27.11.2025 09:50
İRANIN XƏZƏRİN AZƏRBAYCAN SEKTORUNA RAKET ZƏRBƏSI: RUSİYANIN GİLANI ƏLƏ KEÇİRMƏSİ VƏ...
Bu təhlilin məqsədi İranı Rusiyanın adı ilə hədələmək deyil, belə mövzuların özü İran siyasətinin “çörəyi”dir. İran siyasi elitası hər dəfə Azərbaycanı hansısa formada Rusiya ilə qorxutmağa çalışır. Yalan və manipulyasiya o qədər adiləşib ki, Azərbaycanın real rolunu belə unudublar. Nə qədər uydurma danışsalar da, “Cırtdan” nağılındaki kimi, balaca qəhrəmanın böyük divi məğlub etməsi motivi dəyişmir.
Regionda da analoji mənzərə var: İran istəsə də-istəməsə də Azərbaycan bu gün onu cilovlaya bilən dövlətdir. Bunun səbəbi Azərbaycanın güclü olması qədər İranın zəifliyidir. İran əlindəki raketlərin necə və hansı qaydada işlədiləcəyini belə tam bilmir.
İranın yanlış strategiyası və Azərbaycana qarşı uydurmalar
Azərbaycanın İsraillə münasibətləri və İsrailə neft satması mövzusu uzun illərdir İranın manipulyasiya arsenalındadır. İsraili Azərbaycana gətirən isə məhz İranın Azərbaycana, onun xalqına, müsəlmanlara və dövlətçiliyinə qarşı düşmən münasibəti olub.
İranın indiki səhvi isə bütün tarixi səhvlərinin ən təhlükəlisidir. İran dövləti məhv olmaq ərəfəsindədir və bu dəfə bu məhv olma geri dönüşsüz ola bilər. Hazırkı idarəçilik davam edərsə, hətta min il sonra belə İran adlı dövlətin yenidən qurulması ehtimalı görünmür. Çünki İranın ətrafındakı bütün ölkələrin bugünkü və gələcək perspektivləri ondan qat-qat yaxşıdır.
Son günlər İran Azərbaycanın İsrailə neft satışını daha aqressiv şəkildə gündəmdə saxlayır. BƏƏ-yə məxsus tankerin saxlanması, sonra həmin tankerin guya Azərbaycan rəhbərliyinə bağlı şirkətlə əlaqələndirilməsi və ardınca “İsrailə neft daşınması” kimi manipulyativ iddialar bunun tərkib hissəsidir. İran hətta özünün uydurduğu saxta şirkətin hesabatını Gürcüstanda ermənilərə məxsus media orqanına ötürərək məsələni beynəlxalq müstəviyə çıxarmağa çalışdı.
İranın hədəfi Azərbaycanın Xəzərdəki neft yataqlarıdır. İsrail tanklarının Qəzzada “soyqırım” törətməsi iddiasını Azərbaycanın nefti ilə əlaqələndirmək, eləcə də qırıcıların yanacağının bu neftdən hazırlandığını iddia etmək İranın növbəti dezinformasiyasıdır. Həmçinin İran hərbi güc nümayiş etdirməyə möhtacdır.
Azərbaycanın keçirdiyi hərbi parad beynəlxalq ekspertlər tərəfindən İranla müqayisə olundu və bu müqayisə İranın ziyanına nəticələndi. İran 50 il əvvəl ABŞ-dan aldığı köhnə F-4 və F-5-lərə möhtacdır. Azərbaycan, Türkiyə və BƏƏ-nin qırıcıları isə texnoloji üstünlükləri ilə seçilir. İran bu mənzərəni görür və özünü göstərməyin ən asan yolu kimi Xəzərdə Azərbaycan yataqlarına raket zərbəsi endirməyi hesab edir.
Rusiya, ABŞ, Çin və İranın tələyə düşməsi
Xəzərdə İranın itirəcəyi demək olar ki, heç nə yoxdur. Türkmənistan İran üzərindən Türkiyəyə qaz nəqlini sanksiyalar səbəbindən dayandırıb. Qazaxıstan İsraillə münasibətlərdə artıq Azərbaycanı geridə qoyub. Digər Xəzəryanı ölkələrin İranla münasibətləri də gərgindir.
İranın Rusiyaya münasibəti isə illərlə gizlədilmiş düşmənçilik xarakteri daşıyır. İranın “Xəzərə NATO gəldi” isterikası nəticəsində Rusiya 2018-ci il Aktau bəyannaməsinə xüsusi müddəa saldı: Xəzərdə NATO və ABŞ hərbi qüvvələrinə qarşı cavabı Rusiya verəcək. Bu müddəanın daxil edilməsini isə məhz İranın o vaxtkı prezidenti Həsən Ruhani xahiş etmişdi. Lakin sənəd sonradan İranda tənqid olundu və ratifikasiyası dayandı. Moskva üçün Aktau konvensiyası həyati əhəmiyyət daşıyır: hansısa ölkə dəvət edərsə, Çin belə Xəzərə İrandan daxil ola bilər.
