Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


03.11.2025  11:07 

Mədəni güc strategiyası: Kino necə dövlət alətinə çevrildi?





A+  A-

Azərbaycan kinosu uzun illər bazar mexanizmləri ilə ayaqlaşa bilmirdi. Sovet dönəmində kino ideoloji vasitə funksiyasını daşıyır, mərkəzləşdirilmiş maliyyələşmə və vahid istehsal sistemi onu qoruyurdu. Müstəqillikdən sonra bu sistem birdən-birə dağıldı, nəticədə istehsal prosesləri pərakəndə, studiyalar isə texnoloji baxımdan köhnəlmiş vəziyyətdə qaldı.

Dövlət sifarişləri formal xarakter daşıyır, bazar prinsiplərinə əsaslanan yaradıcılıq azadlığı isə real mexanizmlərlə təmin olunmurdu. 2000–2020-ci illərdə müəyyən filmlər ərsəyə gəlsə də, çoxu tamaşaçı ilə emosional bağ qura bilmədi. Yerli filmlərin kinoteatrlardakı payı az idi və kommersiya baxımından nadir hallarda uğur qazanırdılar. Dövlət müəssisələri istehsalı maliyyələşdirsə də, satış, yayım və reklam strategiyaları demək olar ki, yox idi. Nəticədə kino cəmiyyətin gündəlik həyatından uzaqlaşaraq qapalı dairələr üçün sənətə çevrildi. Tamaşaçı öz filmini görmədi, istehsalçı isə öz tamaşaçısını itirdi. Təbii ki, müxtəlif illərdə tamaşaçıya mövsümi gülüşlər bəxş edən “komediyaxana” janrlı filmlər istisna olmaqla….

Əsas sual: Niyə Azərbaycan filmlərinə az baxılır?

Bu sualın cavabı çoxsəviyyəlidir və təkcə “zövq fərqi” ilə izah oluna bilməz. Məsələnin kökündə həm struktur problemləri, həm iqtisadi məhdudiyyətlər, həm də sosial-emosional uzaqlaşma dayanır.

Birinci səbəb kino sənayesinin sistem kimi dağılmasıdır. Sovetlərdən sonra istehsal zənciri qırıldı, çəkiliş, post-prodakşn, reklam və distribusiya mərhələləri bir-birindən asılı olmayan fraqmentlərə çevrildi. Nəticədə film çəkilsə də, tamaşaçıya çatdırılma mexanizmi bərpa olunmadı, televiziya uzun müddət yeganə yayım kanalı olaraq qaldı.

İkinci səbəb davranış dəyişikliyidir. Qlobal platformalar olan Netflix, YouTube, Disney+ və digərləri yüksək texniki standartları gündəlik norma halına gətirdi. Bu şəraitdə yerli filmlərin çoxu ssenari, montaj və vizual ritm baxımından həmin səviyyəyə uyğunlaşa bilmədi. Tamaşaçı artıq beynəlxalq kontentlə müqayisə aparır, xüsusilə Türkiyə və Qərb filmlərini referans götürür və yerli istehsalı keyfiyyət baxımından geridə görürdü.



Üçüncü səbəb emosional yaxınlığın zəifləməsidir. Bir çox yerli filmlər ya təbliğat tonunda çəkilir, ya da həddən artıq ciddi mesajlar daşıyır. Halbuki müasir tamaşaçı özünü filmdə görmək, həm əylənmək, həm düşünmək, həm də real həyatla emosional bağ qurmaq istəyir. Kino gündəlik təcrübədən uzaqlaşdıqca, o, ictimai hadisədən şəxsi təcrübəyə çevrilmir.

Dördüncü səbəb kommunikasiya boşluğudur. Film reklamları, treylerlər, sosial media strategiyaları və festival təqdimatları zəif təşkil olunurdu. Tamaşaçı bir çox hallarda filmin varlığından yalnız nümayiş ərəfəsində xəbər tuturdu. Halbuki müasir kino sənayesi tamaşaçı ilə münasibəti filmin istehsalından xeyli əvvəl qurmalıdır.

