Hazırda Bakıda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsus məşhur yaxta İspaniyanın Barselona şəhərində görünüb.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı “Barselona” klubu ilə bağlı məlumatlar paylaşmaqla tanınan “Dongcast” öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, “Gaja” adlı yaxta Marşall Adaları bayrağı altında 42 gündür Barselonada dayanıb. Həmçinin qeyd olunub ki, yaxta vergi yoxlamalarından yayınmaq üçün adını “Galactica Supernova”dan “Gaja”ya dəyişib.
Onu da qeyd edək ki, xarici mediada Maltanın A.Əhmədzadəyə məxsus olan ən böyük neft yükdaşıma şirkəti “Alkagesta” barədə də xəbərlər yayılıb. Şirkət öz saytında ilk olaraq ölkənin “FIMBank” bankından 15 milyon dollar kredit əldə etdiyini açıqlayıb.
Bunun ardınca mediada yer alan məlumatlara görə isə A.Əhmədzadənin gizli sahibi olduğu şirkətin həmin bankdan kredit əldə etməsi qeyri-adi təsir bağışlayır. Belə ki, “Alkagesta” adətən həyata keçirdiyi əməliyyatlar üçün “Raiffeisen Bank” kimi xarici banklardan istifadə edir.
Vurğulanıb ki, şirkətin bu qərarı öz “qanuniliyini” nümayiş etdirmək üçün atılmış çarəsiz bir addımı xatırladır.
Həmçinin qeyd olunub ki, “Alkagesta” neftlə bağlı genişmiqyaslı əməliyyatlar həyata keçirir və böyük müqavilələr üçün 15 milyon dollardan çox kreditə ehtiyac duyur. Bildirilib ki, şirkətin “FIMBank” kimi kiçik banklara müraciət etməsi nəhəng bankların məsələyə daha ehtiyatlı yanaşmasının əlaməti ola bilər.
Eyni zamanda qeyd olunub ki, “Alkagesta”nın hazırda həm yerli, həm də xarici qurumlar tərəfindən araşdırma mərkəzində olduğunu nəzərə alaraq, “FIMBank” kredit ayıraraq böyük riskə gedir: Üstəlik, bu kredit xəttinin ABŞ dolları ilə olması Rusiya neftinə qarşı tətbiq olunan sanksiyaların pozulması riskini daha da artırır”.
Qeyd edək ki, hazırda Adnan Əhmədzadənin xalası oğlu Kamran Ağayevin rəhbərliyini davam etdirdiyi “Alkagesta” şirkəti barəsində Rusiya və Liviya neftinin Malta və Avropaya qaçaqmalçılığı ilə bağlı beynəlxalq təşkilatlar və dövlətlər araşdırma aparılır.//Qafqazinfo.az
Xəbər 71 dəfə oxunub.