03.11.2025 10:40
Məğlubiyyət atmosferində İranın qələbə formulu
İranın ali rəhbərinin son zamanlar keçirtdiyi görüşlərin sayı azalsa da, onun sonuncu görüşü beynəlxalq idman turnirlərində qələbə qazanmış gənclərlə olub. Bu görüşə elm sahəsində uğur əldə etdikləri iddia edilən gənclər də qatılıb. Halbuki, elmi sahədə İranın real və beynəlxalq miqyasda tanınan uğuru yoxdur. Əgər belə bir nailiyyət varsa da, onun süni şəkildə qurulduğunu anlamaq çətin deyil.
Yaxınlarda İranda “Techolympics 2025” adlı beynəlxalq olimpiada keçirilib. Rəsmi məlumata əsasən, 15 ölkədən 1500 nəfərlik 70 komanda bu yarışda iştirak edib. İddialara görə, bütün nominasiyalarda İran komandası qalib gəlib. Məsələn, Rusiyanı təmsil edən “NEUROTECH” komandasının iki iştirakçısından biri erməni olub. Həmin erməni iştirakçının açıqlamasına görə, yarış zamanı internet mövcud olmayıb və “Techolympics 2025” internetsiz keçirilib. Bu halda İran komandası yerli mobil operatorun internetindən istifadə edib.
Bu fakt təsadüfi deyil. İranın beynəlxalq yarışlarda “qələbə qazanmaq taktikası” illərdir eyni qaydada işləyir: yarışların formatı, şərtləri və nəticələri adətən daxildə idarə olunur. İranın beynəlxalq olimpiadalardakı “qalibiyyətləri” də əsasən onun özü tərəfindən qurulan, dünyada tanınmayan idman və elmi sahələrdə baş verir. Əsas məqsəd – ali rəhbərin qarşısında saxta qələbə nümayiş etdirmək və onun “sağ ol”unu qazanmaqdır.
İranın qələbə hərisliyi, bəzən absurd həddə çatır və bu qələbələrə anti-Azərbaycan ritorikası da yüklənir. Məsələn, Xorvatiyada 55 kq çəki dərəcəsində keçirilən dünya çempionatında iranlı güləşçi azərbaycanlı rəqibini məğlub edərək qalib gəlmişdi. Halbuki, həmin azərbaycanlı güləşçi bundan öncə 3-4 dəfə dünya çempionu olmuşdu. İran mediası bu hadisəni “bütün dünyanın bayram etdiyi” bir hadisə kimi təqdim etdi. Bu, İranın qələbə anlayışının xarakterini açıq göstərir - burada idmandan çox, siyasi və ideoloji məqsədlər, xüsusilə anti-Azərbaycançılıq ön plandadır.
İranın bu “qələbə strategiyası” bəzən daha incə ideoloji formalar da alır. Ən maraqlı nümunələrdən biri “Cırtdan” folklor obrazının manipulyasiyasıdır. “Cırtdan” Azərbaycanın ortaq mədəni yaddaşına məxsus uşaq obrazıdır və irandilli xalqlara yad elementdir. Buna baxmayaraq, İran mediasında, xüsusilə “Səhər-Azəri” kanalında yayımlanan “Cırtdan” verilişi uşaqların şüuruna təsir etməyə yönəlib. Verilişdə uşaqlara texnologiyadan uzaq, passiv və itaətkar düşüncə modeli aşılanır. Dövlət rəmzləri, xüsusilə Azərbaycan bayrağı uşaqların şüurunda nüfuzdan salınır. Hətta obrazlarda belə mədəni dəyişikliklər edilir: uşağın nənəsi artıq tipik azərbaycanlı nənəyə deyil, başqa millətin nümayəndəsinə bənzədilir.
Yaxın vaxtlarda Təbrizdə də “Cırtdan” tamaşası səhnələşdirilib. Tamaşada Cırtdanın nənə obrazını təbrizli bir qadın, soyadı Rzayi olan aktrisa canlandırıb. Halbuki, müasir nənə obrazı Azərbaycanda artıq dəyişib: bu gün bir çox nənələr nəvələri ilə kompüter qarşısında vaxt keçirir, texnologiyadan istifadə edir. Bu, İranın təqdim etdiyi stereotip nənə obrazına ziddir.
“Cırtdan” verilişinin “Bakı studiyasında” çəkilməsi isə İranın başqa bir məqsədinə xidmət edir: Tehran Bakı ilə Təbriz arasındakı məsafəni, həm coğrafi, həm də mədəni mənada, uşaqlara göstərmək istəyir. Halbuki, Azərbaycan üçün uşaqlar milli gələcəyin ən böyük sərvətidir. Onların düşüncəsinə yönəlik manipulyativ təsirlərə qarşı mübarizə dövlət səviyyəsində vacibdir.
