29.07.2025 16:47
Bolt-un kuryeri müştərini təqib etdi - Cəza verildi
Nərimanov rayonu, Əli Rəcəbli küçəsində yerləşən "Salam Baku” restoranının qadın müştərilərini təqib edərək soyğunçuluq edən "Bolt" şirkətinin kuryeri C.V.-yə hökm oxunub.
XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, 2002-ci il təvəllüdlü C.V. barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi açılıb və məhkəmədə baxılıb.
İttihama görə, C.V. "Salam Baku” restoranından çıxaraq "Geely” markalı avtomobilə əyləşən iki qadını təqib edib və avtomobilin arxa oturacağında olan "TOMMY HILFIGER" markalı əl çantasını oğurlayaraq ümumilikdə 1.108,45 manat məbləğində maddi ziyan vurub.
Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs "Bolt"da kuryer işləyərkən maddi çətinliklər yaşayıb və oğurluqla pul qazanmaq fikrinə düşüb. O, işlədiyi müddətdə restorana gələn maddi imkanı yaxşı olan müştəriləri müşahidə edərək belə bir cinayət törətmək qərarına gəlib.
Bunun üçün bir neçə gün ərzində restoranın qarşısında müşahidə aparıb, münasib şəraitin yaranmasını gözləyib. Nəhayət, iki qadının avtomobildən düşərək restorana daxil olduğunu görüb və onlardan birinin əlində qara rəngli çanta olduğunu müşahidə edib. Çantada pul ola biləcəyini düşünərək qadınların restorandan çıxmasını gözləyib.
Qadınlar restorandan çıxıb avtomobilə əyləşdikləri zaman, C.V. arxa sol qapını açaraq çantanı götürüb və hadisə yerindən qaçmağa başlayıb. Zərərçəkmiş qadın onun ardınca qaçıb, lakin yolu keçmək istəyərkən səkinin kənarında büdrəyərək yıxılıb və çanta əlindən düşüb. C.V. qadının ona çatdığını gördükdə çantanı götürməkdən vaz keçərək hadisə yerindən uzaqlaşıb.
Hadisənin ertəsi günü C.V. polis tərəfindən yaşadığı ünvanda saxlanılıb. Zərərçəkmiş qadınlar ondan şikayətçi olmadıqlarını bildiriblər.
Məhkəmənin qərarı ilə C.V.-yə həbsdə saxlanıldığı 2 gün nəzərə alınmaqla 2 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza müddətində elektron qolbaqla nəzarət altında olacaq.
Xəbər 294 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|