28.11.2025 19:03
ABŞ, HOLLANDİYA, İSVEÇRƏ VƏ AZƏRBAYCAN...
ABŞ-da illik orta ailə gəliri (median household income) anlayışı var. Bəs bu göstərici üzrə ən yüksək və ən aşağı maaş hansı şatatlardadır? Ən yüksəyi District of Columbia (DC — federal bölgədir. Xüsusi olaraq paytaxt Vaşinqton üçün yaradılıb) ABŞ-da median ailə gəliri baxımından ən yüksəkdir: $109 707. Daha sonra 100 min dollardan bir az yüksək olan Massachusetts, New Jersey, Maryland... gəlir. Ən aşağı median ailə gəliri Mississippi-dən başlayır: $59,127. West Virginia, Arkansas, Louisiana bu sırada Mississippini təqib edir...
Gördüyünüz kimi, DC ilə Mississippi arasında maaş baxımından az qala 2 dəfə fərq var.
Bu tendensiya bütün dünyada, o cümlədən 22 il yaşadığım İsveçrədə də müşahidə olunur. Ancaq İsveçrədə bu fərq cüzi xarakter daşıyır. Niyə ABŞ-dakı kimi deyil? Çünki İsveçrəni daha ağıllı siyasətçilər idarə edir. Belə ki, yerli qanunlara görə varlı kantonlar nisbətən kasıb olan kantonlara maddi dəstək verməyə borcludur. Məsələn, İsveçrənin paytaxtı Bern şəhəri sayılır. Niyə sayılır yazıram? Çünki rəsmən bu ölkənin paytaxtı yoxdur. Sadəcə parlament Berndə yerləşdiyinə görə ora paytaxt deyirlər. Ancaq İsveçrənin maliyyə paytaxtı kimi tanınan Sürix Berndən daha varlıdır. Ona görə də Sürix Bernə maddi dəstək verir...
Təəssüf ki, bu tendensiya Azərbaycanda katastrovik xarakter daşıyır. Niyə? Elə oradan başlayım ki, Azərbaycanda 10 milyon insan yaşayır. Onun 5 milyon nəfəri Bakının payına düşür. Əlbəttə, bu, təxmini rəqəmlərdir. Bu isə o deməkdir ki, biz Azərbaycanı ağıllı şəkildə idarə etmirik. Ölkənin inkişafına intellektual yanaşma yoxdur. Reallıq belədir ki, Abşeron yarımadasından kənarda iş tapmaq müşkül məsələdir. Ona görə də Azərbaycanın demək olar ki, bütün rayonlarının işlək əhalisi ya ölkəni tərk edir, ya da Bakıya axışır.
Məsələn, işğaldan azad olunmuş ərazilər yenidən məskunlaşır. Haradasa 30 min nəfər Qarabağa köçüb. Ancaq köçürülmüş insanların əksəriyyətinə kənd təsərrüfatı ilə məşğul olmaq imkanı yaradılmayıb.
Hollandiya kənd təsərrüfatı sektoru Avropa ölkələri arasında xüsusi ilə seçilir. Onlar kiçik torpaq sahələrində yüksək məhsuldarlıq əldə edə bilirlər. Azərbaycanda isə belə şeylərlə maraqlanan belə yoxdur. Niyə yoxdur? Çünki bizim məmurların əsas hədəfi odur ki, Qarabağda həyata keçirilən tikinti-quruculuq işindən mümkün qədər daha çox pul çırpışdırsınlar. Yəni bizim məmurların başı ancaq və ancaq belə fırıldaq işlərə köklənib...
Rayonlarımızda da vəziyyət ürəkaçan deyil. Kəndli əkin-biçinlə, mal-qara saxlamaqla rifah içində yaşaya bilmir. Çünki ortada “N” qədər süni yaradılmış problem var. Məsələn, rayonların otlaq sahələri, su mənbələri, münbit torpaqları... bizim gözü doymayan oliqarx-məmurların və ya onların qohum-əqrəbəsinin nəzarəti altındadır. Onlar isə rayonlarda kənd təsərrüfatının inkişafına imkan vermirlər...
Yenidən Hollandiya məsələsinə qayıdıram. Hollandiyanın kənd təsərrüfatı sektoru yüksək məhsuldar, müasir, innovativ və ixracyönümlü kimi xarakterizə olunur və Hollandiyanın işçi əhalisinin təxminən 2 faizi bu sektorda çalışır. Hollandiya dünyada kənd təsərrüfatı məhsullarının ixracı baxımından ABŞ-dan sonra ikinci yerdə gəlir.
Təsəvvür edirsiz? O boyda Amerikadan sonra ikinci yerdə gələn balaca, ancaq son dərəcə ağıllı bir ölkə. Düşünün, əhalinin (18.5 milyon nəfər) cəmi 2 faizi yerli Ümumi daxili məhsula 10%-lik töhfə verir. Bu isə 100 milyard avro deməkdir. Dübarə düşünün, Azərbaycan gecə-gündüz neft satır, qaz satır və biz heç 30 milyard belə qazana bilmirik. Ancaq Hollandiyadakı 45 min civarındakı fermer təsərrüfatı bu qədər pul qazanır.
Sual olunur ki, niyə Hollandiyada kənd təsərrüfatı bu qədər qazanc gətirir, Azərbaycanda isə kənd təsərrüfatının adı var, özü yoxdur...
Çünki bütün dünyada, o cümlədən Hollandiyada da kənd təsərrüfatı intellektlə idarə olunur. Azərbaycanı isə “Həsən soxdu dəyirmanı” prinsipləri bu günə qoyub. Nə qədər ki, biz çağdaş dünyanın bu və ya digər sahədə əldə etdiyi nailiyyətləri yaradıcı şəkildə öyrənib Azərbaycanda tətbiq etməyəcəyik, Azərbaycan düzələn deyil...
Sirr deyil ki, gələn il Azərbaycanda insanların maddi sıxıntısı daha da kəskinləşəcək. Çünki həm neftin qiyməti aşağı düşür, həm də neft hasilatı azalır. Azərbaycan da iqtisadiyyatı ifrat dərəcədə neftdən asılı olan ölkədir.
Bəs bu vəziyyətdən çıxmaq üçün bizim hökumət nə edir? Demək olar ki, heç bir şey. Biri çıxıb demir ki, bəli, Azərbaycanı ciddi sarsıntılar gözləyir. Biz bu sarsıntıların miqyasını kiçiltmək üçün filan-filan addımları atacağıq. Bizim hökumət özünə əziyyət verib bu mövzunu heç müzakirə belə etmək istəmir. Sirr deyil ki, bizim (bizimmi?) hökumət “harada qırıldı-qırıldı” prinsipi ilə fəaliyyət göstərir...
Nə qədər ki, bizim xirtdəyəcən rüşvətə və korrupsiyaya uğramış hökumətimiz daşı ətəyindən töküb adam kimi siyasətlə, iqtisadiyyatla, kənd təsərrüfatı... ilə məşğul olmayacaq, Azərbaycanda müsbətə doğru dəyişiklik baş verməyəcək. Tam əksinə, vəziyyət pisdir, daha da pis olacaq...
Elbəyi Həsənli
Sürix
Xəbər 144 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|