İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


28.10.2025  17:02 

Diaspor varmı, yoxsa sadəcə toplantılar şəbəkəsiyik?





A+  A-

Bu gün Brüsseldə yaşayan soydaşımız Ədalət Quliyevin sosial şəbəkədə paylaşdığı status diqqətimi çəkdi. Ədalət Avropada uzun illərdir yaşayan azərbaycanlıların bir araya gəlməsini, mehriban və birgə olmasını arzulayır. Bu, çox gözəl niyyətdir. Onu 2-3 ildir tanıyıram, Bakıda “Diaspora.TV”nin ofisində görüşüb uzun-uzadı söhbət etmişik. Hər dəfə izah etməyə çalışmışam ki, nə qədər ki, Diasporla İş üzrə Dövlət Komitəsinə milli təfəkkürlü insanlar yox, Nazim İbrahimov kimi alverçi düşüncəli, Fuad Muradov kimi intriqaçı zehniyyətli şəxslər rəhbərlik edəcək, azərbaycanlıların birliyindən danışmaq mənasızdır.

İndi baxıram, Ədalətin arzusu yenidən baş qaldırıb. Deyir “gəlin bir araya gələk. Asan olmayacaq, amma çoxluğa da ehtiyac yoxdur, zamanla say artar. Bu, mənim uzun illərdir içimdə daşıdığım arzudur. Brüsseldə görürəm ki, əfqanlar, afrikalılar, pakistanlılar və başqaları öz təşkilatlarını qurublar. Bizim də vaxtıdır”.

Mən də bu statusun altına yazdım ki, belə bir birliyə Fuad Muradov imkan verməz. Niyəsini də yazım ki, rahatlan və arzunu, heç olmasa müvəqqəti, Brüsseldəki müsəlman qəbiristanlığında dəfn et.

Hazırda Azərbaycan diasporu Fuad Muradov və onun çəlimsiz müavini Elşad Əliyevin əlində can verir, inildəyir. Bu yarıtmaz idarəetmənin nəticəsində diaspor hələ də milli güc mərkəzinə çevrilə bilmir, formal xarakter daşıyır, şəxsi maraqlara əsaslanır və cəmiyyətə təsir imkanları olduqca zəifdir.

Komitə uzun illər boyu milli maraqları deyil, şəxsi münasibətləri və siyasi loyallığı əsas götürüb. Fəaliyyətləri isə mərkəzdən idarə olunan “tədbirçilik” üzərində qurulub. Məqsəd real nəticə yaratmaq deyil, hesabat üçün görüntü formalaşdırmaq olub. Nazim İbrahimov dövrü “alverçi təfəkkür”ün, Fuad Muradov dövrü isə “intriqa siyasəti”nin qurbanına çevrilib.

Azərbaycan diasporunun intellektual və yaradıcı potensialı bu intriqa və itaət sistemində itib-batıb, “güvənilən insanlar” deyil, “itaət edən insanlar” önə çəkilib. Təşəbbüskar, düşünən, müstəqil şəxslər sistemdən kənarda saxlanılıb. Onların yerini səfirlik tədbirlərində şəkil çəkdirən, sinəsi medalla konfranslarda iştirak edən, lakin ictimai təsiri sıfır olan simvolik fiqurlar tutub. Beləcə, diaspor fəaliyyəti formadan məzmuna transformasiya edə bilməyib.

Bugünkü Azərbaycan diasporunu “foto diplomatiyası” kimi də adlandırmaq olar. Halbuki real diasporun gücü tədbirlərin sayında deyil, mədəni və intellektual nəticələri ilə ölçülür. Məsələn, bir erməni diaspor təşkilatı eyni resursla onlarla məqalə, film və media layihəsi yaradır, beynəlxalq tribunalarda Ermənistanın mövqeyini müdafiə edir. Fuad Muradovun diasporu isə xaricdə şəkərbura və paxlava fonunda qrup şəkilləri ilə kifayətlənir, özü də Bakıda Diaspora.TV adlı - Dünya azərbaycanlılarının tribunasına çevrilən bir səsi inzibati resurslarla boğdurur. Amma fikirləşmir ki, Ramiz Mehdiyevə vedrə bağlayan dünya Fuad Muradova nələr etməyəcək!

