Ukrayna və ətrafında baş verənlər bütün Qərbi birləşdirmiş yeganə mövzudur. SSRİ-yə qarşı mübarizə bütün Qərb dövlətlərinin ən ümumi məsələsi idi. MDB dövründə isə Ukrayna belə mövzuya çevrildi. Səbəb Ukraynanın SSRİ-nin tərkibində iki nüvə dövlətindən biri kimi qəbul edilməsi idi. Qərb mental şüurunda bəzən Rusiya ilə Ukraynanı eyniləşirdi. II Dünya Müharibəsində Ukraynada həm də SSRİ-yə qarşı vuruşan bəzi qrupların mövcudluğu, Ukrayna müstəqil olan kimi ərazisindəki Zakarpat rusinlərə (qədim slavyanlara), macarlara və polyaklara qarşı göstərdiyi neqativ münasibətə görə Qərb Ukraynanı sabit dövlətdən daha çox mütəhərrik dövlət kimi görməyə başladı.
Qərbdə nüvə silahı olan Ukraynanı təhlükə mənbəyi kimi gördülər və nüvə silahını bu və digər dərəcədə Ukraynanın əlindən almaq istiqamətində işlər apardılar. Zakarpat rusinlər qədim slavyanlar deməkdir və bu qədim rusin mövzusu balkanlara qədər gedib çıxa bilərdi. Ona görə qısa müddət ərzində Qərbin Ukraynaya qarşı inteqrə olunmuş mövqeyi formalaşdı: Ukraynadan nüvə və raket silahlarını almaqla onu Rusiyanın əleyhinə gücləndirmək.
Əsasən bu istiqamət üzrə 1994-cü ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq-ATƏM-in (ATƏT o zaman belə adlanırdı) Budapeşt sammitində Qərbin 4 aparıcı dövləti və Rusiya nüvəsiz Ukrayna ilə bağlı razılığa gəldilər. Bu zaman Qərb dövlətləri Ukraynanın ərazi bütövlüyü, təhlükəsizliyinə və iqtisadi inkişafına təminat verdilər. Az keçməmiş Avropanın iqtisadi dəstək proqramları effektsiz hala çevrildi. Çünki Ukraynada korrupsiya mexanizmlərinin qarşısını almaq mümkün olmadı. Qərb Qara dənizi də Rusiyanın əlindən çıxarmaq istədi. Bu ciddi gərginlik yaratdı. Nəticədə, Rusiya ATƏM-in Budapeşt sammitində üzərinə Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı götürdüyü öhdəliyi unudaraq Qara dənizdəki limanları və Krımı işğal etdi, tərkib hissəsinə keçirdi.
Krım istilası və baş tutmayan danışıqlar
Rusiya Krımın 1955-ci ildə milliyyətcə ukraynalı olan Xruşov tərəfindən səhv olaraq Ukraynaya verildiyini əsas götürərək tərkib hissəsinə qaytarmağa başladı. Qərb Rusiyanın bu hərəkətini qəbul etmədi. Qərbdə Ukraynanın təkidi ilə təhlükəsizlik daha ciddi müzakirə obyektinə çevrildi. Ukraynanın təhlükəsizliyini hərbi təhlükəsizlik müstəvisinə çevirə bildi. Bu SSRİ dağıldıqdan sonra ilk belə böyük mütəşəkkillik idi.
I mərhələ Minsk danışıqları və o danışıqların reallaşma mexanizminin işə düşməməsi Ukrayna ətrafında baş verənlərdə birinci mərhələ hesab edilə bilər. Almaniya və Fransanın liderliyi ilə ABŞ-ın ümumi himayəsi altında Krım mövzusunda danışıqlar Belarusun, üçüncü slavyan dövlətinin paytaxtı Minsk şəhərində keçirildi. İki Minsk prosesi oldu. Sonuncu Minsk prosesi çox gərgin keçdi, 4 ölkənin – Almaniya, Fransa, Rusiya və Belarusun liderləri yuxusuz gecə keçirməli oldu. Bəlli oldu ki, hazırladıqları variantın altında Qərbin əli ilə Rusiyaya qarşı böyük aldatma variantı olub. Nəticədə, xüsusilə Krımın statusunun müəyyən olunması metodu ilə əldə olunan razılaşmalar reallaşmadı. Sonradan Rusiya Ukraynaya qarşı müharibəyə başladı və müharibə dövründə V.Putin iki dəfə Minsk proseslərini məhz Rusiyanı, şəxsən V.Putini aldatmaq üçün olduğunu etiraf etdi. O dövrdə V.Putinlə Almaniyanın kansleri A.Merkel arasında çox səmimi münasibət var idi.
Ukraynada əhali Putinin ordusunu gözləyirdi?
II mərhələ Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyata başlamasıdır. Rusiyada belə fikir var idi ki, Ukraynada əhalinin hamısı V.Putinin ordusunu gözləyir, SSRİ-nin qırmızı bayrağını qaldıracaq. Ona görə qısa müddət ərzində RF ordusu Kiyevə qədər gedib çatdı. Sonradan başa düşdü ki, V.Putinin xüsusi xidmət orqanlarının ona verdiyi məlumatlar başdan ayağa yalandır. V.Putin dərhal qoşununu Kiyevdən geri çağırdı. Bu gün artıq müharibə 3,5 ildir gedir. Nəinki Kiyevə çatmayıb, hətta Donetskin yarısını RF qoşunları ələ götürə bilməyiblər. Danışıqlarda RF bütövlükdə Donbasın onun tərkib hissəsi olmasına Ukraynanın razılıq verməsini tələb edir. Donbasda Rusiyaya qarşı müharibəyə hazırlaşmışdı, orda Rusiyanı qarşılamalı idi. Digər ərazilərə o qədər də diqqət verməmişdi.
Bu gün RF-in Xersonda, Sumı vilayətində, Xarkovda və s. uğurları Ukraynanın hazırlıqsızlığı ilə əlaqədardır. Rusiya ordusunun da Donbasda çox zəif irəliləməsinin səbəbi də Ukraynanın hazırlığıdır. Bu arada Kurska da hücum baş verdi. Bu ayrı bir mövzudur. Bəlkə də dünya tarixində tək Avrasiyanın deyil, dünyanın tarixi nöqteyi-nəzərindən qiymətlənririləcək mövzudur. Koreya Xalq Demokratik Respublikası Kurskda hərbi əməliyyatlar aparmaq üçün RF-dən icazə istədi və Rusiya bu icazəni verdi. KXDR Avropa qoşunlarına qarşı vuruşmaq vərdişi əldə etmək istəyirdi. Bu, Rusiya üçün səmt küləyi hesab oluna bilər.
Bu gün hərbi əməliyyatlar Rusiyanın üstünlüyü ilə gedir. Hətta Ukraynanın ən qızğın tərəfdarı olan Qərb siyasiləri də Ukraynanın müharibədəki vəziyyəti dəyişəcəyinə skeptik yanaşırlar.
ABŞ üçün böyük təhlükə nədir?
Son aylarda tənzimlənmədə əsas mübahisə Rusiya və Ukraynanın mövqeləri arasındakı fərqlərdir. Ukrayna 3 ay, bir ay müddətinə atəşkəs, Rusiya isə birbaşa sülh müqaviləsinin imzalanmasını tələb edir. Artıq bu mövzuda da D.Tramp vəziyyəti Rusiyanın xeyrinə dəyişdi. Atəşkəs rejiminə nisbətən D.Tramp sülh müqaviləsinin hazırlanmasını daha vacib hesab edir. Bu ola bilər ki, D.Trampın qabağında duran digər mövzularla əlaqəli olsun. Ola bilər Rusiya Hindistan-Çin-Rusiya üçbucağının yaranmasına imkan vermək istəmir. Bu ABŞ üçün böyük təhlükədir. ABŞ-ın Hindistana tətbiq etdiyi neft sanksiyası Çin, Rusiya və Hindistanı bir-birinə yaxınlaşdıran faktordur.
Çin Hindistan mövzusunda Rusiya ilə danışıq aparırdısa, indi artıq ÇXR-in Xİ naziri Hindistanda sərhəd mübahisələrini həll etmək üçün həmkarı, həm də Baş nazir N.Modi ilə danışıqlar apardı. Ola bilər İran mövzusu da D.Tramp üçün Ukrayna mövzusundan daha kəskin görünsün. D.Tramp və B.Netanyahu İran mövzusunu Rusiyasız həll edə bilməyəcəyi düşüncəsində olduğu kimi görünür. Bu amillər ABŞ-ın Rusiyaya ehtiyacını artırır.
Avropa üçün ciddi təhlükə...
III mərhələnin ərəfəsindəyik. Bu Ukrayna ilə bağlı sülh danışıqlarıdır və bu sahədə də dünyada görünməmiş presedent baş verdi. Aİ və NATO-rəhbərliyi, Avropanın aparıcı dövlətləri Vaşinqtonda ABŞ prezidenti D.Trampla görüşdülər. Bunu Ukrayna müşavirəsi adlandırmaq olar. Ondan əvvəl D.Tramp Ukraynanın prezidenti V.Zelenskini qəbul etdi, atmacalarından da bəlli olur ki, D.Tramp Ukraynanın atəşkəs variantına deyil, sülh müqaviləsi variantına razıdır. Avropalılar D.Trampla da görüşsələr də mövqelərindən əl çəkməyiblər. Ukrayna mövzusunda Avropanın mövqeyi ilə ABŞ-ın mövqeyində prinsipial fərqli olan mövzulardan biri müharibənin nəticələrinin fərqli görünməsidir.
Rusiyanın Ukraynada müharibəni davam etdirməsi ABŞ üçün deyil, Avropa üçün ciddi təhlükədir. Hətta proseslər nüvə müharibəsinə qədər inkişaf edə bilər. Avropa mövzuya strateji yanaşır və hesab edir ki, Avropa üçün Ukrayna müharibəsi Rusiyanı həddə salmaq üçün son şansdır. Rusiyaya qarşı bu şansı əlindən buraxsa indi olmasa da bir neçə ildən sonra yenidən hansısa bəhanə ilə müharibəyə başlayıb, müharibəni Avropanın ərazisində davam etdirə bilər. Ona görə Avropa hərbi qələbəni arxa plana keçirərək Rusiyanın gələcəkdə daha asan idarə olunan varianta keçməsini düşünür və bu istiqamətdə ciddi addımları var. Rusiya ilə Ukrayna arasında odlu müharibə ilə sakit, “ağ müharibəni”, demoqrafik müharibəni başlamaq və bunları uzlaşdırmaqdır. Bu kontekstdən avropalıların mövqelərinə inamlı olduğu görünür.
Rusiyanın MDB-də pozucu təsiri artır
RF-in MDB dövlətlərinə qarşı apardığı siyasət də avropalıların diqqət mərkəzindədir. Avropalılar bu gün ayrılıqda MDB dövlətlərini Rusiyadan ayırmaq və RF-ə qarşı qoymaq imkanında deyil. Belə strategiyaları var, o strategiya da reallaşır.
Qərb qüvvələri daha çox Rusiyanın özündə şəxsən paytaxt Moskvadadır. 1000 m3 düşən Qərbyönümlü siyasətçilərin və elita təmsilçilərinin hesablamalarını aparsaq, Moskvada Qərbə köçmək, yaşamaq, əməkdaşlıq etmək istəyənlərin sayı hədsiz çoxdur. Avropanın bu üçüncü istiqaməti, yəni MDB dövlətlərini Rusiyanın təsirindən çıxarmaqda görürlər.
Qərbin fikrincə, Ukrayna MDB-nin sabit üzvü olduğu dövrdə MDB daha güclü idi. Bu doğrudan da belədir və Ukraynanın MDB-də iştirakı azaldıqca RF-in MDB-də pozucu təsiri artır. Bu iki istiqamət Qərbin, xüsusilə Avropa siyasilərinin diqqət mərkəzindədir. Avropa liderlərinin D.Trampla Ukrayna müharibəsinə yanaşmasının kökündə iki konseptual prinsip dayanır.
Ehtimal ki, Rusiya artıq demoqrafik böhranı dayandıra bilməyəcək. Odlu müharibə demoqrafik prosesi sürətləndirə bilər. Ukrayna müharibəsi başlayarakən Qərb ukraynalıların Avropaya köçməsinə şərait yaratdı. Sadə ukraynalıların Qərb ərazisinə köçməsi müharibədən daha böyük sürətlə davam etdi. Əslində bu Qərbin ilk andan demoqrafik müharibəni nəzərə aldığının göstəricisi kimi ola bilər. Bəlkə də Qərb Ukraynada ölümlərin sayını azaltmaqdan ötrü, ukraynalıların bir qismini Rusiyanın təsiri altına düşməməsindən ötrü bunu etmişdi, nəticəsi özünü demoqrafik müharibədə göstərdi.
Ukrayna və ətrafında baş verənlərdə tənzimlənmə prosesinin gedişi və onun baş tutacağı məkan xüsusi əhəmiyyətə malik olmalıdır.
