31.10.2025  11:42 
        
        Ermənistanda İranın güc amili 
                
         
            
        
        
        
            Nikol Paşinyanın etirazçılar və artan ictimai narazılıq qarşısında nümayiş etdirdiyi davranış getdikcə daha sərbəst və sərt xarakter alır. Son dövrlərdə artıq kilsə həyətində güc strukturlarının yerləşdirilməsi müşahidə olunur. İki ay əvvəl S.Karapetyanın tərəfdarları etiraz aksiyası keçirdiyi zaman Paşinyan kilsə istiqamətində müəyyən əməliyyatlara başlasa da, həmin dövrdə geri çəkilmiş, güc qüvvələri kilsə ərazisindən çıxarılmışdı.
            
Lakin indi vəziyyət tam fərqlidir: Paşinyan həm “Taşir” qrupuna, həm də kilsə təmsilçilərinə təzyiqləri artırıb, etiraz aksiyaları isə daha geniş vüsət alır. O, güc strukturları üzərində rahat manevr imkanına malikdir və bu prosesdə psixoloji gərginlik hiss etmir. Bu isə Ermənistan daxilində əlavə bir qüvvənin mövcudluğuna, yaxud kənar dövlətin dəstəyinə işarə edir.
Bu dəstəyin Türkiyə, ABŞ, Avropa İttifaqı və ya Azərbaycan tərəfindən gəlməsi mümkün görünmür. Gürcüstanın daxili sabitlik problemləri də belə bir yardım ehtimalını istisna edir. Beləliklə, yeganə real istiqamət kimi İran qalır. İran və Ermənistan arasında uzun illərdir təhlükəsizlik və hərbi əməkdaşlıq istiqamətində gizli danışıqlar aparıldığı bilinir. İranın Ermənistana “daxili sabitlik zəmanəti” verməsi versiyası, Paşinyanın hazırda özünü bu qədər rahat hiss etməsinin əsas izahı kimi görünür.
İranın Paşinyana müəyyən güc dəstəyi göstərməsi ehtimalını artıran əsas amillərdən biri ABŞ-ın Ermənistanla bağlı layihələrdə ABŞ vətəndaşı olan ermənilərdən geniş şəkildə istifadə etməsidir. Hərbi təlimlərdə mümkün qədər çox sayda ABŞ vətəndaşı olan ermənilər iştirak edir. ABŞ-ın Ermənistandakı səfiri son bir ildə azı üç dəfə bu şəxslərlə görüşlər keçirib. İran isə belə məsələlərə qarşı son dərəcə həssas yanaşır. Əgər Ermənistan ABŞ vətəndaşı erməniləri hərbi təlimlərə buraxırsa, İran da öz vətəndaşı olan erməniləri Ermənistan daxilində möhkəmləndirməyə çalışır. Bu səbəbdən İranın hərbi iştirakının kənardan hiss olunmamasını həmin ermənilərin İran vətəndaşlığı ilə izah etmək mümkündür. Onlar İranda xüsusi hazırlıq keçərək Ermənistana yerləşdiriliblər.
ABŞ-ın Ermənistanla əlaqəli iqtisadi layihələrinə də erməni mənşəli şəxslərin cəlb edilməsi ayrıca diqqətəlayiq mövzudur. Lakin təhlükəsizlik aspektindən baxıldıqda, Paşinyanın “Ermənistanın təhlükəsizliyi” məsələsini qabartması fonunda İranın bu istiqamətdəki fəaliyyəti ciddi şübhələr doğurur. Görünür, İran Paşinyanın gələcək seçkilərdə qalib olmasına maraqlı deyil. İranın Ermənistandakı ən fəal ruporlarından biri sayılan politoloq Vardan Voskanyan son kilsə qarşıdurmasında hökumətin deyil, kilsənin mövqeyini müdafiə edib. Bu da Tehranın Paşinyan hökumətindən uzaqlaşdığını göstərir.
İranın Ermənistandakı təsir şəbəkəsi genişdir: çoxsaylı ekspertlər və politoloqlar bu əlaqədədir, lakin onların əksəriyyəti dəyişkən mövqelidir. Yalnız Yerevanda fəaliyyət göstərən Vardan Voskanyan və Moskvada yaşayan Karina Gevorkyan Sepah (İran İnqilab Keşikçiləri Korpusu) ilə sabit əlaqəyə malikdir. Bu fakt İranın Ermənistanda formalaşdırdığı “güc amilinin” sonda Paşinyanın özünə qarşı çevrilə biləcəyini göstərir.
Avropa İttifaqı və ümumilikdə Qərb isə hazırda Ermənistandakı proseslərdə çaşqın vəziyyətə düşüb. Paşinyanın demokratiya və insan hüquqlarına zidd addımlarına səssiz qalması, onun anti-Rusiya siyasətinə loyal münasibətlə izah olunur. Halbuki, Paşinyanın əsas məqsədi hakimiyyətdə qalmaq və yaranmış beynəlxalq situasiyadan istifadə edərək Azərbaycanla bağlı bəzi məsələləri öz xeyrinə çevirməkdir.