İkinci böyük problem əlaqəsizlikdir. Fərqli ölkələrdəki icmalar bir-birini tanımır, ümumi strategiya və kommunikasiya platforması yoxdur. Hər kəs öz “diasporunu” yaradır, hər rəhbər öz kiçik mərkəzini “qibləgah - Məkkeyi-Münəvvər” kimi görür. Almaniyadakı gənc azərbaycanlı Ədalətin yaşadığı Brüsseldəki icmanın fəaliyyətindən xəbərsizdir, ABŞ-dakı təşəbbüslər Avstraliyaya çatmır. Çünki orda da Fuad Muradovun özündən razı diaspor sədri qulaqlarına pambıq tıxayaraq oturub. O, yalnız komitədən gələn direktivləri eşidir.

Əlahəzrət faktlar sübut edir ki, bu problem texniki deyil, ideoloji xarakter daşıyır. Dövlətin diaspora məsul qurumu diasporu “tədbirə çağırılan qonaqlar” səviyyəsində saxlayır, onları ortaq ideya ətrafında birləşdirmək gücündə deyil. Adamlar başa düşmək istəmir ki, qloballaşma dövründə “diaspor” anlayışı artıq fiziki məkandan çox rəqəmsal məkanda yaşayır. Amma Azərbaycan diaspor siyasəti hələ də XX əsrin mərkəzləşmiş modelinə əsaslanır. “Komitə”, “nümayəndə”, “koordinator”, “Fuad Muradov”, “Elşad Əliyev” kimi həştəq və anlayışlarla sinonimləşib. Gənc nəsil isə bu modeli qəbul etmir. Onlar Facebook, İnstagram, Telegram və YouTube vasitəsilə öz kiçik, lakin canlı diasporlarını yaradırlar.

Azərbaycan diasporu bu gün nümayəndəlik görüntüsü ilə ictimai güc reallığı arasında itib. Mədəni, sosial və intellektual resurslarını düzgün istiqamətə yönləndirə bilmir. Diaspor qurumlarının bir çoxu “milli təmsilçilik” adı altında şəxsi imic və əlaqə şəbəkəsi yaratmaqla məşğuldurlar. Qürbətdəki “sədr”lər və “rəhbərlər” milli ideyanın deyil, şəxsi sosial kapitallarının əsiridirlər.

Ən acınacaqlısı isə odur ki, Azərbaycan diasporu hələ də modern təbliğat və media texnologiyalarını mənimsəməyib. Nəticədə ictimai təsir gücü çox hallarda sıfıra bərabərdir.

Hər dəfə yazıram, “koordinasiya şuraları” yaradılsa da koordinasiya yoxdur. Hər kəs öz “diasporunu” qurur və milli ideya lokal təşəbbüslərin arxasında itib-batır. Əlbəttə, bəzi ölkələrdə, məsələn, Türkiyə, Almaniya və ABŞ-da gənc intellektuallar yeni düşüncə tərzi ilə çıxış edir. Onlar kollektiv gücün vacibliyini anlayır, şəxsi deyil, milli düşünməyə çalışırlar. Amma sistematik dəstək və davamlılıq olmadıqca bu cəhdlər də lokal uğurlardan o tərəfə keçmir.

Nəticə göz önündədir… Azərbaycan diasporu hələ də emosional, intriqaçı, alverçi və inzibati niyyətlərin əsiridir. Real diaspor gücü isə kağız üzərində gözəl görünən hesabatlarla ölçülmür. Diaspor fəaliyyəti şəffaf hesabat və konkret nəticələrlə qiymətləndirilməlidir. Sual belə olmalıdır: neçə məqalə, neçə media çıxışı, neçə real təşəbbüs?

Və sonda... Diaspor güclü olanda millət uzaqda da tək qalmır. İndi bizim millət Rusiya Federasiyasında tək qalıb, az qala hər gün bir diaspor rəhbərinin pasportunu alıb deport edirlər. İndi bizim millət Belçikada sahibsiz qalıb, 40 ildir Brüsseldə yaşayan Ədalət Quliyev isə “birlik” həsrəti çəkir.

Əvvəldə verdiyimiz sualı yenidən təkrarlayaq: Bizim diasporumuz varmı, yoxsa sadəcə toplantılar, konfranslar və “səfirlik tədbirləri” şəbəkəsiyik? Ədalət Quliyev kimi soydaşların “birlik arzusu” bu sualın sosial simptomudur. Bu arzular əslində real diaspor gücünün yoxluğuna verilən emosional cavablardır. Onlar göstərir ki, azərbaycanlılar hələ də fərdi səviyyədə milli bağlılıq hissini daşıyır, lakin bu hiss institusional sistemə çevrilə bilmir.

P.S Bu yazını Brüsseldə yaşayan əziz dostum Ədalət Quliyevin “BİRLİK” arzusunu dəfn etməsi üçün yazdım.

N.NİFTİYEV


Xəbər 1161 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +