Mehdiyevin səhhətində ciddi problem yaranıb?
Tramp Ukrayna üzrə xüsusi nümayəndə təyin edib
Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib
Vahid Əziz “Şərəf“ ordeni ilə təltif edilib
Mahir Cavadov psixiatriya xəstəxanada müalicə olunur
İcra Hakimiyyətinin 6280 manat borcu var
Sakinlər “LOFT“ restoranını ittiham edirlər
Tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı
Qəzəlxan Hacı Arif Buzovnalı vəfat edib
Forum təcrübə mübadiləsinə stimul verilə bilər - Niyaz Niftiyev


22.11.2025  12:58 

AZƏRBAYCANÇILIQ, YOXSA ETNİKÇİLİK?!





A+  A-

Bu günlərdə İsveçrdə yaşayan jurnalist həmkarım Elbəyi Həsənlinin sosial şəbəkə hesabında paylaşdığı bir qeydi oxuyanda yenidən çox vacib bir məsələnin - azərbaycançılıq ideologiyası ilə etnikçi yanaşmaların toqquşması probleminin gündəmə gətirilməsinin nə qədər vacib olduğunu düşündüm. İllərdir bu mövzuda araşdırmalar aparan biri kimi deyə bilərəm ki, etnik kimliklərin media başlıqlarında qabardılması, təəssüf ki, daha çox mərkəzi ofisləri Bakıda olmayan, amma Azərbaycan auditoriyasına xitab edən media resurslarında müşahidə olunur.

Mətləbə keçməzdən əvvəl bir məsələni xatırlatmaq istəyirəm. 2000-ci illərdə Böyük Britaniyada Mediada Müxtəliflik İnstitutu adlı beynəlxalq təşkilat, səhf etmirəmsə “Yeni Nəsil” Jurnalistlər Birliyi ilə birgə Press-Klubda milli azlıqlar mövzusunda yazan azsaylı jurnalistlərə bir həftəlik seminar keçirirdi. Mən də həmin seminarda iştirak ediridm. Hər gün nəzəri məlumatlandırmadan sonra bizə milli azlıqlar mövzusunda işləmək üçün tezislər verirdilər. Bəzən informasiyanın diqqət çəkməsi üçün xalqların adını başlıqlara çıxarırdıq (bu bəlkə də təcrübəsizliyimizdən irəli gəlirdi). Onlar isə buna qəti etiraz edir, bu yanaşmanın birgəyaşayış dəyərlərinə zidd olduğunu bildirirdilər.



Müxtəlif milli azlıqların adının uğur qazanan, mükafat alan və ya hər hansı səbəbdən saxlanılan şəxslərin adına əlavə edilməsi beynəlxalq konvensiyaların, o cümlədən Avropa Şurasının “Milli azlıqlar haqqında Çərçivə Konvensiyası”nın prinsiplərinə uyğun gəlmir. Lakin bəzi xəbər portalları və İnternet TV-lər həmin prinsiplərə məhəl qoymadan “Talış ictimai fəalı”, “Talış ziyalısı”, “Talış mədəniyyəti tədqiqatçısı” kimi başlıqlar təqdim edir. Elbəyi Həsənlinin “Talış ictimai fəalı nə deməkdir? Niyə azərbaycanlı ictimai fəal deyil?” sualı da bu etnikçi yanaşmanın absurdluğunu ifadə edir.

Halbuki bu ölkədə yaşayan bütün etnik qruplar Azərbaycan xalqının ayrılmaz hissəsidir. “Azərbaycanlı” anlayışı tarixən birləşdirici, həmrəylik yaradan, vahid amalı gücləndirən bir kimlik olub. Lakin milli kimlikləri onların əllərindən alınmır: dilləri, adət-ənənələri, mədəniyyətləri ən yüksək səviyyədə qorunur. Bu müxtəliflik Azərbaycan multikulturalizminin təməllərindən biridir və xalqlar öz mədəni irsini sərbəst şəkildə yaşadırlar. Xalqımıza qarşı əsrlərdir aparılan siyasətlərin ən böyük məqsədi də məhz bu birlik duyğusunu sarsıtmaq, etnik zəmində nifaq yaratmaq, separatçı meylləri alovlandırmaqdır.



Azərbaycançılıq ideologiyası da məhz bu kimi sabit etnomühitə qarşı olan bölücülüyə sipər kimi formalaşıb. Azərbaycançılıq millətindən, irqindən, dilindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları vahid Vətən ətrafında birləşdirən ideyadır. Bu ideya hər kəsin bu torpaq qarşısındakı məsuliyyət hissini ifadə edir. Bunun əksi olan etnikçilik isə süni qarşıdurma yaratmaq potensialına malik təhlükəli yanaşmadır.

Tarix göstərir ki, azərbaycanlılarla talışlar arasında heç vaxt etnik qarşıdurma olmayıb. Lakin müstəqillik dönəmində bəzi qruplar tərəfindən “talış məsələsi”nin siyasiləşdirilməsi, Talış Xalq Partiyasının yaradılması və daha sonra Ələkrəm Hümmətovun Cənub bölgəsində “Talış-Muğan Respublikası” elan etməsi həmin etnikçi yanaşmanın zərərli nümunələridir.

