Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli Londonda azərbaycanlı məmur ailəsinə məxsus əmlak və şirkətlərlə bağlı maraqlı faktları üzə çıxarıb. Onun yaydığı məlumatlar Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin 2006-cı ildən bəri müavini olan Rafiq Aslanovun ailəsi ətrafında yaranan maliyyə böhranının miqyasını göz önünə gətirir.
XəzərNews.az xəbər verir ki, jurnalistin əldə etdiyi sənədlərə görə, Aslanovun oğlu Afiq Aslanov atasının ona Londonda aldığı evi yüksək faizli kreditin girovu kimi istifadə edib.
27 avqust 2024-də o, İngiltərənin MT Finance Limited şirkətindən 10.2 faiz illiklə – Avropa üçün kifayət qədər yüksək göstəricidir – 235 950 funt sterlinq (təxminən 530 min manat) borc alıb.
Bu kredit Egham şəhərində yerləşən, 1a Wetton Court (Title No. SY793665) ünvanlı daşınmaz əmlak üzərində girov şərti ilə rəsmiləşdirilib. Yəni borc qaytarılmadığı təqdirdə ev birbaşa kreditorun nəzarətinə keçəcək.
İşin diqqətçəkən tərəfi isə maliyyə təzyiqinin təkcə bir mülk üzərində dayanmadığını göstərir. 2 dekabrda Londonda Afiq Aslanova məxsus lüks avtomobil kirayəsi şirkəti - PERFOCARS LIMITED fəaliyyətini dayandırıb. Bu tip şirkətlər adətən stabil nağd dövriyyəyə malik olur və belə qəfil dayanma çox vaxt ciddi borclanma və ya vergi problemlərini ehtimal etdirir.
Cavanşir Həsənlinin araşdırmasına əsasən, bununla paralel Afiq Aslanovun 2016-cı ildən Londonda fəaliyyət göstərən digər şirkəti G.V.B Ltd., Harrow haqqında da “Petitions to Wind Up (Companies)” sənədləri ortaya çıxıb. Bu isə şirkətin məhkəmə qaydasında məcburi şəkildə bağlanması üçün verilən rəsmi iddiadır.
Bir neçə gün içində üç müxtəlif maliyyə siqnalının – girov qoyulmuş ev, bağlanan şirkət və məcburi ləğv tələbi ortaya çıxması Aslanov ailəsinin Londondakı biznes strukturlarında gözə çarpacaq dərəcədə sarsıntı yaşandığını göstərir.
Hazırkı mərhələdə yüksək məbləğdə borcun, şirkətlərin bağlanmasının və əmlakların riskə atılmasının səbəbi barədə açıq məlumat yoxdur. Jurnalistlərin əldə etdiyi sənədlər nəhəng maliyyə boşluğunun yarandığını desə də, bu boşluğun haradan qaynaqlandığı hələlik qaranlıq qalır.
Mövzu ilə bağlı yeni məlumatlar ortaya çıxdıqca Azərbaycandakı məmur ailələrinin xaricdəki bizneslərinin real vəziyyəti barədə daha geniş mənzərə formalaşacaq.
Xəbər 1335 dəfə oxunub.