“Avronest” iclası dövründə Avropadan bir çox siyasətçinin Yerevanda olduğu vaxtda Paşinyan müxalifətçiləri, prezidentliyə namizədləri və kilsə xadimlərini həbs etdirdi. Avropalı nümayəndələr buna etiraz etmədi. Fransada Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi K. Ollonqren Paşinyanla görüşündə Ermənistanda demokratiya və islahatların vəziyyətini tərifləyirdi. Bu, Paşinyanın həm sülh danışıqlarında təxribatçı mövqe tutmasına, həm də hakimiyyətini qorumasına şərait yaradır. Aydın olur ki, o, bu məsələdə həm Aİ, həm də İranla paralel əməkdaşlıq mühiti formalaşdıra bilib.
“Tramp koridoru” (regional nəqliyyat dəhlizi) üzrə proseslər də maraqlı istiqamət alır. Bu koridorun keçdiyi ərazilər tarixi Azərbaycan torpaqlarıdır və məntiqlə Azərbaycan orada iştirak etməlidir. Bəyannamədə üçüncü tərəfin iştirakı da nəzərdə tutulub. Lakin Paşinyan bu məsələdə Azərbaycanın iştirakını məqsədli şəkildə arxa plana çəkir. O, ritorikasında sülh tərəfdarı kimi çıxış etsə də, reallıqda bu siyasət İranın maraqları ilə üst-üstə düşür. Paşinyanın, xarici işlər naziri Ararat Mirzoyanın və baş nazirin müavini Mqer Qriqoryanın “Tramp koridoru” ilə bağlı açıqlamaları da bu istiqamətdədir. Əgər ABŞ bu layihəni sonadək reallaşdırmasa, İranın narazılığı artacaq.
Hazırda İranda da əlavə gərginlik əlamətləri müşahidə olunur. Tehran ictimaiyyətə Avropaya və Rusiyaya açıq çıxış imkanı görüntüsü yaratmaq məcburiyyətindədir. İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun Azərbaycan-Gürcüstan sərhədində görünməsi də bu siyasətin tərkib hissəsidir. Paşinyan isə həm Azərbaycanla razılaşmaları gecikdirmək, həm də daxildə xaos yaratmaqla hakimiyyətini qorumağa çalışa bilər. Bu ssenaridə İran da xaosdan fayda götürmək niyyətindədir. Belə halda Qərb yenə də Ermənistana “yazığı gələcək” və hətta zərurət yaranarsa, Rusiyadan Yerevana dəstək göstərməsini xahiş edə bilər.
Cənubi Qafqazda Qərbin bu cür bölgü siyasəti region üçün təhlükəlidir. Əgər Qərb yalnız ani maraqlar naminə regiona daxil olubsa, məqsədini açıq bəyan etməlidir. Əgər daimi iştirak niyyəti varsa, 1918-ci ildə Böyük Britaniyanın regionu hansı vəziyyətdə tərk etdiyini xatırlamalı və eyni nöqtədən yenidən başlamalıdır. Əks halda Avropa İttifaqının atdığı addımlar regionu həm Aİ-dən, həm də ümumilikdə Qərbdən uzaqlaşdıracaq.
İranın xristian dünyasına və avropalaşmaya yönələn meyilləri artıq açıq sezilir. Lakin bu meyillər üçün əlavə dəstəyə ehtiyac var.
Tarixi kontekstdə qeyd etmək vacibdir ki, təxminən 200 il əvvəl Çar Rusiyasının İrandakı səfiri A. Qriboyedovun köçürmə planı çərçivəsində İranın tərkibində qalmış Azərbaycan torpaqlarından Rusiya imperiyasının tərkibinə keçmiş ərazilərə, yəni indiki Ermənistan ərazisinə 100 minə yaxın erməni köçürülmüşdü. Bu tarixi fakt fonunda İranın indi həmin erməniləri öz ərazisinə, xüsusilə Tehrana qaytarmaq cəhdləri onun avropalaşma meyillərinə yeni təkan verə bilər.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
                        
            
Xəbər 943 dəfə oxunub.
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
       
        
     
        
        
        
        
            
                | 
                        
                        
                           
 
                            								
								
                                Bölməyə aid digər xəbərlər 
                       
                         
                           
                         |