28.10.2025 11:58
Aİ bölgüçülüyünü Türkiyənin İrəvanın sahibi Azərbaycana qaytarması dayandıracaq
“Avronest”in Yerevanda keçiriləcək iclasında Gürcüstan və ardınca Azərbaycanın iştirakdan imtina etməsi Cənubi Qafqazda Avropa İttifaqının bölgüçülük siyasətinə qarşı regional müqavimətin rəsmi ifadəsidir. Aİ-nin bölgədə xristian-müsəlman qarşıdurması yaratmaq niyyəti uzun müddətdir müşahidə olunur və bu prosesə gözlənilmədən İranın da qoşulması situasiyanın mahiyyətini dəyişib. Gürcüstanla Qərb arasında münasibətlərin gərginləşməsi bu gedişatın təbii nəticəsi kimi davam edir.
Azərbaycanın indiyə qədər Aİ-yə yönəlik münasibəti əsasən Prezident İlham Əliyevin irad və tənqidlərinə əsaslanırdı. Bu tənqidlər Avropanı bölgüçülük xəttindən çəkindirməyə hesablanmış tövsiyələr idi. Lakin indi region yeni mərhələyə qədəm qoyub. “Tramp koridoru” ilə bağlı qərarın qəbulundan sonra Cənubi Qafqazda tarixi məsələlərin yenidən aktuallaşması müşahidə olunur. Tarix bu məkanda heç vaxt unudulmayıb, indi isə onun siyasi praktikaya çevrilməsi prosesi başlayır. Bu mərhələdə regionun tarixi məsələləri ilə Rusiya və Türkiyə yanaşı, son on ildə İran da ciddi şəkildə maraqlanmağa başlayıb. Avropanın ardıcıl səhvləri isə bu yeni reallığın formalaşmasında mühüm amilə çevrilib.
Regionda bölgüçülüyün təməli ermənilərin buraya kütləvi şəkildə köçürülməsi ilə qoyulub. Bu prosesi çar Rusiyası həyata keçirib: Osmanlı və İran ərazilərindən erməniləri Cənubi Qafqaza gətirib. Avropa dövlətləri isə sonrakı mərhələlərdə – həm çar Rusiyası, həm də sovet hakimiyyəti dövrlərində – ermənilərin maraqlarına xidmət edən bütün bölgüləri qəbul edib, üstəlik bu siyasəti dəstəkləyiblər. Paradoks ondadır ki, Rusiya ilə bütün məsələlərdə zidd mövqe tutan Qərb, məhz ermənilərə yönəlik Rusiya siyasətinə daim arxa çıxıb. Osmanlı dövründə Qərb dövlətlərinə qarşı casusluqla məşğul olan və kilsələri dağıdan erməniləri bu gün Avropa ən çox müdafiə edən tərəfdir.
Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının parçalanması regionda ciddi geosiyasi dəyişikliklərə səbəb oldu. Qərbin təzyiqi ilə Osmanlı imperiyası qədim Azərbaycan torpağı İrəvanı Ermənistana verməyə məcbur edildi.
Bu gün İranın Avropa ilə münasibətlər kontekstində ermənilərdən necə istifadə edəcəyi aydın deyil. Aİ düşünür ki, İran Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılmasında faydalı rol oynayır, lakin Tehran bu istiqamətdə fərqli niyyətlər daşıya bilər.
Ermənistan Aİ ilə müxtəlif taktiki oyunlar oynayır, Qərbə üzv olacağına dair siqnallar verir və Avropa da buna inanır ki, guya Ermənistan Rusiyanın təsirindən qopa bilər. Halbuki Rusiya Prezidenti Vladimir Putinin 10–15 il əvvəl Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanla söhbətində dediyi “Rusiyadakı ermənilərin sayı Ermənistandakı ermənilərin sayından çoxdur” fikri bu inamın yanlışlığını göstərir. Rusiyadakı ermənilərin əksəriyyəti Ermənistan vətəndaşlarıdır və Kreml, vaxtilə Serj Sərkisyanın Qərbpərəst siyasətinə cavab olaraq, on minlərlə ermənini Yerevana qaytarmağa başlamışdı. Bu addım yenidən təkrarlana bilər.
