15.10.2025 14:58
Mehdiyevin əmlakı açıqlandı... - Müsadirə oluna bilər
Ev dustaqlığına buraxılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar onun əmlakının müsadirə edilməsinə imkan verdiyi üçün, Mehdiyevin daşınmaz əmlakının əlindən alınması mümkündür.
XəzərNews.az xəbər verir ki, Haqqın.az Mehdiyevin adına olan əmlakların siyahısını və yerləşdiyi əraziləri açıqlayıb.
Novxanıda üzüm bağları, Bakı, Abşeron və Goranboyda ümumilikdə 216 hektar kənd təsərrüfatı sahəsi, o cümlədən Novxanıda 155 hektar, Xınalı kəndində isə 50 hektar torpaq sahəsi.
Maştağada həyat yoldaşı Qalina Mehdiyevanın adına 892 sot, qızı Kamilə Əliyevanın adına isə 240 sot torpaq sahəsi qeyd olunub.
Ailənin gəlini Nigar Mehdiyeva isə 2008-ci ildə Bakıda qeydiyyatdan keçmiş “Media FM” radiostansiyasının sahibi “Digital Media” MMC-dəki paya malikdir.
Kamilə Əliyeva, “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanı olan İstiqlaliyyət küçəsi 11 ünvanında yerləşən mənzilə sahibdir. Mehdiyev həmçinin Dilarə Əliyeva küçəsi 251A ünvanında yerləşən bir neçə mülkə, o cümlədən Topaz Mənzil Kooperativi, Qala-RL Mənzil Kooperativi, NLT MMC və Premium Store MMC-yə sahibdir.
Siyahıya həmçinin NLT Mənzil Kooperativi, Servis, Grand Palace, Astoriya, Astoriya Tibb Mərkəzi MMC (2020-ci ildən “Alman Xəstəxanası” kimi fəaliyyət göstərir) və sahəsi 5000 kvadratmetrdən çox olan, 2014-cü ildə açılmış Qrandezza MMC ticarət mərkəzi daxildir.
Mehdiyevlər ailəsi BTB ASC-nin səhmlərinin 75 faizinə gəlini vasitəsilə nəzarət edir. Bankın nizamnamə kapitalı 50 milyon manatdır. BTB ASC həmçinin BTB Leasing ASC və BTB Kapital İnvestisiya Şirkəti ASC adlı törəmə müəssisələrin təsisçisidir.
Ramiz Mehdiyev həmçinin “Şərq-Qərb” nəşriyyatı ilə əlaqəlidir. Bu nəşriyyat Əhmədli kəndində yerləşən, agentliyə məxsus 408 mənzildən ibarət 16 mərtəbəli yaşayış binası və yaxınlıqda tikintisi aparılan daha bir 16 mərtəbəli bina ilə bağlıdır. Əlaqədar şirkətlər arasında Şərq-Qərb Nəşriyyat Evi MMC və Qlobal East West MMC də yer alır.
Ailənin həmçinin “Sədərək” və “Binə” ticarət mərkəzlərində, eləcə də bir neçə villada pay sahibi olduğu güman edilir. Bu villalara Bakıda Tbilisi prospektində yerləşən (36 sot, 8 milyon dollara satışa çıxarılmış), həmçinin Göyçay, Şamaxı və Göygöl rayonlarında yerləşən mülklər daxildir.
Xəbər 1591 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|