Qərb Ukrayna üzrə həm demoqrafik plan, həm də MDB-nin zəifləməsi istiqamətində siyasətini yürütməkdən ötrü mütləq Ukrayna ilə Rusiya arasında danışıqların Qərb məkanında baş verməsinə çalışacaq. Bu gün ortada olan bütün variantlar da Qərb modeli üzərindədir. MDB-nin adı çəkilmir. Əgər Rusiya Ukraynanı müttəfiqi olaraq qalmasını, bəzi tutduğu şəhərlərin yenidən Ukraynaya qayıtması şərti ilə Ukraynanı tənzimləmək istəyirsə (söhbət Xerson, Sumı, Xarkov, Odessanın ərazilərindən gedir) proses mütləq MDB məkanında getməlidir. Bu gün Ukrayna tənzimlənməsinin Qərb məkanında getməsi Rusiyanın həm də MDB məkanında aqressivliyinin artması fonunda baş verir. Son günlər V.Putinin hətta Özbəkistan prezidenti Ş.Mirziyoyevə də qarşı münasibəti soyuqlaşır. Bəlkə də Çin amilinə görə Qazaxıstanı daha ortaya qoyur. Azərbaycanla bağlı RF-in siyasəti anlaşılan deyil. Azərbaycana qarşı düşmənçilik üçün xüsusui hazırlıqlar aparılıbmış. Yekaterinburq hadisələri sadəcə flüktasiya noqtəsi oldu. Nələr var imiş. Bəlkə də RF-ə daxil olan pomidorlarımızı bir-bir sayan nazirlik, institut, mərkəz yaradıblar.
Korrupsiya, yoxsa teyblərarası münaqişə?!
Çox istərdim ki, şəxsən prezident V.Putin Dağıstanda, Şimali Qafqazda baş verən proseslərlə ciddi maraqlansın. Korrupsiya fonunda teyblərarası münaqişə başlayıb. Bu, Qafqazın birdən-birə nəinki Rusiyanın tərkibindən çıxmasını, Rusiya üçün çox böyük bəla olmasına aparan yoldur. Bunu V.Putindən başqa heç kəs həll edə bilməz. Vaxtilə Kremldə, Rusiyada söz sahibləri V.Putinə qubernator, regionlarda nazir və s. postlara namizədlər irəli sürürdü. İndi artıq V.Putin həmin adamları həbs etmək məcburiyyətindədir.
Ondan dəfələrlə təhlükəli proses bu gün Dağıstan və Şimali Qafqazda gedir. Əgər ora ciddi yoxlama göndərərsə Azərbaycan kontekstinin də birinci olmasa da 2-3-cü yerdə olacağını görəcək. Növbəti yazılarımdan birini bu mövzuya həsr edəcəyəm. Azərbaycan mövzusunda MDB kontekstindən digər mövzunu yada salmaq istəyirəm.
Bu, Belarus prezidenti A.Lukaşenkonun üstündə duran öhdəlikdir. A.Lukaşenko D.Trampla telefonla danışan ikinci MDB prezidentidir, birinci V.Putindir. Azərbaycan Prezidenti İ.Əliyev və ya ER Baş naziri N.Paşinyanla görüş əslində sülhə aid olan idi. Azərbaycan-ABŞ münasibətlərinə və ya ABŞ-Ermənistan münasibətlərinə aid olan mövzu deyildi. Qərblə əlaqələrə ən çox can atan ittifaq dövlətinin tərkib hissəsi olan Belarusdur. Rusiyada ərazi, etnik və bütün parametrlər üzrə ən yaxın olan dövlətdir.
A.Lukaşenko V.Putini hamıdan yaxşı tanıyır. Lukaşenkonun Putinə MDB üzrə məsləhətçi kimi çıxış etməsi daha vacibdir. Lukaşenko əyani V.Putinin kim olduğunu bilir. V.Putinin təzyiqinin ucbatından A.Lukaşenko Prezident İ.Əliyevdən 200 milyon dollar pul istəməyə məcbur oldu. Əlbəttə, Prezident İ.Əliyev bunu verdi. İndi də əgər Ukrayna qayıdacaqsa mütləq Belarusla yanaşı, Azərbaycan Prezidentinin də gedən inteqrativ proseslərdə rolu olmalıdır. Ukrayna ilə əlaqəli danışıqların MDB məkanında - Qazaxıstanda, Belarusda və ya Azərbaycanda keçirilməsinin dəxli yoxdur. Əsas MDB Ukrayna-Rusiya problemlərinin həllində, münasibətlərinin normallaşmasında MDB məkanı öncüllük etsin. Bu Rusiyaya və MDB-yə də çox faydalıdır.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 502 dəfə oxunub.