Bu gün sosial şəbəkələrdə yayılan bəzi çağırışlar da məhz həmin ənənənin davamıdır. Milli kimlik adı ilə özlərini “sığortalamağa” çalışan şəxslər xaricdən dəstək qazanmaq, Azərbaycan daxilində etnik zəmində fikir ayrılığı görüntüsü yaratmaq istəyirlər. Halbuki Azərbaycan qanunları irqindən, dinindən, dilindən asılı olmayaraq hər kəsə eyni münasibəti təmin edir. “Media haqqında” və teleradio yayımı haqqında qanunlar da etnik və irqi ədavətə yol verilməməsini açıq şəkildə tələb edir. Azərbaycan BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılmasına dair konvensiyalarına qoşularaq bu mövqeyini bir daha təsdiq edib.



Azərbaycanda əsrlərdir formalaşmış etnoslararası münasibət modeli - dostluq, birgəyaşayış, qarşılıqlı mədəni zənginləşmə dünya üçün nümunədir. Sosial şəbəkələrdə yayılan manipulyativ məlumatlar isə xüsusilə gəncləri yanlış istiqamətə yönləndirə bilər. Məhz buna görə də azərbaycançılıq ideyasının qorunması strateji əhəmiyyət daşıyır.

Təəssüf ki, talış azsaylı xalqına məxsus bəzi sosial şəbəkə qruplarında etnikçilik istiqamətində aparılan müzakirələr gənclər arasında ruh düşkünlüyü yaradır. Etnik məsələləri qabardan şəxslər problemin kökünə deyil, nifrət yönümlü fikirlərə üstünlük verirlər. Daha təhlükəlisi isə odur ki, Avropada yaşayan bəzi qruplar sosial şəbəkələrdən istifadə edərək bölücülük çağırışları edir, feyk səhifələrlə yanlış təsəvvürlər formalaşdırır, guya hansısa xalqın hüquqları tapdanırmış kimi görüntü yaradırlar. Əslində onlar bu kimi qeyri-ciddi məsələlərə sərf etdikləri vaxtı öz xalqlarının mədəni dəyərlərinin, dillərinin təbliğinə sərf etsəydilər, daha yaxşı olmazdımı?

Bu yanaşmaların hamısı əslində etnikçiliyin sərhədlərinə daxildir və Azərbaycan üçün təhlükə mənbəyidir. Bunun əksinə, azərbaycançılıq hamını bu torpağın sahibi kimi birləşdirən kimlikdir. 2020-ci il Vətən müharibəsi də bunu təsdiqlədi: ölkədə yaşayan bütün millətlərin nümayəndələri çiyin-çiyinə döyüşdü, şəhidlik zirvəsinə ucaldı və ya qazi oldu (bu barədə 12.11.2025-ci il tarixdə “Milli birlik naminə... 44 gün” adlı yazımda da geniş bəhs etmişəm). Bu fakt bir daha göstərdi ki, Azərbaycan kimliyi etnik kimliklərin üstündə deyil, onların hamısını öz daxilində birləşdirən dəyərdir.



Rusiyada yaşayan Zabil Mədoj kimi separatçılar isə çıxıb deyirlər ki, guya talışlar niyə Azərbaycan uğrunda şəhid, qazi olmalıdır. Bu sualın özü belə bütöv bir xalqın şərəf və ləyaqətinə qarşı yönəlmiş zərbədir. Axı onlar da bu torpaqda bizimlə birlikdə doğulub, böyüyüb, eyni havanı udub, eyni çörəyi bölüşüblər. Bu ölkənin havası onların da içinə dolub, suyu onların da damarlarında axıb. Bəs necə ola bilər ki, bu torpağın övladı bu torpaq uğrunda can qoymasın?

Bu nə məntiqdir, nə təfəkkürdür? İnsan özünü Vətənindən, millətindən, tarixindən necə bu qədər qopara bilər? Necə ola bilər ki, yüz illərdir çiyin-çiyinə yaşayan, sevinci və kədəri bir olan insanlar arasına bu cür nifaq salınsın?

Talışın, ləzginin, udinin, ingiloyun bu ölkəyə bağlılığı hansısa separatçı düşüncənin ölçü vahidi ola bilməz. Əgər Azərbaycan uğrunda bir talış şəhid olursa, bu, onun borcundan deyil, sevgisindən, sədaqətindən, Vətəninə olan minnətindən doğur.

Əlbəttə, bu cür düşüncələr yalnız cılız siyasi maraqların məhsuludur. Azərbaycan uğrunda can verən hər bir insan - istər talış, istər ləzgi, istər türk, istər avar bu Vətənin qəhrəmanıdır. Onun qanı Azərbaycanın bayrağına qarışıb, torpağına hopub. Bu həqiqəti heç bir etnikçi ideologiya dəyişə bilməz.

Niyaz NİFTİYEV


Xəbər 427 dəfə oxunub.




22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +