Hava şəraiti: Arabir yağıntılı olacaq
Polad Bülbüloğluna ağır ittiham - Ramiz əmi ilə...
Bakının axşam tıxacı... - Siyahı
Səfirlik avtomobili velosiped zolağında - Foto
Bələdiyyə ilə kənd sakinləri arasında qalmaqal – VİDEO
Sabiq general-mayor yenidən vəzifədə
Prezident fərman imzaladı
Jurnalist saxlanıldı -Buna görə
Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş - FOTO
Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”


13.11.2025  12:50 

DƏYİŞƏN KRESLO, DAĞIDILAN SAHİBKARLIQ VƏ SUSDURULAN SƏSLƏR - FOTO/VİDEO





A+  A-

Gədəbəy dağlar diyarıdır, sərt qışı, gülərüz və dözümlü insanları ilə tanınır. Amma bu torpağın bir də səssiz ağrısı var. İllərdir burada vətəndaşın səsi bürokratiyanın qapısında itib gedir, sahibkarın əli icazəyə çatmamış “qanun” adı ilə geri itələnir, dövlətin pulu isə tender sənədlərinin altında yoxa çıxır. Gədəbəylilər uzun müddət bir ümidi yaşadırdılar: “Bəlkə bu dəfə nəsə dəyişər”. Onlar rayonun başına gətirilən yeni icra başçısına “yeni nəfəs” kimi baxırdılar. Deyirdilər, gəncdir, təhsillidir, dəyişiklik gətirəcək. Amma çox keçmədi ki, bu “nəfəs” boğazlarda ilişib qaldı. Dağların altında gizlənən narazılıqlar artıq sosial şəbəkələrdə, mediada öz yerini tapdı.

Orxan Mürsəlovu ölkə ictimaiyyəti 2023-cü ilin Söyüdlü hadisələrində daha yaxından tanıdı, kim olduğu açıq göründü: təkəbbürlü, özündənrazı və xalqdan uzaq. Kənd camaatı torpağına, suyuna, həyatına sahib çıxmaq istəyirdi. Bu, onların ən təbii haqq idi. Amma qarşılarında onları başa düşəcək, dinləyəcək rəhbər yox idi. Hadisələr böyüyürdü, xalq hiddət içindəydi, lakin Orxan Mürsəlovun sözlərində ortamı yumşaldıcı heç bir ifadə yox idi. Onun reaksiyası sanki başqa bir aləmdən gəlirdi, elə bil bu torpaq, bu insanlar onun məsuliyyəti deyildi. Halbuki o, dövlətin yerli təmsilçisi idi, xalqın yanında dayanmalı, gərginliyi azaltmalı idi. Amma əksinə, davranışı vəziyyəti daha da alovlandırdı. Əgər Orxan Mürsəlov vaxtında insanlarla danışa, onların dərdini anlasaydı, Söyüdlü hadisələri bəlkə də gərgin fazaya keçməzdi. Amma o, idarəçiliyi təkəbbürlə, xalqla münasibəti üstünlük kompleksi ilə qarışdırdı.



Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında deputat Aqil Abbas da bu acı həqiqəti etiraf etməli oldu: “Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov və icra nümayəndələri qabaqlayıcı tədbirlər görməliydi. İcra başçısı Orxan Mürsəlov niyə işləyir? İcra nümayəndəsi hara baxır? Niyə rayonun rəhbər şəxsləri hadisələrin baş verdiyini hiss etmirlər? Niyə əvvəldən əhali ilə əvvəldən görüşməyiblər? Suallar çoxdur. Bu suallara cavab tapmaq lazımdır”.

Qanun susur, məmurun hökmü danışır...

Gədəbəy rayonunun Aytala kəndində baş verən hadisə hamımızın yadındadır. Sahibkar Lalə Sultanovaya məxsus “A-Frame” tipli iki ev və səkkiz söhbətgah Orxan Mürsəlovun tapşırığı, Gədəbəyin baş memarı Əlövsət Bayramovun göstərişi ilə yerlə-yeksan edilib. Sahibkarın sözlərinə görə, bu dağıdılma əməliyyatı heç bir məhkəmə qərarı olmadan, yəni tam qanunsuz şəkildə həyata keçirilib. Sahibkara isə 60 min manatlıq ziyan dəyib, bir qadın öz əziyyəti ilə tikdiyi evlərin dağılmasını izləmək məcburiyyətində qalıb, İcra Hakimiyyətindən isə ona açıq-açığına hədə-qorxu gəlinib. Sahibkar bildirir ki, o, icraya çağırılıb və orada baş memar Əlövsət Bayramov ondan rüşvət tələb edib: “Əlindəki vərəqdə 10 min manat yazılmışdı. Dedi, gətir, rəhbərliyə məruzə edim”. Bir memar, bir dövlət qulluqçusu necə bu qədər rahat şəkildə vətəndaşdan pul istəyə bilər?

Onun “ədalət bərpa olunsun” çağırışı Prezident Administrasiyasına qədər gedib çıxıb. Prezident Administrasiyasından isə sahibkara bildiriblər ki, “başçıya düzgün məlumat verilməyib, o, peşmandır, sizi barışdıraq”.



Maraqlı yanaşmadır, elə deyilmi?

Orxan Mürsəlov başqa rayona İcra başçısı göndərilsə də Əlövsət Bayramov hələ də vəzifəsində qalır, sanki heç nə baş verməyib. Bu cür hadisələr cəmiyyətin ədalət hissini, dövlətə olan inamını sarsıdır. Çünki vətəndaşın evi yıxılanda təkcə bir dam örtüyü uçmur, qanunun dayağı da çat verir.

Bu hadisə artıq bir şəxsin deyil, bütün sahibkarların probleminə çevrilib. Çünki əgər bir rayon memarı istədiyi zaman ev sökdürə, kimisə hədələyə, kimdəsən pul tələbi ilə çıxış edə bilirsə, deməli, Orxan Mürsəlovun zamanında Gədəbəydə qanunlar təkcə kağız üzərində mövcud olub.

Gədəbəyin “toxunulmaz” memarı kimdir?

Əlövsət Bayramov barədə mediada yayılan məlumatlar onun sadəcə bir məmur deyil, rayonun qeyri-rəsmi sahibi kimi davrandığını göstərir. Məlumata görə, o, icra başçısı Orxan Mürsəlovun qayınatasıdır. Elə məhz bu yaxınlıq da ona “toxunulmazlıq” statusu qazandırıb.

Əlövsət Bayramov öz nüfuzundan istifadə edərək Başkənd gölü ərazisində restoran tikdirib, ora qanunsuz qaz xətti çəkdirib. Halbuki belə obyektlər üçün texniki şərt və çıxarış tələb olunur. Amma onun üçün heç bir qanun keçərli deyil, çünki GPS sistemi belə həmin ərazini tanımır. Qısası, dövlət xəritəsində belə görünməyən torpaqda qanunsuz tikililər yüksəlir, qaz, su, işıq xətləri çəkilir, orada gəlir gətirən biznes qurulur. Onun bu qanunsuzluqlarını videoya çəkən şikayətçinin qarşısında uşaq kimi qaçır, ÖZÜNÜ çaya vurur ki, ÜZÜNÜ görən olmasın.



İddialara və yayılan görüntülərə görə bu adam anklav ərazini və hətta Azərbaycan Ordusunun hərbi təlim mərkəzinə yaxın ərazini də zəbt edib. Orada özünə restoran, otel, hətta mal-qarası üçün yataq yeri də tikdirib. Bu, sadəcə korrupsiya deyil, dövlətə meydan oxumaqdır.

Əlövsət Bayramovun biznes imperiyası bununla da bitmir. Arabatı kəndində “Mor-Mor” adlı su sexinin də ona məxsus olduğu iddia olunur. Yayılan video görüntülərə görə, həmin sexdə antisanitariya hökm sürür, çirkab sular qablaşdırılaraq “təbii bulaq suyu” kimi ölkənin müxtəlif bölgələrinə satılır. Yəni söhbət təkcə torpağın yox, insanların sağlamlığının da qurban verilməsindən gedir.

Baş memar həm də qardaşı oğlu, rayonun Mənzil Kommunal Təsərrüfatı Birliyinin müdiri Fuad Bayramovla birlikdə çayın üzərində beton töküb otel tikdirib. Saratovkada isə yolun mühafizə zolağında üç obyekt ucaldıb. Görünür, qanunsuzluq artıq onun üçün adət halını alıb.

Mediada yayılan məlumatlara görə, Əlövsət Bayramovun və ailəsinin əmlak siyahısına Bakıdakı üç mənzil, saysız texnika, “Kamaz”lar, traktorlar, torpaq sahələri daxildir. Onların ümumi dəyəri 2 milyon manatdan çoxdur.



Maraqlıdır, bir əyalət memarı bu qədər var-dövləti haradan qazanıb? Bir memarın maaşı ilə bu qədər sərvəti toplamaq mümkündürmü? Əlbəttə ki, yox. Amma görünür, Gədəbəydə qanunun deyil, qohumluğun hökmü keçir.

Amma Prezident İlham Əliyev noyabrın 12-də Orxan Mürsəlovun da iştirak etdiyi qəbulda qeyr-qanuni yollarla sərvət toplayan məmurlara bu mesajı verdi: “Əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə qarşısında cavab verməli olur. Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq”.

Orxan Mürsəlovun kadrlarının gerçək siması

Gədəbəydə uzun illər boyu formalaşmış idarəetmə mexanizmi bir daha sübut etdi ki, Orxan Mürsəlovun qurduğu sistemin bünövrəsi korrupsiya, özbaşınalıq və mənəvi tənəzzül üzərində qurulub. Onun sabiq müavini Vəfa Allahverdiyevaya qarşı dələduzluq ittihamının irəli sürülməsi dediklərimizə əyani sübutdur. Vəzifəsindən azad ediləndən iki ay sonra onun haqqında cinayət işinin açılması da maraqlı məqamlardandır. O, tanışı Təranə Bağırova ilə əlbir olub Gədəbəy sakini Cavanşir Məmmədəliyevi “təhsil şöbəsinin müdiri olacaqsan” vədi ilə 51 min manatını aldatma yolu ilə ələ keçirməkdə ittiham olunur.



Vəfa Allahverdiyeva icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlərə cavabdeh olub, yəni insanlarla işləməli, maarifləndirmə aparmalı idi. Amma əvəzində vətəndaşları aldatmaq, onlardan pul qoparmaq planı qurub. Bu, Gədəbəydə məmurluğun hansı mənəvi bataqlığa çevrildiyini göstərir.

Təranə Bağırova isə artıq əvvəldən dələduzluğa görə məhkum edilmiş şəxsdir. Lakin belə bir keçmişə malik insanla icra müavininin yaxın münasibətdə olması, planlar qurması Gədəbəy rayonunun nə qədər nəzarətsiz və məsuliyyətsiz idarə olunduğunu ortaya qoyur. Ən acınacaqlısı odur ki, bu qədər biabırçı hadisəyə baxmayaraq, eks-müavin həbsdə deyil. Onun barəsində sadəcə “polisin nəzarəti altında qalma” qətimkan tədbiri seçilib. Görünür, bəzi “qoruyucu əllər” hələ də iş başındadır.

Göründüyü kimi, İcra Hakimiyyətində illərlə hökm sürən şəxsi maraq, rüşvət, tanışlıq və qorxu siyasəti indi bir-bir ifşa olunur.



Orxan Mürsəlovun rəhbərliyi dövründə Gədəbəy sanki dövlət deyil, ailə müəssisəsi kimi idarə olunub. Kadr seçimi bilik və təcrübəyə görə yox, sadiqlik və tabeçilik prinsipi ilə aparılıb. Belə bir mühitdə Əlövsət Bayramov, Vəfa Allahverdiyeva kimi fiqurların yaranması labüd idi.

Bu hadisə bir daha sübut edir ki, Orxan Mürsəlovun dövründə Gədəbəydə təmiz idarəçilik yox, şəxsi maraqların və qohumbazlığın şəbəkəsi formalaşıb. Baş memar qayınata, müavin dost, şöbə müdiri tanış…

Xalqdan uzaq qurulan qohumbazlıq sistemi

Bir neçə ay əvvəl Gədəbəydən ölkə mediasına (“Hürriyyət”in redaksiyasına) ünvanlanan bir məktub isə Orxan Mürsəlovun necə bir idarəetmə sistemi qurduğunun bariz nümunəsidir. Bu məktub yalnız bir insanın səsi deyil, vicdanı olan hər kəsə ünvanlanan çağırış idi. Məktubu yazan isə şəhid atası, rayonun Çobankənd kənd sakini Əvəz Kamil oğlu Əliyev idi. Onun məktubu məmur özbaşınalığının, laqeydliyin və haqsızlığın canlı şahididir: “Oğlum Əlizadə Şamxal 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində döyüşlərə qatıldı. Şuşa və Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərdi, Şuşanın azad olunmasında iştirak etdi. 8 noyabr Zəfər günündə Şuşa uğrunda gedən döyüşdə şəhid oldu”.



Əvəz Əliyev yazırdı ki, o dövrdə Gədəbəyin icra başçısı olmuş İbrahim Mustafayev (hazırda Prezident Administrasiyasının şöbə müdirinin müavini) şəhid ailələrinin dəfn xərclərinə öz vəsaiti hesabına yardım (600 manat dəfn və ərzaq üçün, 300 manat isə məzarın hazırlanması üçün) ayırıb. Amma bu 300 manat kənd icra nümayəndəsi Nizaməddin Bağırov tərəfindən mənimsənilib.

Ən acınacaqlısı isə budur ki, şəhid atası bu haqsızlığı dilə gətirdiyinə görə Orxan Mürsəlov tərəfindən təzyiqlərə məruz qalıb: “Şikayət etdiyimə görə Orxan Mürsəlov məni təngə gətirib. Artıq ölkədən qaçmaqdan başqa yolum qalmayıb”.

Orxan Mürsəlovun dövründə Gədəbəydə məmur özbaşınalığı o həddə çatmışdı ki, şəhid ailəsi belə qorxudan nəfəs ala bilmirdi. Bir tərəfdə övladını Vətən uğrunda itirən ata, digər tərəfdə isə vəzifə kreslosunda oturub xalqa yuxarıdan baxan, ədaləti ayaqlar altına atan məmur təbəqəsi formalaşmışdı. Orxan Mürsəlovun “kadr siyasəti” dedikləri, əslində, xalqdan uzaq, öz aralarında qurduqları qohumbazlıq və qorxu mexanizmi idi.

Vəzifə yeri dəyişdi, məsuliyyət hara getdi?

Noyabrın 12-də Prezident İlham Əliyev Orxan Mürsəlovu Gədəbəyin icra başçısı vəzifəsindən çıxarıb Göyçaya təyin etdi. Bəli, kreslo dəyişdi, idarəetmə yeri də dəyişdi. Cənab Prezidentin bu qərarına kimsənin sözü ola bilməz: o, hansı addımı nə zaman atacağını çox yaxşı bilir.

Amma problem ondadır ki, kreslo köçdü, məsuliyyət isə Gədəbəydə qaldı. Və bu, Azərbaycanda illərdir dəyişməyən acı reallıqdır: geridə qoyduqları dağıntılar, haqsızlıqlar, yarımçıq layihələr və sökülmüş ümidlər olduğu kimi xalqın boynunda qalır.



Orxan Mürsəlovun gedişi də buna klassik misaldır. Bəli, o, artıq Göyçaya gedib. Amma Gədəbəydə onun dövründən qalan nə qədər cavabsız sual, nə qədər yarımçıq iş, nə qədər zərərə salınmış sahibkar, sökülmüş ev, tapdalanmış etimad var. O sualların cavabı hələ verilməyib, o yaraların heç biri sarınmayıb. Bir rayonun adına yazılan bu qədər narazılıq, bu qədər şikayət, bu qədər özbaşınalıq təsadüf deyil. Məmur xalqın qapısını döyməyəndə, əksinə, xalqı qapı arxasında gözlətdikdə, etimad divarı çürüyür. Gədəbəy isə məhz belə çürümənin içində qalıb.

İndi sual budur: yeni gələn bu xarabalığı təmizləyə biləcəkmi? Əgər yeni icra başçısı yenə də Bayramovlar sülaləsi ilə qanunsuzluğun, torpaq zəbtinin, rüşvətin, qohumbazlığın simvoluna çevrilmiş bu ailə ilə iş görməyə davam etsə, deməli, Gədəbəyin zülməti də davam edəcək. Rayonun yükü məmurların deyil, xalqın çiyinlərində qalacaq. Və bu xalq, illərdir olduğu kimi, yenə də dözəcək… amma unutmayacaq.

Prezidentin xəbərdarlığı və Gədəbəydəki mənzərə…

Prezident İlham Əliyevin noyabrın 12-də yeni təyinatlar və səsləndirdiyi mesajlar, əslində, son illərdə bölgələrdə yaranmış məmur özbaşınalığına cavab idi. Dövlət başçısı açıq şəkildə dedi ki, artıq xalqdan uzaq, özünü “xan” kimi aparan, rüşvət və təkəbbür bataqlığında ilişib qalan məmurlara güzəşt olmayacaq. “Məmur xalqa xidmət etməlidir, təkəbbür göstərməməli, özünü hamıdan üstün tutmamalıdır”. Bu, sadəcə tövsiyə deyil, Balakən və Qaradağ İcra Hakimiyyətlərində baş verənlərdən sonra ciddi bir xəbərdarlıq idi.



Bu xəbərdarlığın ünvanı da bəllidir. Gədəbəy kimi rayonlarda illərlə kök salmış korrupsiya və qohumbazlıq sistemi əhalidə dövlət və onun qurumları haqqında mənfi imic formalaşdırır. İllərdir ki, Gədəbəyin adı təkcə təbiəti ilə deyil, rüşvət və haqsızlıq faktları ilə də hallanır. İcra hakimiyyətinin baş memarından tutmuş, müavinlərinə qədər qurulan bu “özəl idarəetmə sistemi” nəticəsində rayon əhalisinə dövlətə deyil, məmura tabe olmaqdan başqa çıxış yolu qoymayıblar.

Prezidentin “dövlətə və xalqa xidmət etməyən məmur xalqın övladı ola bilməz” fikri məhz bu kimi hallara ünvanlanıb. Gədəbəydə sahibkarın evini sökdürən, şəhid atasını təzyiqlərlə susdurmaq istəyən, torpaqları mənimsəyib şəxsi biznes quran məmurların davranışı dövlətin siyasətinə kölgə salır. Dövlətin yaratdığı imkanlardan xalqa xidmət üçün deyil, öz ciblərini doldurmaq üçün istifadə edənlər, bu çıxışdan sonra artıq qaça bilməyəcəklər.

Prezidentin vurğuladığı kimi, “əgər kimsə sizə qanunsuz tapşırıq verərsə, dərhal mənə məlumat verin”. Bu cümlə təkcə yeni təyinat alanlara deyil, həm də köhnə sistemin kölgəsində qalmış məmurlara da bir siqnaldır. Çünki Gədəbəydə, Orxan Mürsəlovun rəhbərliyi dövründə formalaşmış kadr mexanizmi məhz bu cür “qanunsuz tapşırıqlar” üzərində qurulmuşdu. O bu tapşırıqlarla Gədəbəydə halalca torpağında iş qurmaq istəyən sahibkarların yolunu kəsmişdi.

Əgər bir rayon icra hakimiyyətinin müavini və ya memarı vətəndaşdan rüşvət tələb edirsə, şəhid ailəsinə qarşı hörmətsizlik edir, sahibkarın evini məhkəmə qərarı olmadan sökdürürsə, bu, artıq təkcə fərdi cinayət deyil idarəetmə xəstəliyidir. Prezidentin çıxışı isə həmin xəstəliyin müalicə proqramı kimi qəbul olunmalıdır.



Bu gün dövlət vətəndaşla arasında körpü salmaq istəyir, amma Gədəbəydə o körpülər çoxdan uçurulub. Gədəbəydə illərlə yığılan narazılıq, ədalətsizliklər, təhdidlər və rüşvət hadisələri göstərir ki, sistemi dəyişmək üçün təkcə kadr dəyişmək kifayət deyil, düşüncə dəyişməlidir.

Yeni təyinatlar fonunda əsas məsuliyyət də elə bölgə rəhbərlərinin üzərinə düşür. Çünki artıq dövlət hər bir icra başçısından “hesabatlı məmur” olmağı tələb edir. Kimin kimə arxalandığı, kimin hansı qohumla əlaqəsi olduğu dövr bitir. İndi əsas sual budur: Gədəbəydəki məmurlar xalqın xidmətinə qayıdacaqmı, yoxsa kresloya yapışıb qalacaqlarmı?

Əgər bu sualın cavabı hələ də dəyişməyibsə, o zaman Prezidentin xəbərdarlığı növbəti mərhələdə real cəza mexanizminə çevriləcək. Dövlət artıq Gədəbəyi dədə malı kimi bölən Bayramovların qarşısında susmayacaq.

N.Oruclu



Xəbər 720 dəfə oxunub.




13.11.2025  16:52 

Prezident fərman imzaladı

13.11.2025  16:49 

Jurnalist saxlanıldı -Buna görə

13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün


BÜTÜN XƏBƏRLƏR +