ŞEYX HƏSƏN MOLLA HÜSEYN OĞLU (1886–1927)
Azərbaycanın dini-mənəvi həyatında silinməz iz qoymuş, elm və irfan yolunda ömrünü fəda etmiş görkəmli din xadimlərindən biri də Şeyx Həsən Molla Hüseyn oğlu olmuşdur.
O, 1886-cı ildə Lənkəran qəzası Ərkivan nahiyəsinin Çaxırlı kəndində dünyaya göz açmışdır. Gənc yaşlarından dini təhsilə böyük maraq göstərmiş, ömrünü İslam elminə və mənəviyyatın təbliğinə həsr etmişdir.
Şeyx Həsən hələ uşaqlıq illərindən atasının dayısı, dövrünün tanınmış din alimi Hacı Məhəmməd Qaryağdıoğlunun himayəsində tərbiyə almışdır. O, Masallının Köhnə Alvadı kəndində yaşadığı müddətdə Quran və fiqh elmlərinin əsaslarını öyrənmiş, dini biliklərdə kamilləşmişdir. Atası Məşədi Molla Hüseyn oğlunun elmə olan həvəsini görərək, onun ali dini təhsil alması üçün onu İranın Şiraz şəhərinə göndərmişdir.
Şirazda ibtidai dini təhsil alan gənc Həsən ərəb dili, məntiq, fiqh və təfsir elmlərində yüksək nəticələr göstərmişdir. Təhsilini başa vurduqdan sonra o, daha dərin dini biliklər qazanmaq məqsədilə Tehranın İlahiyyat İnstitutuna daxil olmuşdur. Ailəsi bu dövrdə onun təhsilinə maddi dəstək göstərmiş, atası Molla Hüseyn Çaxırlı kəndinin ruhanisi Axund Şeyx Rəhmət vasitəsilə ona səkkiz ədəd onluq qızıl göndərmişdir. Bu yardım gənc alimin elmi yoluna davam etməsi üçün mühüm mənəvi və maddi dayağa çevrilmişdir.
Tehrandakı təhsilini başa vuran Şeyx Həsən, İslam elminin zirvəsi sayılan Nəcəf şəhərinə yollanmışdır. Burada o, dövrünün tanınmış müctəhidlərinin dərslərində iştirak etmiş, fiqh, üsuli-fiqh, təfsir və kəlam elmlərini mükəmməl öyrənmişdir.
Uzun illər gərgin elmi mühitdə çalışan Şeyx Həsən, fədakarlığı və biliyi sayəsində Nəcəf elmi hövzəsinin rəhbərliyi tərəfindən müctəhidlik dərəcəsinə layiq görülmüşdür. Bu dərəcə ona şəriət məsələlərində müstəqil qərar vermək, fətva söyləmək səlahiyyəti qazandırmışdır.
Lakin həyat hər zaman insanın arzuladığı kimi davam etmir. Təhsilini başa vurub Vətənə qayıdarkən, Şeyx Həsən yolda qəfil xəstəliyə tutulmuş və ömrünün 41-ci ilində dünyasını dəyişmişdir.
Bu acı xəbər ailəsi və yaxınları üçün çox sarsıdıcı olmuşdur. 1927-ci ilin fevralında Masallının Yelağac kəndinə gələn poçtalyon Məşədi Hüseynə oğlunun vəfatı ilə bağlı məktub təqdim etmişdir. Məktubda qeyd olunurdu ki, Şeyx Həsən Nəcəfdən qayıdarkən səfər əsnasında ağır xəstələnmiş və İraq torpağında haqq dünyasına qovuşmuşdur. Onun cənazəsi dünyasını dəyişdiyi yerdə dəfn edilmişdir.
Samid Quliyev
QMİ Fətva və Moizə şöbəsinin baş İmamı
Xəbər 136 dəfə oxunub.