“Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” mövzusunda forum Gəncə şəhərində keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə Gəncə şəhərində “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” Forumu keçirildi.
Forum gənc müəllimlərin milli dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsi, suverenlik və müstəqilliyin qorunmasında müəllimlərin strateji rolunun qabardılması məqsədini daşıyırdı.
Xəzərnews.az xəbər verir ki, tədbir 21 oktyabr 2025-ci ildə Gəncə Dövlət Universitetində baş tutub. Forumdan öncə tədbir iştirakçıları Gəncə Memorial Kompleksini ziyarət edib, Şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək, təhsilin dövlətin ideoloji dayağı kimi strateji əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Bildirilib ki, müəllim yeni nəsli milli kimlik, dövlətçilik düşüncəsi və vətənpərvərlik ruhunda yetişdirən aparıcı şəxsiyyət kimi cəmiyyətin intellektual təhlükəsizliyini təmin edir.
Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Pərvin Kərimzadə və Naqif Həmzəyev çıxış edərək təhsil siyasətində milli maraqların qorunması, gənclərin dövlətə sədaqət ruhunda formalaşdırılması və müəllimlərin bu missiyada xüsusi məsuliyyət daşıdığını vurğuladılar.
Tədbirin davamında Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov çıxış edərək elmi düşüncə və vətəndaş məsuliyyətinin müəllim fəaliyyətində əks olunması ilə bağlı fikirlərini bölüşüb.
Tədbirin sonunda gənc müəllimlərin iştirakı ilə xatirə fotosu çəkilib.
Xəbər 2725 dəfə oxunub.