18.09.2025 12:03
İranın Rusiya qarşısında plastikası və ya iranlı babanın İra adlı nəvəsi
“Səhər-Azəri” kanalında yayımlanan “Cırtdanın məcaraları” adlı uşaq verilişində təxminən bir həftədir ki, “İra” epizodu göstərilir. İra qız uşağıdır və bu ad yalnız rus xalqına məxsusdur. Verilişdə “iranlı babası” rus nəvəsi İraya emosional, hərarətli şəkildə yalvarır ki, izləyən adam az qala silkələnir. Hətta babası veriliş boyu İraya üç dəfə “qurban olum” deyib. Halbuki, indiyədək uşaq və ya İran filmlərində bu ifadəni eşitməmişik.
İsrailin İrana qarşı 12 günlük müharibəsi zamanı belə İran anti-Rusiya təbliğatından əl çəkmədi. Həmin dövrdə İsrailin raket zərbəsinə məruz qalan İran televiziyasının şüşəli binası dağıldığından, “Səhər-Azəri” kanalı efirə koridordan çıxırdı. O zamanlar Türkmənçay və Gülüstan müqavilələrinin İran versiyası barədə yazılmış əsərdən parçalar oxuyurdular. İran Rəşt–Astara dəmir yolunun tikintisinə qətiyyətlə qarşı çıxır, çünki bu yol Rusiya–Azərbaycan əlaqələrini möhkəmləndirə bilərdi. M. Pezeşkiyanın adından da rəsmi Tehran Rusiya–Azərbaycan–İran qaz kəmərinin əleyhinə olduğunu bəyan edib.
İran Rusiyanın “İsrailə hücum et, arxandayam” təklifini iki dəfə rədd edib. Bəlkə də elə buna görə İ. Rəisi öldürüldü. İsraillə müharibədən əvvəl Rusiya ilə imzalanmış strateji əməkdaşlıq müqaviləsində qarşılıqlı hərbi yardım bəndini də İran qəbul etmədi. İndi isə İran etiraf edir ki, İsrail qarşısında uduzmasının səbəbi Rusiyadan silah almaması olub. Bunun fonunda bəzi rəsmilər Rusiyanın İranla bağlı casus məlumatları ötürməsi məsələsini gündəmə gətiriblər. Hazırda İran həm S-400, həm də müasir Radio-Elektron Mübarizə sistemləri almaq barədə qərar qəbul edib.
İranın Gilan RLS-i Rusiyanın ərazisinin 750 km-ni müşahidə edə bilir. İran Ermənistan üzərindən Əfqanıstanda itkin düşən rus alimi S. Kaverinlə bağlı maraqlı epizod təşkil edə bildi. Ermənistan-Rusiya Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru Qarnik Asatryan S. Kaverinin azadlığa buraxılması üçün müraciət etdi və tezliklə bu arzu gerçəkləşdi: Kaverin həbsdən azad olunaraq Ermənistana qayıtdı. Ardınca onun ehtimal olunan tərəfdaşı Sergiyenko Pakistandan muzdluların Azərbaycanın Rusiya sərhədinə gətirilməsi barədə yazı dərc etdi.
Q. Asatryan kürdoloqdur, uzun müddət Ermənistanda talış dilində fəaliyyət göstərən radionun rəhbəri olub. Hətta Əlikram Hümbətov da oraya gəlib onunla görüşmüşdü. Lakin sonradan digər iranşünas Vardan Voskanyan Asatryanı pul mənimsəməsi adı ilə sıradan çıxardı və onun yerinə keçdi. Tehran Voskanyanı Yerevan Universitetinin İranşünaslıq kafedrasına müdir təyin etdi. Ancaq indi görünür ki, V. Voskanyanın təhqiramiz anti-Azərbaycan yazıları İranı qane etmir. Daha iri miqyaslı fəaliyyət lazım olduğu üçün Tehran yenidən Q. Asatryan personajına qayıda bilər. Bütün bu işlərin mahiyyətində İranın anti-Azərbaycan siyasəti dayanır.
Azərbaycan ərazisində də daim anti-Rusiya təbliğatı aparılıb. İran hətta ölkəmizin bəzi mətbu orqanlarını da təsiri altına ala bilib. Azərbaycan mediasında anti-Rusiya fikirlərinin böyük əksəriyyəti nə daxildən, nə də rəsmi Bakının siyasətindən qaynaqlanırdı – bu, birbaşa İranın təsiri idi. Ukrayna müharibəsinə qədər İran bu prosesləri tam dəstəkləyirdi. Sonradan ukraynalılar da işə qoşuldular.
Hazırda İran Rusiyanın ərazisində keçirilən hərbi təlimdə iştirak edir. Aydındır ki, bu təlim Qərbə qarşı yönəlib. İran isə belə düşünür ki, etdiyi addımları yalnız özü anlayır. Halbuki, onun siyasəti 3–4 yaşlı uşağın hərəkətlərini xatırladır: uşaq nəsə edir, elə bilir ki, yalnız özü başa düşür, amma ətrafdakıların da hər şeyi gördüyünü anlamır. İranın siyasətini bu şəkildə qiymətləndirmək daha düzgündür.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 387 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|