Ən mühüm amil isə inam böhranı idi. Uzun illər ərzində dövlət sifarişi ilə çəkilib, lakin estetik və ideya baxımından zəif nəticə verən filmlər tamaşaçının yaddaşında “yerli film keyfiyyətsizdir” stereotipini formalaşdırdı. Bu inamsızlıq hələ də tam aradan qalxmayıb və hər uğurlu layihə bu mənfi imici tədricən dəyişməyə çalışır.

Yeni mərhələ: İdarəetmədən ekosistemə keçid

2022-ci il 20 aprel tarixli Prezident Fərmanı ilə yaradılan, 16 noyabrda isə nizamnaməsi təsdiqlənən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dövlətin kino siyasətində tamamilə yeni modelə keçdi təmin etməkdədir. Agentliyin Mədəniyyət Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi isə qərarların çevik qəbuluna və davamlı sabitliyə imkan yaradır.



Baş direktor Rəşad Əzizovun təbrinicə desək, ARKA-nın konsepsiyası üç əsas istiqamətdə qurulub: hüquqi bazanın möhkəmləndirilməsi, maliyyə mexanizmlərinin inkişafı və qərarların şəffaf icrası. Agentliyə həm maliyyə nəzarəti, həm də müsabiqələrin təşkili, beynəlxalq əməkdaşlıq və sənaye əlaqələrinin koordinasiyası səlahiyyətləri verilib.

Kino istehsalı ilə məşğul olanlara ilk stimul 2023-cü ilin sonunda həyata keçirilən vergi islahatları zamanı kino istehsalı üçün əlavə güzəştlər idi. Bu, həm prodüserlərin maliyyə yükünü azaltdı, həm də mehmanxana, nəqliyyat, logistika və texniki xidmət kimi əlaqəli sahələrdə iqtisadi fəallığı artırdı.

Növbəti dəstək addımı isə 2025-ci ildə Nazirlər Kabinetinin “Filmlərin istehsalı üçün çəkilən xərclərin qismən geri ödənilməsi Qaydaları”nın təsdiqi ilə başladı. Bu qaydalar çəkiliş xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qaytarılmasını nəzərdə tutur. Həmçinin regionlarda çəkilişlər üçün xüsusi təşviqlər tətbiq olunur. Bu qərar Prezidentin 29 may 2025-ci il tarixli sərəncamında qeyd olunan mədəni stimullaşdırma paketinin tərkib hissəsidir.

Hazırda ARKA dövlət dəstəyini yalnız açıq və şəffaf müsabiqələr vasitəsilə təqdim edir. Pitçinqlər ictimaiyyətə açıq elan olunur, müzakirələr onlayn yayımlanır, nəticələr tam şəkildə açıqlanır. Bununla da dövlət sifarişçi və icraçı rolundan çıxaraq, qaydaları müəyyən edən və bazar iştirakçılarını bərabər şərtlərlə prosesə cəlb edən tənzimləyici quruma çevrilib.

Kino artıq təkcə mədəni hadisə deyil, həm də iqtisadi dəyər yaradan kreativ sənayedir. Xərclərin geri qaytarılması və vergi güzəştləri istehsal meydançasından kənarda da yeni iqtisadi axınlar formalaşdırır. Bu mexanizmlər yerli prodüserlərə üstünlük qazandırmaqla yanaşı, Azərbaycanı xarici prodüserlər üçün də cəlbedici məkana çevirir.

Bakıdan Busana: Kino ilə qurulan diplomatiya…


2025-ci ildə ARKA Azərbaycanı Şanxay Beynəlxalq Film & TV Marketində və Busanda keçirilən Asian Contents & Film Market (ACFM) tədbirlərində təmsil edib. Bu beynəlxalq platformalar koprodüserlik və satış əlaqələrinin qurulmasında mühüm rol oynayır. Eyni zamanda, ölkə daxilində “Baku Cinema Breeze” (BCB) adlı yeni platforma yaradılıb. Bu layihə film marketi, panel müzakirələri və “ATA” animasiya festivalını birləşdirərək Bakı şəhərini həm yerli peşəkarlar, həm də beynəlxalq qonaqlar üçün yaradıcı görüş məkanına çevirib.



ARKA-nın fəaliyyətinin mərkəzində mədəni diplomatiya dayanır. Kino vasitəsilə Azərbaycan həm beynəlxalq arenada tanıdılır, həm də öz milli hekayəsini müasir vizual dillə ifadə edir. “Tağıyev: Neft” filmi Hacı Zeynalabdin Tağıyevin modernləşmə simvolunu yenidən gündəmə gətirib, “Cənnət yuxusu” Mirzə Qədim İrəvaninin irsini canlandırıb, “Doğma torpaq” Qarabağ mövzusunu yeni estetik prizmadan təqdim edib, “Azərbaycan Atabəyləri” isə tarixi dövlətçilik ənənəsini populyar mədəniyyətin bir hissəsinə çevirib.

Bu yanaşma həm tarixi, həm də müasir qatları birləşdirir. Kino folklor, şəhər mədəniyyəti və texnoloji dəyişiklikləri paralel göstərərək, həm milli kimliyi, həm də kreativ sənaye düşüncəsini möhkəmləndirir. Regionlarda çəkilişlərin təşviqi folklor və coğrafi yaddaşı dirçəldir, nəticədə yerlərin brendləşməsi və turizm cəlbediciliyi artır.

Kino mühiti və dialoq mədəniyyəti

Hazırda kino ictimaiyyətində fikir müxtəlifliyi qorunur və bu, sağlam rəqabətin əlamətidir. Pitçinqlərin canlı yayımlanması və qaydaların şəffaflığı sektorda etimadı artırıb. Lakin bədii şuraların tərkibi və ekspert meyarları ilə bağlı daha geniş məlumat tələbi qalır. “Kino söhbətləri” və gildiya görüşləri bu ehtiyacın bir hissəsini qarşılayır.



Dövlət prioritetləri milli mövzulara yönəlsə də, sənayenin inkişafı üçün müəllif kinosu, sənədli seriallar, janr eksperimentləri və uşaq kontenti sahəsində rəqabət mühitinin gücləndirilməsi vacibdir. ARKA-nın beynəlxalq əməkdaşlıq proqramları bu risk mədəniyyətinin formalaşmasına dəstək verir.

Kino sənayesinin qarşısında dayanan əsas problemlər texniki mütəxəssislərin çatışmazlığı, nəticələrin ölçülə bilən formada təqdim olunmaması və bəzi qərarların icra sürətidir. Bu çətinliklər beynəlxalq film fondlarının da ortaq təcrübəsidir.

Son illərdə formalaşan ARKA modeli kino siyasətini dövlət idarəçiliyi, kreativ sənaye və mədəni diplomatiya müstəvilərində birləşdirən ekosistemə çevirib. Hüquqi baza, iqtisadi təşviqlər, şəffaf idarəetmə və beynəlxalq təmsilçilik bir-birini tamamlayır. Nəticədə yerli istehsal artır, milli hekayələr zənginləşir və Azərbaycan kinosunun beynəlxalq mövqeyi möhkəmlənir.



Gələcək mərhələdə əsas hədəf isə bu inkişafın dayanıqlılığını təmin etməkdir. Bunun üçün kadr hazırlığının sistemləşdirilməsi, illik nəticələrin ictimai paylaşılması, eksperimental janrlara kvotaların ayrılması və regionlarda çəkilişlərin planlı şəkildə genişləndirilməsi vacibdir. Bu addımlar kino sektorunu layihələr toplusundan davamlı sənaye ekosisteminə çevirəcək və Azərbaycanın mədəni diplomatiyasına uzunmüddətli güc qazandıracaq.

Zəhra
XəzərNews.az


Xəbər 787 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +