30.10.2025 12:51
Ərdoğan və Yeni Türkiyə: İmperiyadan demokratiyaya...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Türkiyə, həm daxildə, həm də sərhədlərindən kənarda xarici siyasət, demokratiya, müdafiə sənayesi və iqtisadiyyat sahəsində atdığı qətiyyətli addımlara görə qlobal gücə çevrilir”. Ölkəyə 22 il rəhbərlik edən Ərdoğanın bu fikirləri “yeni Türkiyənin” rəsmi şəkildə bəyan olunması və onun paradiqmasının elanıdır.
Yeni Türkiyə konsepsiyası, müəyyən mənada, Avropa İttifaqının dəyər hesab etdiyi bir sıra mövzuların Türkiyə üçün də prioritet istiqamətlərə çevrildiyini göstərir. Lakin Türkiyə tarixən ölkə hüdudlarından kənarda demokratiya ixracı ilə məşğul olmayıb.
Demokratiya, mahiyyətcə, Qərb – daha dəqiq desək, xristian sivilizasiyasına məxsus anlayışdır. Ərdoğanın demokratiyanı müdafiə etməsi bu baxımdan onun ölkəsinin qarşısına qoyduğu vəzifələrin yeniliyini ifadə edir.
Türkiyə bu gün regionda ən böyük müdafiə güclərindən birinə malikdir. Bununla belə, onun əsas narahatlığı İsrailin Suriya ərazisinə müdaxiləsi ehtimalıdır. Türk ekspertləri və siyasətçilərinin əksəriyyətinin fikrincə, İsrail Türkiyəyə qarşı hərbi təxribat törədə bilər, lakin bu ssenaridə Türkiyənin qalibiyyət modeli hələlik tam formalaşmayıb. Bu baxış, əsasən, hakimiyyət təmsilçiləri və onların ətrafında olan siyasi çevrələrdə müşahidə olunur. Müxalifət və vətəndaş cəmiyyəti təmsilçiləri isə bu istiqamətdə həlledici mövqeyə malik deyillər.
Avropada müdafiə sənayesində durğunluq müşahidə olunan dövrdə Türkiyənin bu sahədə əldə etdiyi nailiyyətlər artıq ABŞ-la müqayisə oluna biləcək səviyyəyə çatıb. Belə bir şəraitdə İsraildən qorxmağa əsas varmı? Ərdoğanın bəyan etdiyi böyük güc və məqsədlər fonunda bu qorxu paradoksal təsir bağışlayır.
Yeni Türkiyə demokratiyanı harada yayacaq? Mərkəzi Asiya regionunda türkdilli dövlətləri Avropa standartlarına yaxınlaşdırmaq, əvəzində isə müəyyən siyasi “təşəkkür” qazanmaqmı məqsəddir? Azərbaycan və Türkiyə cəmiyyətləri arasında sıx münasibətlər mövcuddur, lakin bəzən Azərbaycan ictimaiyyəti Türkiyədəki müəyyən siyasi qrupların təsirinə düşür. Belə hallarda Türkiyə haqqında tənqidi fikir səsləndirmək demək olar ki, tabu sayılır. Halbuki bu, sağlam fikir mübadiləsinin qarşısını alır. Bu kontekstdə demokratiya anlayışını da müzakirəyə çıxarmaq zəruridir.
Türkiyənin “demokratiya” və “müdafiə gücü” konseptləri bir-birindən asılı məsələlərdir. Bu iki istiqamətin konseptual həlli tapılmadan yeni paradiqmanın elan edilməsi ümumi proseslərin gedişinə mənfi təsir göstərə bilərdi. Əgər Ərdoğan əvvəlcə bu iki mövzunun nəzəri əsaslarını müəyyənləşdirib sonra bəyanat versəydi, bu, həm ölkə, həm də region üçün daha faydalı olardı.
Ərdoğanın bəyanatı, əslində, Osmanlı imperiyası erasını aşmaq niyyətinin ifadəsidir. Onun hakimiyyətə gəldiyi dövrdə “Ərbakanizm” ideyaları hələ də güclü idi və həmin ideoloji bazadan “neosmanizm” anlayışı formalaşmışdı. Qərb uzun müddət Türkiyəyə “Osmanlını bərpa etmək istəyən dövlət” kimi baxırdı. Ərdoğan bu baxışı dəyişməyə nail oldu, lakin qarşıda görüləsi çox iş var.
Osmanlı imperiyasına nostalgiya təkcə keçmişin romantikası deyil, həm də böyük tarixi itkilərin xatirəsidir. 602 il mövcud olmuş imperiya Avropa, Asiya və Afrikanın geniş ərazilərinə sahib idi. Bu, təkcə hərbi güc deyil, həm də intellektual strategiyanın məhsulu idi. Məsələn, Osmanlı dövründə 11 erməni nazir fəaliyyət göstərmiş, onlar kəşfiyyat və diplomatiyada mühüm rol oynamış, Avropada kilsələri dağıdıb yerində məscidlər inşa etmişdilər. Lakin imperiyanın ani süqutu Türkiyə üçün uzunmüddətli geosiyasi sarsıntı yaratdı. Ərbakan dövründə “neosmanizm” bu sarsıntının ideoloji kompensasiyası kimi meydana çıxdı. İndi isə Ərdoğan “yeni Türkiyə” ideyasını irəli sürür. Bu, bəlkə də “Ərdoğanizm” adlanacaq yeni ideoloji mərhələnin başlanğıcıdır.
