstan ərazisindən keçən marşrutların tarifini artırmaq və ucuz qaz verməyi təklif etdi. Proses bu gün də davam edir. Dünya bazarında 1000 m3-ri 400 dollar olduğu halda Azərbaycan Gürcüstana qazın bir qismini 60 dollara satır. Sosial qaz ona deyirlər.
Bununla Gürcüstanın büdcəsi normallaşdı. Gürcüstanda sabitləşmə davamlı olmağa başladı. İndi görünür, ABŞ o təcrübəni Ermənistanın üzərində keçirmək istəyir. Çünki Ermənistan hazırda o zamankı Gürcüstandan daha təhlükəli vəziyyətdədir. Rusiyaya bağlı qüvvələr Gürcüstanın daxilində müəyyən işlər görürdü. Abxaziya, Cənubi Osetiya münaqişələri Gürcüstanın daxili üçün böyük təhlükə yaradırdı. Gürcüstan cəmiyyəti də konsalidə olunmamışdı. Ermənistanda problem fərqlidir. Ermənistan Zəngəzur mahalına sahiblik edə bilmir. Ermənistan 1918-20-ci illərdə Zəngəzur mahalına sahiblik edə bilməməsinin hesabına həm özünə, həm də bütün region üçün də bəla yaratdı. XI Qızıl Ordunu Qafqaza gətirən birinci parametr Qafqaz regionunda, xüsusilə Zəngəzurdan başlanan qeyri-sabitlik idi. Ermənistan o vaxt da Zəngəzura sahiblik edə bilməyib, indi də edə bilmir. Zəngəzura sahiblik edə bilmədiyinə görə İranın qarşısında müstəqil siyasət apara bilmir, İranın flügerinə çevrilir. Əlbəttə, Ermənistan İrana ayrı gözlə yanaşır. Ermənistan hesab edir ki, İran onun əlində Azərbaycana qarşı cəza aparatıdır.
İstənilən anda Ermənistan İrana deyən kimi Azərbaycana hücum etməlidir. Azərbaycanın ağıllı siyasəti, bacarıqlı təhlükəsizlik mexanizmi buna imkan vermir.
VII. “Tramp koridoru” regionda sülhə xidmət edir. Kommunikasiya variantları içərisində ən bəsiti və sadəsidir.
Zəngəzur koridoru adı ilə İran regionda yalnız müharibə axtarır, şərait yaradır. 20 il ərzində İran Şimal-Cənub marşrutunun Ermənistan ərazisindən keçməsi (Oxu: Zəngəzur koridoru) ilə məşğul olub. Həm avtomobil yolu, həm də dəmir yolu Ermənistan ərazisindən keçməlidir. Avtomobil yolu bu günə qədər çəkilməyib. İran maliyyə qoymağa vəd vermişdi, qoya bilmədi. Dəmir yolu variantına Ermənistanı dəfələrlə qızışdırdı, pul verə bilmədi. Ermənistan da yolu tikə bilmədi. Əksinə Cozef Barkovskinin yaratdığı Rasia FZE şirkəti ilə indi də Ermənistan məhkəmə çəkişməsindədir.
VIII. Zəngəzur koridoru regionda heç bir ciddi dəyişiklik yaratmır, bütün variantların hamısı kommunikasiya üzərində qurulub. Oradan, buradan keçsin, bu qədər qazanaq, tarif belə olsun, Azərbaycan tiksin və s. bu mövzulardır.
“Araz koridoru” isə regionun arxitekturasını dəyişir. Çünki bu İranın təsiri olmadan Azərbaycanla Türkiyənin birləşməsi anlamındadır. Ona görə Cənubi Qafqaz regionunu 4 dövlətli hesab etmək lazımdır. Bu zaman Azərbaycanla Türkiyənin arasında əlaqə Gürcüstan və ya Ermənistanın rolu olmadan qurulur. Bu bütün regionda yeni balans sistemi qurmağı tələb edir. Çünki Gürcüstan artıq bu vaxta qədər xeyli miqdarda olan qazancından məhrum ola bilər. Ən azı qazancının bir hissəsindən məhrum ola bilər.