Nikol Paşinyan Qərblə apardığı siyasi oyunlar hesabına özünü arxayın hiss edir. Xarici işlər naziri Ararat Mirzoyanın son çıxışında Azərbaycanın 1918-ci il Konstitusiyasına istinadla ölkəmizi hədələməsi bu xəttin davamıdır. 1918-ci ildə 12 min km² torpağını Rusiyanın üç hökumətinin qərarları ilə itirən Ermənistan bu gün Aİ-nin siyasi dəstəyinə arxalanaraq Azərbaycana qarşı eyni iddiaları səsləndirir.
Paşinyanın strategiyası regionun bölünməsi üzərində qurulub. Onun Türkiyə ilə yaxınlaşması və “erməni soyqırımı” məsələsində yumşalmaları Ankaranın rəğbətini qazanmaq məqsədi daşıyır. Türkiyə ilə isti münasibətlər, əslində, həm Azərbaycan, həm də Gürcüstanla əlaqələri zəiflətmək və regional inteqrasiya prosesini sabotaj etmək üçün vasitədir. Bu, eyni zamanda regionun iki əsas dövlətinə – Azərbaycana və Gürcüstana – yuxarıdan baxmaq cəhdidir.
Cənubi Qafqazda Avropa bölgüçülüyünü dayandırmaq üçün başlanğıc nöqtə tarix olmalıdır. “Tramp koridoru” istər-istəməz bu tarixi məsələləri yenidən gündəmə gətirəcək. Rusiya istənilən anda Sünik mahalını Azərbaycana qaytara bilər. Sünik (Zəngəzur) tarixi Azərbaycan torpağıdır və SSRİ dövründə Stalin bu ərazini Ermənistana verməklə Azərbaycanı iki hissəyə ayırdı, Türkiyə ilə coğrafi əlaqəsini kəsdi. Stalin hərçənd gürcü idi, lakin Bakıda böyümüş, Moskvaya da buradan siyasətçi kimi getmişdi. O, Böyük Britaniya və digər Avropa dövlətlərinin Bakıda necə fəaliyyət göstərdiyini yaxşı bilirdi və buna görə də Azərbaycana qarşı belə addım atdı.
Əgər Rusiya Süniki Azərbaycana qaytarmasa, yaxın gələcəkdə bu prosesə Çin müdaxilə edə bilər. Qırğızıstanla Tacikistan arasındakı oxşar ərazi mübahisəsi Çinin bölgədəki nüfuzunun artması ilə həll olunmuşdu; eyni tendensiya Cənubi Qafqazda da mümkündür.
Lakin bütün bu məsələlərdə həlledici amil Türkiyənin mövqeyidir. Əgər Ankara tarixə yenidən baxaraq İrəvanı paytaxt kimi Ermənistana vermək qərarını təftiş etsə, Cənubi Qafqazda Avropa və digər xarici qüvvələrin bölgüçülüyü dayanar, regionda sabitləşmə mərhələsi başlaya bilər.
Azərbaycanın “Avronest”in Yerevan iclasına münasibəti də bu kontekstdə başa düşülməlidir. Hazırlanan sənədlərdə konfliktin davamına şərait yaradan müddəalar mövcuddur. Ermənistanın “ərazi bütövlüyünə və suverenliyinə dəstək” adı altında Azərbaycanın ərazi bütövlüyünə zərbə vurulur. Aİ və İranın Ermənistanla birgə hərəkət etməsi regionda gərginliyi artırmaq cəhdidir, lakin bu siyasətin uğur qazanması real deyil.
Paşinyanın məqsədi Ermənistanın regional “müstəsnalığını” təsbit etməkdir. Azərbaycan isə Ermənistan Konstitusiyasındakı problemli müddələrə rəsmi iradlar bildirməli, bu əsasda siyasi və hüquqi iddialar qaldırmalıdır. 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü həm Rusiya hökumətləri, həm də Böyük Britaniya tərəfindən tanınmışdı, digər Avropa dövlətləri də buna etiraz etməmişdi. Deməli, bu prinsip bu gün legitim əsas kimi qəbul edilməli, onun üzərində yeni siyasi proseslər formalaşmalıdır.
Aİ və Qərb anlamalıdır ki, regionda sabitliyin yeganə təminatçısı Azərbaycan xalqıdır. Avropa tarixçilərinin və səyyahlarının yazdıqlarına baxmaq kifayətdir: bütün Qafqazda əsas ünsiyyət dili Azərbaycan türkcəsi olub.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 659 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|