26.06.2025 14:53
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Kənd təsərrüfatı xərcləri yüksək templə artır. Belə ki, 2024-cü ildə Azərbaycanda kənd təsərrüfatı xərclərində 2020-ci illə müqayisədə 233,6 milyon manat və yaxud 27,1 faiz artım qeydə alınıb. Hesabat ilində kənd təsərrüfatı xərcləri ÜDM-in 0,9 faizini, dövlət büdcəsi xərclərinin isə 2,9 faizini təşkil edib. Bəs xərclərdəki artım fermerlərə necə təsir edir? Xərcləri azaltmaq üçün dövlətin və sahibkarların üzərinə hansı iş düşür?
“Bu sahə strateji əhəmiyyət daşıyır”
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamovun sözlərinə görə, dövlət tərəfindən daim bu sahəyə diqqət ayrılır: “İqtisadiyyatın aqrar sektoruna dövlətin dəstək tədbirləri davam etdirilir. Dövlət büdcəsi xərclərinin 2,9 faizini kənd təsərrüfatı xərcləri təşkil etməsi aqrar sektora dövlət dəstəyinin göstəricisidir. Bu sahə strateji əhəmiyyət daşıyır. Yəni kənd təsərrüfatına gəlir götürülən sahə kimi yanaşılmır. Bu sahəyə ölkədə ərzaq təhlükəsizliyini təmin edən sahə kimi baxılır. Ona görə də dövlət büdcəsindən subsidiyalar verilməklə fermerlərə dəstək göstərilərək fəaliyyətlər stimullaşdırılır”.
“Fermerlər subsidiya almaq üçün çalışırlar”
A.Badamovun fikrincə, kənd təsərrüfatında subsidiyaların verilməsi mexanizmlərinə yenidən baxılmalıdır: “Çünki bu gün fermerlər əsasən daha çox subsidiya almaq üçün çalışırlar. Amma bunun əksi olmalıdır. Yəni fermer daha çox subsidiya almaq üçün daha çox məhsul istehsal etməyə çalışmalıdır. Subsidiyalar son nəticələrə görə verilsə, effektivliyin daha çox olacağını hesab edirəm. Ümumiyyətlə, müvafiq qurum tərəfindən kənd təsərrüfatına dəstək proqramlarına yenidən baxılıb müəyyən təkmilləşdirmələrin edilməsi zəruridir. Bu sahə həm gəlirə keçməli, həm də ərzaq bolluğu yaradılmalıdır”.
“Aqrar sığortanın əhatə dairəsi genişlənməlidir”
Deputat fermerlərin atmalı olduğu zəruri addımları da açıqlayıb: “Kənd təsərrüfatında riskləri idarə etmək üçün aqrar sığortanın əhatə dairəsi genişlənməlidir. Bunun üçün fermerlər maarifləndirici tədbirlərə cəlb edilməli və qanunvericiliyin yaratdığı imkanlarla tanış olmalıdırlar. Çünki kənd təsərrüfatı iqlimdən çox asılı sahədir. Fermerlər təbii hadisələrlə bağlı qarşılaşdığı müəyyən itki və zərərləri Aqrar Sığorta Fondu hesabına qarşılamalıdırlar. Ümumiyyətlə, aqrar sektorun inkişaf etdiyi ölkələrin təcrübəsinin öyrənilməsinə və yanaşmaların dəyişdirilməsinə ehtiyac olduğunu hesab edirəm”.
“Kənd təsərrüfatı əsasən idxaldan asılıdır”
İqtisadçı Eyyub Kərimli isə düşünür ki, xərcləri artıran əsas səbəb bu sahənin idxaldan asılı olmasıdır: “Gübrələr, toxumlar, bir çox yemlər, vaksinlər və digər məhsulların əksəriyyəti xaricdən gətirilir. 2020-ci ildən bəri dünyada bu məhsulların qiymətində artım müşahidə edilib. Bu da kənd təsərrüfatına ciddi təsir göstərir. Maya dəyəri artdıqca məhsulun qiyməti də bahalaşır. 2020-ci illə müqayisə etdikdə demək olar ki, bütün kənd təsərrüfatı məhsullarının qiymətində bu artımı görə bilərik. Dövlət bahalaşma ilə bağlı müxtəlif proqramlar, tədbirlər həyata keçirir. Məsələn, yemin idxalı ƏDV-dən azad olunub. Amma bu da təsir göstərmir. Fermerlərə subsidiyalar da verilir. Lakin bahalaşma bütün dünyada var”.
Müəyyən dəyişikliklərə ehtiyac var
E.Kərimlinin sözlərinə görə, kənd təsərrüfatı sahəsində müəyyən dəyişikliklər edilməsinə ehtiyac var: “Daxili istehsalımızı qorumalıyıq. Amma bu elə də asan məsələ deyil. Həm maliyyə tələb olunur, həm də təbii şərait buna imkan verməlidir. Yem, gübrə istehsalına nəzarət etməliyik. Kənd təsərrüfatı təyinatlı torpaqlarda sənaye işləri aparılır. Bunlara yenidən baxılmalıdır. Həmin torpaqların potensialı yenidən hesablanmalıdır. Hər bölgənin, hər torpağın potensialına uyğun təsərrüfatlar qurulmalıdır. Məsələn, harada ki, maldarlıq inkişaf edə bilər, həmin ərazilərdə əkin azalmalıdır”.
“Satış imkanları artırılmalıdır”
İqtisadçının fikrincə, sahibkarların da atmalı olduğu addımlar var. Birincisi, yeniliklərin tətbiq edilməsidir. Digəri isə satış kanallarının genişləndirilməsidir: “Məsələn, bəzi kənd təsərrüfatı məhsulları var ki, tarlalarda, sahələrdə tökülüb qalır, satışa getmir, xarab olur. Bunun olmaması üçün satış imkanlarını genişləndirmək lazımdır. Sahibkarlar beynəlxalq təcrübəni öyrənməli, yeni texnologiyalar tətbiq etməlidirlər. Daha çox süd verən, ətlik mal-qara, iribuynuzlu və ya xırdabuynuzlu heyvanların gətirilib saxlanılmasına təşəbbüs göstərməlidirlər. Yaxud daha çox məhsul verən meyvə və tərəvəzləri, bitkiləri əkməlidirlər. Bunların hamısı araşdırma tələb edir. Sahibkarlar bazarı da öyrənməlidirlər”.
E.Kərimlinin sözlərinə görə, ən yaxşı çıxış yolu fermerlərin birlikdə assosiasiyalar yaratmasıdır. Güclərini birləşdirməli, təcrübələrini bölüşməli, məlumat mübadiləsi aparmalıdırlar. Bu kimi addımlar kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərə bilər. ("Kaspi" qəzeti)
Xəbər 92 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|