İranın yeni siyasət aparmaq üçün faktiki resursu yoxdur. Bununla belə, ölkənin xarici siyasətində kardinal dəyişikliklərə zəmin hazırlayan addımların atıldığını görmək mümkündür. Ali rəhbərin müşaviri, Ali Milli Təhlükəsizlik Şurasının katibi, parlamentin keçmiş spikeri və hazırda ali rəhbərin adından ən aktiv fəaliyyət göstərən fiqur olan Əli Laricani Pakistana səfər edib. Bundan əvvəl o, İraq təmsilçiləri ilə görüşmüş, daha əvvəl isə bir neçə dəfə Livanda vəziyyəti müzakirə etmişdi. Onun Moskva səfərləri də hələ yaddaşlardadır.
İranın xarici işlər naziri Fransaya səfər etdi, əslində bu səfərin zəruriliyi də mübahisəlidir. A.Əraqçinin Fransaya səfəri də Tehranın siyasətinin idarəçiliyində dəyişiklik mesajı kimi qəbul olunmuşdu. Onun Yaponiyalı həmkarı ilə telefon danışığına da eyni kontekstdən yanaşmaq mümkündür.
İran artıq fərqli siyasət aparmaq məcburiyyətində olduğunu anlayır. Əli Laricani bunu ən əvvəl dərk edənlərdən olub və buna görə “Əvvəl diplomatiya, sonra müharibə” tezisini irəli sürmüşdü. Amma qısa müddət sonra ali rəhbərin ofisinin göstərişi ilə İrandakı siyasi diskurs yenidən raket proqramının tərənnümünə yönəldi.
Prezident Aparatının rəhbər şəxslərinin fəaliyyəti isə əvvəlki kimi davam edir. Eyni fikri ali rəhbərin ofisi barədə də demək olar: yalnız bir dəfə Kamal Xərrazi mövqe bildirib, Əli Əkbər Vilayəti və digər rəsmilər isə uzun müddətdir görünmürlər.
Əli Laricaninin Pakistana səfəri İranın yeni regional və xarici siyasətinin bəyanatı kimi qiymətləndirilə bilər. İran ilə Pakistan arasında daim rəqabət mövcud olub. Hətta Tehran Pakistanın müstəqillik əldə etməsini pakistanlıların Hindistana xəyanəti kimi təqdim edirdi. İranın narrativinə görə, Pakistan ingilislərin əlində alət idi və müstəqillik istəyən Hindistanı cəzalandırmaq üçün yaradılmışdı. İranın bu məsələ ilə bağlı mövqeyi uzun illər dəyişməz qalmışdı. Hindistana münasibətdə də eyni xətt davam edirdi. Rəsmi Tehran ölkədə İsrail agentlərini üç qrupa ayırmışdı: İran vətəndaşları, əfqanlar və Hindistan şirkətlərində çalışan hindlilər. Öz vətəndaşlarını sərt şəkildə nəzarətdə saxlayan İran əfqanları ölkədən yarıcan çıxarıb, amma Hindistan şirkətlərinə əlavə sifarişlər verib, yeni şirkətlər dəvət edib. Ermənistana 1,2 milyard dollarlıq müqavilənin detalları üzə çıxanda isə Hindistan-İsrail hərbi əməkdaşlığının miqyasının nə qədər böyük olduğu daha aydın göründü. Belə bir Hindistan məhz Pakistan faktoruna görə İranın birinci dərəcəli tərəfdaşı sayılır.
Hindistan, Pakistanı son hərbi toqquşmalarda cəzalandırmaq üçün Əfqanıstanda Talibanın müəyyən qrupları ilə danışıqlar aparmış və faktiki şəkildə Əfqanıstan-Pakistan müharibəsi yaratmışdı. İran isə müsəlman Pakistanı müdafiə edə bilmədi; yalnız vasitəçilik etməyə çalışdı və əslində Əfqanıstan mövqeyini əsaslandırmaqla məşğul oldu.
Bu gün İran Pakistana regional təhlükəsizliyin təminatçısı kimi yanaşır. Həmçinin Pakistana iqtisadi dinamika qazandıracaq tərəfdaş kimi baxır. Burada da Hindistan amili öz təsirini saxlayır. Tehran üçün əsas məqsəd “Sülh” qaz kəmərini Pakistan üzərindən Hindistana keçirməkdir. Layihə yalnız Pakistanın müqaviməti səbəbindən həyata keçmir.
İran Türkiyəyə də doğru addım atıb. Mərənd-Sürəyya dəmir yolunun tikintisinə başlanıb. Türkiyə ilə dəmir yolu əlaqəsini təkmilləşdirən bu layihə üzrə müqaviləni imzalayan İranın Yol və Şəhərsalma naziri Mehrdad Bəzrpaşın dərhal vəzifədən uzaqlaşdırılması diqqət çəkmişdi. Amma Tehran layihəni davam etdirir və yeni xətt həm İran-Türkiyə arasındakı məsafəni qısaldacaq, həm də regional logistik imkanları genişləndirəcək.
İranın ərəb ölkələri ilə münasibətlərində də müəyyən dinamika müşahidə olunur. Halbuki İranın tarixən ərəblərə qarşı dərin nifrəti olub və bu nifrət uzun illər ərzində Tehranın İsraillə müəyyən sahələrdə üstüörtülü əməkdaşlığına səbəb olmuşdu.
Azərbaycanla münasibətlərdə isə ciddi dəyişiklik yoxdur. Prosesi hələ də əvvəlki xətt müəyyən edir. Ərdəbilin Expo-2025 investisiya sərgisində tutduğu mövqe İranın Azərbaycan Respublikasına münasibətinin yenidən neqativə doğru dəyişdiyini göstərə bilər. Halbuki Biləsuvar Azad İqtisadi Zonasının yaradılmasının əsas məqsədi Azərbaycanla iqtisadi əlaqələri artırmaq və bu coğrafiya vasitəsilə İranın Cənubi Qafqaz, Rusiya və Şimali Avropaya çıxışını təmin etmək idi.
Prezident M. Pezeşkiyanın komandası və Ərdəbil rəhbərliyi Azərbaycanı iqtisadi layihələrə cəlb etməyə çalışdığı bir vaxtda ali rəhbərin ofisi tamamilə fərqli xətt yürütməyə başladı. Keçmiş ittihamlar yenidən gündəmə gətirildi. Müdafiə naziri Nəsirzadənin heç bir zərurət olmadan nüvə alimi Fəxrizadənin evini ziyarət etməsi də bunun nümunəsidir. İranın narrativinə görə, Fəxrizadə İsrailin Azərbaycanda təlim keçdiyi agent vasitəsilə qətlə yetirilmişdi. Möhsün Rzayinin “Bakuyi ostanı” tezisi isə açıq şəkildə düşmənçilik ritorikasıdır.
Bütün bu proseslərin kökündə İran rəhbərliyinin formalaşdırdığı siyasi elitanın yanlış tərbiyəsi dayanır. Bu elita nə Türkiyə, nə Pakistan, nə də Azərbaycan barədə pozitiv fikir formalaşdırmaq iqtidarında deyil. İranın “SəhərAzəri” kanalı da hazırda ciddi məlumat və təhlil çatışmazlığı yaşayır. Çünki Azərbaycan Respublikasına və azərbaycanlılara nifrət ruhunda yetişdirilən ekspertlər yeni ideya ortaya qoya bilmirlər.
Bununla belə, İranın kursu dəyişmək zərurətini anlaması az şey deyil. Tehran istəsə, ona dəstək verəcək regional və qlobal tərəfdaşlar tapa bilər.