İranın anti-Rusiya xəttinin ən açıq nümunəsi isə Gilanda tikdiyi RLS-dir. 800 km məsafəni görən bu stansiya Moskvanın ətrafını izləməyə imkan verir. İran bu məlumatları ABŞ-a da çatdırıb. Rusiya bunu bilir və İranı cəzalandırmağa hazırdır.
İran hazırda həm Rusiyaya, həm də ABŞ-a xoş görünmək üçün ikiqat oyun oynayır. Ən təhlükəli variant isə budur: İran Xəzərdəki Azərbaycan yataqlarını vurur, ardınca 1–2 raketlə Gilan RLS-ni özü dağıdır və bunu “Azərbaycanın cavab zərbəsi” kimi təqdim edir. Beləliklə həm Rusiyaya, həm də ABŞ-İsrail cəbhəsinə qarşı yalançı balans yaratmağa çalışır. Bu tip planlar İranın idarəçilərinin qeyri-peşəkarlığını bir daha sübut edir.
Lakin İranın nəzərə almadığı mühüm məqamlar var:
I. BƏƏ gəmisini Azərbaycanla əlaqələndirmək və sonra Xəzərdə Azərbaycan sektoruna zərbə endirmək Qərbin Hörmüz boğazına zərbə endirməsini legitimləşdirir. Hörmüz bağlanarsa, ən böyük zərəri İran görəcək: İran nefti heç yerə çıxmayacaq. ABŞ isə dərhal Venesuela neftini bazara çıxarmaqla problemi kompensasiya edəcək.
II. ABŞ Ukrayna mövzusunda birdən-birə Rusiyanın tələblərini qəbul etməyə başlayıb. Trampın son bəyanatları Rusiyanı Ukraynada daha geniş işğala sürükləyə bilər. Rusiya Avropada böyük müharibəyə hazırlaşır. ABŞ bu prosesi İranın sıradan çıxarılması ilə balanslaşdırmaq istəyir. Cared Kuşnerin danışıqlara qoşulması da bunun göstəricisidir: Kremlin qarşısına “Ukraynanın verilməsi – əvəzində İranın neytrallaşdırılması” paketi qoyulub.
Bu, Rusiya üçün ikiqat qazanc variantıdır. Gilan RLS-ə və Xəzərə atılacaq bəhanəvi raket zərbəsi Rusiyanın İranın Xəzəryanı bölgələrini – o cümlədən Urmiyanı öz nəzarətinə keçirməsinə imkan yaradır. Bu zaman həm Suriyaya quru dəhlizi açır, həm də İranı zəiflədir.
Mossadın İran daxilində çoxşaxəli fəaliyyəti də Tehranı daha da çaşdırır. Xəzərdə və digər mövzularda İranı Rusiyaya qarşı aqressiv addım atmağa təhrik edən məhz bu agentura xəttidir. İranın ali rəhbərliyinə bu təsirin necə çatması isə ayrı məsələdir.
Bu mərhələdə İranla bağlı bütün proseslər faktiki olaraq İsrailin nəzarətinə keçib.
İranın raket zərbəsinin nəticələri: regional dağılma ssenarisi
İran Azərbaycan sektoruna raket zərbəsi endirib 5–10 quyunu sıradan çıxara bilər. İtirən yenə müsəlman olacaq və İran bunu “sevinc” kimi təqdim edəcək. Onların məntiqinə görə, guya müsəlmana zərbə vurmaq “Allah yanında savabdır”. Məhz belə yanaşmalar İran adlı dövlətin tarixdən silinməsinin əsas səbəbi olacaq.
Əgər Rusiya İranın bir hissəsini ələ keçirsə, ABŞ və Böyük Britaniya da eyni istiqamətdə addımlar atacaq. Ərəblər iddia etdikləri torpaqları geri götürəcəklər. Bu xaotik vəziyyətdə kürd kartı da ya Türkiyənin, ya da Rusiyanın əlində çevik alətə çevriləcək. İran üçün yaxşı heç nə görünmür.
Reallıq budur: belə idarəçilərin olduğu dövrdə İran təkcə qonşularına yox, öz xalqına da təhlükə yaradır. Ona görə də bu rejimin sıradan çıxması bölgə və İran xalqı üçün daha doğru yol kimi görünür.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1040 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|