Ali rəhbərin gənclərin yaratdığı “raketlər” barədə danışması da simvolik məna daşıyır. O, dolayısı ilə demək istəyir ki, yaşlı nəsil alimlərin hazırladığı silah və texnologiyalar artıq arxivə göndərilməlidir. Bu, İranda elmi və texnoloji siyasətin “yenidən doğulma” mərhələsi kimi təqdim olunur. Lakin əslində bu, İranın azalan elmi potensialını gizlətmək cəhdidir.
İran bu gün “məğlubiyyət atmosferində qələbə formulu” axtarır. Bu təsadüfi deyil. Qəzza müharibəsinin ilk günlərində İran İsrailin “ölümünü” elan etmişdi. Ali rəhbər İsrailə 25 illik ömür biçmiş, Sepahın o zamankı komandanı Hüseyn Səlami isə bu müddəti 5 ilə endirmişdi. Daha sonra, “5 günə həll edəcəyik” ritorikası başladı. HƏMAS lideri İsmayıl Haniya Tehrandan Qəzzaya uçdu, orada qələbə namazı qılıb Tehrana qayıtdı və ali rəhbər Xamenei, eləcə də prezident Rəisi ilə görüşdü. Tezliklə Haniya Tehranda törədilən terror nəticəsində öldürüldü.
Sepah dərhal “İranın şimalından atılan raketlə terror törədilib” iddiasını irəli sürdü. Lakin Rusiya kəşfiyyatının açıqladığı məlumatlar göstərdi ki, partlayış Tehranın özündə – mehmanxanadan idarə olunub. Bu, İ.Haniyanın ölümündə daxili qüvvələrin roluna işarə edirdi. Hadisədən sonra Hüseyn Səlami bir müddət “general-leytenant”, sonra yenidən “general-mayor” kimi təqdim olunmağa başladı, bu da qarışıqlığın göstəricisidir.
İki il əvvəl İran İsrailin “ölümünü” bəyan edirdisə, indi İsrail dirçəlmiş vəziyyətdədir. HƏMAS rəhbərliyi artıq “biz sıradan çıxmağa və Qəzzanı Fələstin muxtariyyətinə verməyə hazırıq” deyir. İran isə hələ də “qələbədən” danışır. Beş il əvvəlki qələbə parametrləri ilə bu günün reallıqları arasında dərin uçurum yaranıb.
Azərbaycanla münasibətlərdə də İranın siyasəti yalan və blef üzərində qurulub. Prezidentin xüsusi nümayəndəsi Xələf Xələfovun Tehrana səfəri zamanı İran XİN rəhbərliyi yeni strateji təşəbbüslərdən danışıb. XİN-in nüvə və beynəlxalq münasibətlərə cavabdeh müavini A.Əraqçı “yeni istiqamətlər”dən bəhs edib. Görünür, bu istiqamət İsraillə bağlı məsələlərə toxunur. İran, çox güman ki, Azərbaycan vasitəsilə İsraillə dolayı dialoq qurmaq istəyir. Bu arada İsrailin baş naziri Binyamin Netanyahu Putinə “İranla müharibə istəmədiyi” mesajını göndərmişdi.
Elə bu fonunda İran prezidentinin müşaviri Mehdi Sənayi Azərbaycana açıq ultimatum verir: o, quru sərhədlərin açılması və İranda məhbus olan iranlıların təhvil verilməsi sxeminin təqdim edilməsini tələb edir. Əks halda əməkdaşlığın dayandırılacağını bildirir. Halbuki, Azərbaycanın İranla sərhədləri açmağa ehtiyacı yoxdur. Əgər İran doğrudan da sağlam niyyətlə bu addımı atmaq istəyirsə, bunu rəsmi şəkildə xahiş etməlidir. Azərbaycan belə müraciəti dəyərləndirə bilər.
İran 2 il əvvəl “İsrailin ölümündən”, “bütün qonşularına hədə-qorxudan” danışırdısa, bu gün interneti kəsməklə “Techolympics 2025” kimi qurama yarışlarda “beynəlxalq qələbə” nümayiş etdirməyə çalışır. Bu, İranın intellektual tənəzzülünün bariz göstəricisidir.
İranın əsas problemi M.Sənayi kimi siyasətçilərdir – düşüncə səviyyəsi və siyasi mədəniyyəti şübhə doğuran şəxslər. Belə insanlar dövlət strukturlarında təmsil olunmamalıdır. İranın ekspert çevrələri də real analitik fəaliyyətlə deyil, “Şnobel mükafatına” (yəni, istehza ilə saxta elmi iddialara) layiq materiallar hazırlamaqla məşğuldur.
Bu vəziyyətdə Azərbaycanın rolu ikinci dərəcəlidir. İran “quş həddinə” çatmış siyasi sistemdir. Əgər ali rəhbər vəziyyəti dəyişmək istəyirsə, ilk növbədə öz ofisini, imamcümələri və siyasi rəhbərliyi ciddi şəkildə saf-çürük etməli, savadsız və ideoloji düşüncəyə qapanmış şəxsləri uzaqlaşdırmalıdır.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1210 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|