Ermənistan bütövlükdə Azərbaycana qarşı siyasi ambisiyasını itirmiş olur. Nəzərə alınmalıdır ki, məhz bu amil artıq İranı regionda yalnız sabitləşdirici rol oynamağa vadar edə bilər. 3+3 variantı İranın rəsmən söykəndiyi variantdır. Bəzən o variantın Azərbaycana məxsusluğu, o ideya müəllifinin Prezident İ.Əliyev olduğunu unutdurmağa çalışırlar. Hətta son çıxışlarının birində İranın Azərbaycanda keçmiş səfiri 3+3 variantını İranın ideyası kimi təqdim etdi. Bu qaydada dövriyyəyə buraxmaqla Prezident İ.Əliyevin o ideyanın müəllifinin olduğunu unutdurmaq istəyirlər. Ermənistan 3+3 variantını qəbul etmir. İran 3+3 formatını yeganə variant hesab etsə də Ermənistanın 3+3 variantından imtinasına diqqət yönəltmədi. 3+3 formatının İstanbul tədbirindən qayıtdıqdan sonra Ermənistan xarici işlər naziri A.Mirzoyan bu formatda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə etməkdən imtina etdiklərini bildirdi. 3+3 formatının mahiyyəti yalnız Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması idi. Qalan məsələlər 2-cü dərəcəli idi.
IX. Azərbaycanla Türkiyənin rolu müstəsna dəyərləndirilməlidir. Çünki Türkiyənin Zəngəzur koridorunda Azərbaycanla razılaşdırılmamış mövqeyi Azərbaycana birbaşa və ya Azərbaycanın Gürcüstan, Ermənistanla münasibətlərinə ciddi təsir edəcək. Regionda arxitekturanı dəyişməklə yeni balans sistemi qurulmalıdır. Gürcüstan mümkün qədər zərər çəkməməlidir, Ermənistan isə əksinə elə vəziyyətə düşməlidir ki, yəqin əvvəlcə problemlərinin həllindən ötrü İranın üstünə qaçsın, sonra isə üçlü regional inteqrasiya modelinə qarışsın.
Türkiyənin “Araz koridoru”na mövqeyini dəyişən ən təsirli vasitə İranın roludur. Türkiyə İran-Azərbaycan münasibətləri barədə hər şeyi bilməlidir. Əslində məxfi orqanlar bilir və bildikləri məlumat da Azərbaycan dövlətinin zərərinədir. H.Fidan nazir təyin olunanda bizim Türkiyədə aktiv fəaliyyətdə olan siyasətçi xanımlarımızdan birinin verdiyi açıqlamalar belə görüntü yaratdı ki, H.Fidan MİT-in rəhbəri olarkən onun üçün ən vacib İran-Azərbaycan münasibətləri olub. Hətta İran-Türkiyə münasibətlərindən də vacib İran-Azərbaycan münasibətləri olub. Bu aydın görünür. R.T.Ərdoğanın müstəşar yardımçısı işləyərkən H.Fidan Azərbaycan və Rusiya masalarını idarə edirdi. Ən azı 2 azərbaycanlı xanım onun ətrafında idi.
H.Fidan sxemi göstərdi ki, Azərbaycanda da xarici siyasət məxfiyyətlə ciddi təmasda olmalıdır. Çox təəssüf... İran-Azərbaycan münasibətləri barədə Türkiyə rəsmilərinin məxfi yolla və ya İranın məlumatlarından istifadə etmək əvəzinə bizim tərəfimizdən məlumatların verilməsi çox vacibdir. Türkiyə-Azərbaycan münasibətlərində bəzən ilk baxışda vəziyyəti başa düşülməz hadisələr baş verdi. R.T.Ərdoğanla Prezident İ.Əliyevin görüşündə bəzən bizim rəsmilərimiz görüşdən kənarda saxlanılır, İran amilidir. Yüksək çinli məmurlarımız İranın Azərbaycan hakimiyyətində yaratdığı ehtimali plast barəsində Türkiyə ilə məlumat mübadiləsi etsələr daha yaxşıdır. İranla sərhəddə əhalimizin qazsız saxlanması, digər problemlərin artması fonunda Astarada 40 kəndin boşaldılması barədə publik məlumatlar və bu məlumatların cavabsız qalması ötəri hal ola bilməz.
Azərbaycan hakimiyyətində İranın plastının olmasının məcburiliyini və vəziyyətin təhlükəli həddə qədər inkişaf edə bilməyəcəyini Türkiyə bilər. Azərbaycan təhlükəli hədd səviyyəsinə nəzarət edə bilir. İran bu halda da Türkiyənin kənarda qalmayacağını bilər.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq
Xəbər 446 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|