Azərbaycanla Türkiyə arasında bu mənada ciddi tarixi paralellər var. Azərbaycanda ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra “Yeni Azərbaycan” ideyasını irəli sürdü. Hər iki lider milli dirçəlişi və müasir dövlət modelini bu “yeni” anlayışı üzərində qurmağa çalışdı.
XX əsrin əvvəllərində Türkiyənin itkiləri ilə Azərbaycanın yaşadıqları arasında oxşarlıqlar var. Osmanlı imperiyası Qərb və ABŞ-ın təzyiqi ilə, Rusiya amilinin də dəstəyi altında, Azərbaycan torpaqlarının bir hissəsinin - İrəvanın - Ermənistana verilməsinə razılıq verməyə məcbur oldu. Bu, sadəcə ərazi itkisi deyil, geosiyasi məğlubiyyət idi. Yeni Türkiyə anlayışının tam reallaşması məhz bu tarixi geosiyasi problemin həlli ilə başlanmalıdır.
SSRİ-nin dağılması Türkiyə üçün yeni imkan pəncərəsi açdı. O dövrdə Ankara postsovet məkanında mühüm nüfuz qazandı və iqtisadi baxımdan da ciddi qazanc əldə etdi. 1990-cı illərin sonlarında təkcə Moskvada Türkiyənin 20 milyard dollarlıq investisiyası mövcud idi. ABŞ-ın Türkiyəni maliyyə alətləri vasitəsilə nəzarət altında saxlamaq siyasətini Ərdoğan bu iqtisadi dayaq hesabına sarsıtdı. Lakin Qərbin sonrakı dövrdə Türkiyəyə qarşı laqeydliyi artıq geosiyasi xarakter aldı.
Son illərdə Qərb, xüsusilə Avropa İttifaqı, Türkiyənin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini zəiflətmək üçün yeni mexanizmlər qurdu. Mərkəzi Asiya ölkələrinin Yunanıstan və Kipr kimi dövlətlərlə diplomatik yaxınlaşması, müəyyən mənada, Ankaraya qarşı siyasi demarş idi. Türkiyə bu regiona nə ordusunu göndərə, nə də kifayət qədər sərmayə qoya bildi. Bu boşluqdan Avropa İttifaqı məharətlə istifadə etdi və bölgədə Türkiyə ilə arasında strateji sədd formalaşdırdı. Bu tendensiyanın kökləri Osmanlının süqutu dövründə Avropanın əldə etdiyi üstünlüklərə dayanır.
Ərdoğanın bəyanatı bu tarixi kontekstdə dəyərləndirilməlidir. İrəvan məsələsinin xatırladılması Türkiyə-Azərbaycan münasibətlərində qalmaqal yaratmaq məqsədi daşımır, bu, sırf geosiyasi reallığın qeydidir. Azərbaycan müstəqillik dövründə gözlənildiyindən daha çox uğur qazanıb. Bəzi iqtisadi və sosial problemlərə baxmayaraq, ölkənin 80 milyard dollarlıq valyuta ehtiyatı dövlətə daxili islahatları istənilən vaxt həyata keçirmək imkanı verir. İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri başa çatdıqdan sonra dövlət siyasətinin yeni modelləri üzərində düşünmək mümkün olacaq.
Hazırda Türkiyə-Azərbaycan münasibətləri dinamik inkişaf mərhələsindədir. Problemlər olsa da, onların həlli üçün mexanizmlər mövcuddur və ən mühüm nailiyyətlərdən biri də məhz budur. Əgər Türkiyə qarşısına yeni məqsədlər qoyursa və bu məqsədlərə ölkə sərhədlərindən kənarda nail olmaq istəyirsə, bu, yeni konseptual yanaşma tələb edir.
Ərdoğanın da dediyi kimi, Türkiyənin “50 il Avropanın qapısında gözləməsinin” səbəbləri dərindən araşdırılmalıdır.
Bu gün Avropa dövlətlərinin Yaxın Şərqdə, xüsusilə Suriyada Türkiyənin təsirini məhdudlaşdırmaq üçün Yunanıstanı və Kipri önə çəkməsi təsadüfi deyil. Bütün bu problemlərin həlli Osmanlı imperiyasının süqutu dövründə atılmış yanlış addımların nəticələrinin aradan qaldırılması ilə mümkündür. Bu baxımdan, Türkiyənin İrəvanın Ermənistana verilməsini rəsmiləşdirən sənədi ləğv etməsi və onun Azərbaycana qaytarılması proseduruna başlaması Ərdoğanın bəyan etdiyi “yeni Türkiyə” konsepsiyasının praktiki mərhələsinin başlanğıcı ola bilər.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1194 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|