Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir. Verilişdə səsləndirilən fikirlərin qısa tezislərini təqdim edirik:
- “Ərəb NATO”-su ideyası gündəlikdədir.
- Pakistan–Səudiyyə müqaviləsi və Misirin İsraili düşmən elan etməsi İranı təcrid edir.
- Pakistan Suriyanı qoruya biləcəyini açıq bəyan edib.
- İsrail yalnız ritorik düşmən elan olunur, halbuki keçmişdə İran-İsrail əməkdaşlığı mövcud olub.
- ABŞ və SSRİ ilə münasibətlərdə ikili yanaşma əhaliyə birtərəfli təbliğatla təqdim edilir.
- İranın Rusiya siyasəti “rəqqasın hərəkətinə” bənzəyir – illərlə düşmən elan etdiyi ölkəyə indi yaltaqlanır.
- Özbəkistanda açılan İslam Sivilizasiyası Mərkəzi regionun yeni mədəni mərkəzinə çevrilir.
- İran isə yalnız raket və terrorçuluqla məşğul olub, İslam mədəniyyətini dünyaya təqdim etməyib.
- İqtisadiyyat yalnız Sepahın nəzarətindədir.
- Sosial vəziyyət ağırdır, dərin islahatlara məcburiyyət qaçılmazdır.
- Modernləşmənin qarşısında ən böyük maneə Sepahdır.
- İran-Azərbaycan münasibətləri inqilabın uğursuzluğunun əsas səbəblərindən biridir.
- Dünyada artıq İranın anti-Azərbaycan siyasəti barədə tam təsəvvür formalaşıb.
- Bu siyasətin başlıca təşviqatçısı Sepahdır.
- İnqilabların yaşaması üçün modernləşmə zəruridir.
- Sepah buraxılmalı və islahatların qarşısından çəkilməlidir.
İranın daxilində və xaricində, regionda ciddi proseslər baş verir. Bu proseslər istənilən anda İranı dövlət olaraq sıradan çıxara bilər. “Ərəb NATO”-su ideyası gündəlikdədir. Pakistan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalayıb. Əsl mahiyyətinə görə, bu müqavilə regionda mövcud olan İsrail təhlükəsini neytrallaşdırmaq məqsədi daşıyır. 48 ildən sonra ilk dəfə olaraq Misir İsraili düşmən elan etdi və həmin müqaviləyə qoşulmağa hazır olduğunu bildirdi. Pakistan Suriyanı da qoruya biləcəyini açıq şəkildə bəyan etdi. Bütün bu proseslər İranın daxili siyasi təmərküzləşməsi ilə ziddiyyət təşkil edir. İranın daxilində vəziyyət dəyişməlidir. Konkret olaraq Azərbaycanın timsalında bu daha aydın görünür. İran, Azərbaycanın İsraillə əlaqələrini bəhanə edərək ona qarşı düşmənçiliyini dərinləşdirib. Artıq bu sıraya İsraillə yanaşı Birləşmiş Ərəb Əmirliklərini də əlavə edib. İran məqsədinə çatmaq üçün istənilən vasitədən istifadə etməyə hazırdır.
İsrail İran üçün yalnız ritorik düşməndir. Halbuki vaxtilə İran-İsrail əlaqələri bugünkü Yaxın Şərqin bərbad vəziyyətə düşməsində böyük rol oynayıb. İran uzun illər İsrailə hər cür dəstək verib. Sonradan İslam inqilabı dövründə də Amerikanın etdiyi dəyişikliklər mahiyyət etibarilə yalnız fasad dəyişikliklərindən ibarət olub. Şah dövrünün İranı ilə İslam inqilabının gerbinə baxmaq kifayətdir ki, bu aydın görünsün. ABŞ, Şahı SSRİ ilə əlaqələrinə görə cəzalandırmaq istədi. Şah dövründə İranın mövcud quruluşu saxlanıldı, mübarizə isə davam etdirildi.
Bu gün ərəb və İslam dünyasında, həmçinin İran-İsrail münasibətlərində baş verənlər İran üçün ciddi təhlükə yaradır. Fələstinin tanınması məsələsi də vəziyyəti İran üçün daha da qəlizləşdirib. Lakin İranın problemləri bununla bitmir. Özbəkistanda İslam Sivilizasiyası Mərkəzinin açılması da diqqətçəkicidir. Bu mərkəzin fəaliyyətə başlaması, ilk baxışdan, dünya dövlətlərinin İslam sivilizasiyasına böyük marağını göstərdi. İran isə indiyədək yalnız terrorçuluq və raket istehsalı ilə məşğul olub, İslam sivilizasiyasının təqdimatı ilə maraqlanmayıb. Ərəblər də bu sahədə passiv qalıblar. Onların da İslam sivilizasiyası fonunda gördükləri işləri yeniləyib modernləşdirməyə ehtiyac var idi, amma bu edilmədi. İran indi Özbəkistanın təşəbbüsünü kopyalamaqla məşğuldur.
İran ətrafında vəziyyətin gərginliyini anlayır və Azərbaycan-Rusiya istiqamətində siyasəti ilə bunu nümayiş etdirir. İranın Rusiyaya münasibəti rəqqasın hərəkətinə bənzəyir. Uzun illər Rusiyanı düşmən kimi təqdim edən İran, birdən-birə hətta uşaq verilişlərində belə Rusiyaya yaltaqlanmağa məcbur oldu. İranlı “baba”nın “İra” adlı nəvəsi ortaya çıxdı. Digər tərəfdən isə İran SSRİ qoşunlarının II Dünya Müharibəsi zamanı İran ərazisinə daxil olmasını hücum kimi təqdim edir. Halbuki həmin vaxt Qərb qoşunları da İran ərazisinə girmişdi və ABŞ ilə SSRİ arasında razılaşma Almaniyanın İran ərazisindən SSRİ-yə qarşı istifadəsinin qarşısını almağa xidmət edirdi. İran Qərb barədə isə heç bir söz demir, sadəcə filmlər vasitəsilə əhaliyə birtərəfli təbliğat aparır. Hazırda İran Atom Təşkilatının sədri Məhəmməd İslami Moskvadadır və “Rosatom”un İranda 8 atom elektrik stansiyası tikməsi məsələsi müzakirə olunur.
Əhalinin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Bunun əsas səbəbi İran iqtisadiyyatının yalnız Sepahın nəzarətində olmasıdır. İran dünyada standart iqtisadi quruluşa malik deyil. Qarşıdan gələn dövr İranı dərin iqtisadi islahatlara getməyə və qlobal iqtisadiyyata qoşulmağa məcbur edir. Bu isə qısa müddətdə İran adlanan dövlətin sıradan çıxmasına səbəb ola bilər.
Bütün baş verənlər İran İslam inqilabını modernləşməyə vadar edir. İnqilabların modernləşməsi onların davamlılığı üçün həyati əhəmiyyət kəsb edir. Bütün inqilablar bu mərhələdən keçib. Yalnız qısa ömürlü inqilablar modernləşməyə məruz qalmadığı üçün nəticəsiz sıradan çıxıblar. İran İslam inqilabı da əhalinin müasir dövrə uyğun tələblərini ödəmək öhdəliyi qarşısındadır. Bu isə hərbi, sosial və iqtisadi islahatlar tələb edir. Lakin bütün bunların qarşısında Sepah dayanır.
Sepahın buraxılması və sıradan çıxarılması olduqca vacibdir. İranda islahatların reallaşmasında ən mühüm amillərdən biri Azərbaycan Respublikası ilə münasibətlərdən keçir. İran İslam inqilabının uğursuzluğunun başlıca səbəblərindən biri də Azərbaycanla münasibətlərdə yol verdiyi səhvlərdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra İran-Azərbaycan münasibətləri İran üçün bir barometr rolunu oynadı. Bu gün dünyanın aparıcı dairələrində İranın Azərbaycana münasibəti barədə tamamilə düzgün təsəvvür formalaşıb. İranda anti-Azərbaycançılığın başlıca təşviqatçısı isə məhz Sepah olub. O, İslam inqilabının mahiyyətində olan bir neçə istiqamətdən yalnız anti-Azərbaycançılığı körükləməklə məşğul olub. Bu baxımdan, Sepahın özünü buraxması İslam inqilabına böyük töhfə kimi qəbul edilməlidir.