26.07.2025 11:04
İraqın Küveytə hücumunu İran rəhbərlərinin öyrənməsi çox vacibdir - ŞƏRH
“İran aşkar hərbi ritorika keçib. İran mətbuatının yazdığına görə Azərbaycan da qoşunlarını İranla sərhədə toplayıb. İran burada səbəb kimi Azərbaycanın İsraillə birlikdə İrana hücum edəcəyini göstərir. Azərbaycan Respublikası üzərində savadsız saxta şayiə əsasında məlumatlar uyduraraq vəziyyəti gərginləşdirməsini görmək istəmir. Azərbaycan tərəfində gərginlik də hiss olunmur. Azərbaycan işini müəyyən qədər ehtiyatlı qurmalıdır ki, İran qoşunlarını Azərbaycanın daxilində qarşılamaq əvəzinə İran qoşunu ilə Azərbaycan sərhədində qarşılasa daha düzgün olardı”.
Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.
M.Əhmədoğlu bildirib ki, İranın anlamında hərbi eskalasiya ilə bağlı nə varsa ancaq Azərbaycana aiddir:
“Ərəblərə bir raket atıb, yüz dəfə üzr istəyir. ABŞ-ın tələblərini yerinə yetirməyə başlayıb. AEBA-nın ekspertlərini buraxdı. Son dövrlərdə heç bir dediyi sözü icra edə bilmir. ABŞ, İsrail üzərində guya qələbə qazanıb, qazandığı qələbə nədirsə gündə 2 saat o qələbəni təbliğ edir. Qələbənin ayağı, qolu, gözü, burnu belə. Əgər qələbədirsə, onu istənilən adam baxan kimi görür. “A” hərfi oradadır, “B” hərfi buradadır, bunu deməklə bu qələbə deyil”.
Politoloq qeyd edib ki, hər şeydə dəyişiklik olsa da İranın Azərbaycana münasibəti dəyişməyib:
“Azərbaycan Respublikası yarandığı gündən, xüsusən Xocalı soyqırımından bu yana aşkar anti-Azərbaycan mövqedədir və belə başa düşürük ki, onu o dünyada və bu dünyada nə qazandıracaqsa Azərbaycana atdığı şər-böhtanlar qazandıracaq. Azərbaycanla bağlı İranın təbliğatı intellektdən məhrumdur. Tək Azərbaycanla bağlı deyil, İranın bütün kritik anlarda qərarları tələsik və emosional olub. İntellektual ağıl və ya dini əsası olmayıb. Suriyada B.Əsəd İrandan yardım istədiyi halda İran qoşunlarını Ermənistanın ətrafında saxlayırdı. Azərbaycan Zəngəzur koridorundan ötrü hücuma keçə bilər. Zəngəzur koridoru ilə bağlı İrana bir fikri də çatdırmaq istəyirəm. Azərbaycan Zəngəzur koridoru barədə heç bir qərar qəbul edə bilməz. Azərbaycan fikir, tələb irəli sürə bilər. Amma qərar səlahiyyəti Ermənistandadır. Əlbəttə, Zəngəzur mahalı tarixi Azərbaycan torpağıdır. 1920-ci illərdə sovet Rusiyası onu Ermənistana verdi və sənədləşmə 1923-cü ildə tamamilə başa çatdı. Tarixi torpağımız olan Zəngəzur mahalını qaytaracağımıza zərrə qədər şübhəmiz yoxdur. Bu gün beynəlxalq hüquqa görə Ermənistan ərazisindədir və Zəngəzur koridoru və ya başqa bir hissəsini kiməsə icarəyə vermək, bağışlamaq, hədiyyə etmək, itirmək, bu Ermənistanın səlahiyyətində olandır”.
M.Əhmədoğlu qeyd edib ki, biz Azərbaycandan Naxçıvana gedən insanlarımızın, yüklərimizin erməni əsgərinin görməsini istəmirik:
“Yeganə tələbimiz budur. Qatar Bakıdan Gəncəyə hansı qaydada hərəkət edirsə, Bakıdan Naxçıvana da bu qaydada hərəkət etməlidir. İran uzun müddətdir vəziyyəti bu adla gərginləşdirir ki, Azərbaycan ABŞ, NATO ilə danışıqlar aparır. Azərbaycanın belə danışıqlar aparmaq ixtiyarı da yoxdur. Azərbaycan Ermənistanın ortaya qoyduğu ideyanı müzakirə edə bilər, bundan artıq Zəngəzur koridoru ilə bağlı bizim səlahiyyətimiz yoxdur”.
Mərkəz əlavə edib ki, İranın Azərbaycanla sərhədə qoşun toplaması artıq yeni keyfiyyət mərhələsidir:
“İsrailin İrana hücumundan sonra İsrail və ABŞ başa düşdülər ki, İranı nisbətən zəif bilirmişlər. İranın içərisində onların görməli olduğu iş hədsiz çoxdur. Ona görə İranın daxilinə mütləq ABŞ-ın təşkil etdiyi koalisiya qüvvələri girməlidir. Əsas mövzu da budur. Mossadın və s. agentləri məhz İranı vadar edib ki, qoşunlarını Azərbaycanla sərhədə yığsın. Mossad İranın daxilində bir qrup dövlət adamını, siyasətçini ələ alıb, Azərbaycanın üstünə yönəldib. Vaxtilə İraqda da təxminən belə vəziyyət yarandı. ABŞ İraqa yaxşılıq etmək istəyir və Küveyt sənin ərazindir deyə qızışdırdılar və balaca Küveytə hücum etdi. Nəticəsi bugünkü İraqdır. O vaxt koalisiyaya girdi və İraqın daxilində nə iş gördüsə indi də İraq dövlət ola bilmir. Amerikanın sözündən kənara çıxa bilmir. İrana bağlı qüvvələr proksi qüvvələrdir. İndi İran üçün ən təhlükəli İranın sərhəd qoşunlarıdır. Heç kəs deyə bilməz ki, orada Mossadın agenti yoxdur. İran əgər qoşunlarını Azərbaycana və ya ərəb dövlətlərinin birinə yaxınlaşdırırsa, onun içində Mossadın agenti qonşu dövlətə zərbə endirə bilər və müharibə başlaya bilər. Əlbəttə, müsəlman dövləti, Azərbaycan müəyyən qədər əziyyət çəkəcək. Əvəzində İranın daxilində koalisiya oturacaq - hakimiyyət, tərksilah və ərazi islahatları və s. aparacaq. Savadsız, başında əsəb, nifrətdən başqa şey olmayan İran rəhbərliyi bunu bilməlidir”.
Xəbər 433 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|